Klub xəbərləri
- 08.03.2012 / 0 şərh / 2185 -dəfə baxılıb
- “Biz “Bakı” ilə oyuna yaxşı hazırlaşmışdıq. Ümumiyyətlə, bu matça köklənməyə ehtiyac yox idi. Çünki hər kəs öz üzərinə düşən məsuliyyəti dərk edirdi”. Bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Əmircanov deyib.
“Neftçi”nin səfərdə “Bakı”nı 3:1 hesabı ilə məğlub etdiyi görüşdə start heyətində meydançaya çıxan Ruslan həm də qazanılan qələbədə pay sahibi oldu. Belə ki, müdafiəçi cərimə zərbəsindən gözəl qola imza ataraq, “Neftçi”nin 3-cü qolunu vurdu. Halbuki, 18 nömrənin cərimə zərbəsini vuracağı gözlənilməz idi. Çünki “Neftçi”də bu zərbələri əsasən Rəşad Abdullayev yerinə yetirir. Rəşad və Ruslan məhz “Bakı”nın da buna aldanacağını bilib, hiyləyə əl atıblar: “Biz məşqlər zamanı Rəşadla birgə cərimə zərbələrini yerinə yetiririk. “Bakı” ilə matçdan öncə də Rəşada demişdim ki, belə epizodların birində mən zərbəni vuraram. Elə “Bakı” da düşünürdü ki, zərbəni Rəşad yerinə yetirəcək. Amma biz əvvəlcədən planlaşdırmışdıq ki, ənənəvi aldadıcı taktikadan istifadə edəcəyik. Sevinirəm ki, qol gözəl alındı və qələbədə pay sahibi oldum”.
Ruslan həm də qol vuran futbolçuları bir sözlə eyniləşdirib: “Qolları Ruslan Əmircanov, Rəşad Abdullayev və Ruslan Abışov vurduq. Necə deyərlər 3 “R” birləşib, “Bakı”nı üstələdik”.