Klub xəbərləri
- 12.03.2012 / 0 şərh / 1836 -dəfə baxılıb
- "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədovun müsahibəsi
- "İnter" matçı ilə bağlı nə deyə bilərsiniz?
- Əsas heyətdən dörd-beş futbolçumuz yox idi. “Neftçi” ilə oyunla müqayisədə, bir qədər canlanma vardı. Amma yenə də ideal deyildi. Oyunda da göründü ki, hücumda çatışmazlığımız var. Öz səhvimizdən rəqib qol vurdu. Zədəlilər sıraya qayıtdıqdan sonra hər şey qaydasına düşəcək.
- Aleksandr Starkovun istefa verməsi gözlənilməz oldu. Onun belə bir addım atmasına hazır idiz?
- İlk dövrənin sonuncu turunda “Xəzər Lənkəran”a məğlub olduq. İkinci dövrənin əvvəlində “Qarabağ”a da uduzduq. Starkov həmin oyun günü postunu tərk etmək istəyirdi. Sadəcə, biz ona yenə şans verdik. Hafiz müəllim Bakıda olmadığı üçün qərar verməyə tələsmədik. Gələndən sonra baş məşqçi ilə görüşdü. Onda baş məşqçi qərarını bildirdi. O, komandanın uğursuzluq zolağından çıxarmaq üçün belə addım atdı. Starkova gördüyü işlərə görə öz təşəkkürümüzü bildirdik. Xoşluqla ayrıldıq.
- Starkov klubdan təzminat tələb etmir ki?
- Xeyr. Gündəmdə belə bir məsələ yoxdu. O da “Bakı”da istənilən nəticəni göstərmədiyini başa düşür. Buna görə də təzminat istəmir.
- Yunis Hüseynovun adı “Bakı” ilə yanaşı hallanır. Onun baş məşqçi postuna gətirilməsi gözlənilir?
- Mövsümün sonuna qədər komandanı Novruz Əzimov çalışdıracaq. Heç bir məşqçiylə danışıqlar aparmamışıq. İndiki məqamda nə əcnəbi, nə də yerli məşqçi gətirmək fikrindəyik.
- Starkovun köməkçiləri də gedir?
- Xeyr. Onlar öz yerlərində qalırlar. Həmin məşqçilər Novruz Əzimova kömək edəcəklər.
- Bundan sonra klubun hədəfləri dəyişməyəcək ki?
- Çempionluq şansımız teoratik olaraq qalsa da, çox çətindi. Bəlkə də bizim üçün əlçatmazdı. Ölkə kubokunu qazanmaq şansımız isə var. Avroliqaya vəsiqə qazanmaq üçün mükafatlar uğurunda sona qədər mübarizə aparacağıq.
- Sizcə, yeni transferlər niyə özlərini doğrulda bilmir?
- Onların bəzilərindən razıyam. Digərləri isə hələ özlərini yaxşı tərəfdən göstərməyiblər. Komandaya yeni qoşulanlara da vaxt vermək lazımdı. Elə biri Koke. Çox səviyyəli futbolçudu. Amma artıq çəkidən əziyyət çəkir. Formaya düşəndən sonra özünü göstərəcək. Yeni gələnlərə də vaxt vermişik. Maya qədər.
- Uğursuzluğa görə futbolçulara xəbərdarlıq etmisiniz?
- Hamısına. Özləri də bunu yaxşı başa düşürlər. Mövsümün gedişində komanda məğlub da ola bilər, uda da. Mübarizə davam edir. Uğursuzuluğu faciəyə çevirməyə dəyməz. Ancaq futbolçular da dərk etməlidilər ki, “Bakı” iddialı klubdu. Hələ heç nə itirilməyib. Biz sona qədər mübarizə aparıb, istəyimizə çatmalıyıq. Gələcəyə nikbin baxırıq.
- Avrokuboklara vəsiqə qazansaz, baş məşqçi əcnəbi olacaq, yoxsa yerlilərdən biri?
- Vallah, onu hələ deyə bilmərəm. Avrokuboklara vəsiqə qazansaq, çalışacağıq ki, komandaya xeyir verən mütəxəssis gətirək. Belə fikrimiz olsa, 70 faiz əcnəbi gətirərik yəqin. İndiki halda bu məsələ gündəmdə deyil. Mövsümün sonuna qədər yeni məşqçi gətirmək haqda fikirləşmirik.