Klub xəbərləri
- 12.03.2012 / 0 şərh / 1830 -dəfə baxılıb
- “Matça ciddi hazırlaşmışdıq. Rəqib hazırda turnir cədvəlinə başçılıq edən “Neftçi” olduğundan komanda oyuna məsuliyyətli yanaşırdı və xüsusi köklənmişdi”. Bunu Azərbaycan milli komandasının və “Qəbələ”nin futbolçusu Mahir Şükürov “Neftçi” üzərində əldə etdikləri böyük hesablı qələbədən sonra klubun rəsmi saytına deyib.
Klubunun öhdəçiliyi və hədəflərinin olduğunu söyləyən 30 yaşlı müdafiəçi bildirib ki, buna çatmaq üçün bütün şanslardan istifadə etməli olduqlarını yaxşı başa düşürlər: “Qarşılaşmaya sürətli başladıq. Əlimizə düşən şanslardan da maksimum yararlandıq. Bizi dəstəkləyən bütün tamaşaçılara təşəkkürümü bildirirəm. Bu qələbəni klubumuzun azarkeşlərinə və rəhbərliyə həsr edirik”.
Şükürov iki gün sonra ölkə kubokunda, ardınca da Premyer Liqada “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin hər iki matçdan sərfəli nəticələr hədəflədiyini açıqlayıb: “Bu qələbədən sonra arxayınlaşmaq olmaz. Bizi kubok, ardından da Premyer Liqada “Qarabağa”la çətin oyunlar gözləyir. Qarşımıza hər iki oyundan sərfəli nəticələr əldə etməyi məqsəd qoymuşuq. İnanıram ki, məqsədimizə çatacağıq”.
Qeyd edək ki, Unibank Premyer Liqasının XXIII turunda “Qəbələ” “Neftçi”ni darmadağın edib – 4:1.