Klub xəbərləri
- 14.02.2012 / 0 şərh / 2276 -dəfə baxılıb
- Ötən qış “Xəzər Lənkəran”a transfer olunan və qısa müddətdə Uinston Parksla birgə komandanın aparıcı üzvünə çevrilən Julius Vobay məlum olmayan səbəblər üzündən cənub təmsilçisindən ayrıldı. Azərbaycanı tərk edib Misirə getsə də, onun yeni komandası – “Əl Məsri” ilə “Əl-Əhli” arasında qarşılaşmasında yerli azarkeşlərin meydana axışması faciə ilə nəticələnmiş, 80-ə yaxın insan dünyasını dəyişmişdi. Bundan sonra Vobay Misiri tərk etmək istəsə də hələ ki, Afrikada qalmağa davam edir.
Bununla bağlı futbolçunun meneceri Ana Mariya Prodan “Futbol+” qəzetinə danışıb: “Julius “Əl-Məsri” klubu ilə anlaşıb. Ancaq olaylardan sonra Afrikada yaşamaq istəmir. Rusiya premyer liqasında 3 klubla danışıq aparıram. Ola bilər Ukraynaya da getsin. Açığı Azərbaycan klublarından mənimlə əlaqə saxlayan olmayıb. O təmizliyi, düzgünlüyü sevən adamdı. Pulunu vaxtında ver, dediyin sözə əməl et, komanda üçün canını verər. “Xəzər-Lənkəran”da ilinə 350 min avro alırdı. Həmin məbləği hansı klub versə razılaşmaq olar. Sadəcə, lənkəranlılar sözünün üstündə durmaq istəmirdi. İngilis dilində yazılmış rəsmi müqavilə birilliyə nəzərdə tutulmuşdu. Həmin sənəd əlimdədi. Sonradan onlar Azərbaycan dilində hazırlanmış müqaviləni ortaya çıxardı. O kağız bizim nəyimizə lazımdı? UEFA və FİFA ingilis dilində olan anlaşmanı əsas tutur”.