Klub xəbərləri
- 15.03.2012 / 0 şərh / 1836 -dəfə baxılıb
- “Kubok mücadiləsində səfərdə qol vurmaq çox vacibdi. Oyuna heç də pis başlamadıq. Amma matçın gedişində 2 dəfə geriyə düşdük. Son dəqiqələrdə vurduğumuz qol bizi cavab görüşünə bir qədər rahat getməyimizə şərait yaratdı”. Bu sözləri “Qarabağ”ın futbolçusu Muarem Muarem deyib.
Dünən “Qəbələ” ilə qarşılaşan “Qarabağ” səfər oyununda 2:2 hesablı şeç-heçəyə nail ola bildi. Son dəqiqələrə 1:2 hesab ilə geridə daxil olan Ağdam klubunu oyuna sonradan qoşulan Muarem Muarem xilas etdi. Bununla da Makedoniya millisinin yarımmüdafiəçisi “Qarabağ”da qol hesabını açdı.
Makedoniyalı futbolçu cavab oyununun daha çətin olacağını bildirib: “Bu o demək deyil ki, işimiz başa çatdı. Cavab oyunu daha çətin olacaq. “Qəbələ”nin olduqca sürətli hücum xətti var. Ona görə də sadəcə ilk hissə başa çatıb. Hələ cavab oyunu var”.
Muarem vurduğu qol barədə də danışıb: “Əslində demək olar ki, hər oyunda yaxşı imkanım olurdu. “Bakı” və “Kəpəz”lə oyunlarda fərqlənməyə borclu idim. Amma indi daha çətin məqamda qol vura bildim. Əsas mənim qol vurmağım deyil, komandanın başarılı olmasıdı. Təbii ki, qol vurmaq özünə əminlik gətirir”.
Futbolçu mövsümü titulla bitirmək istədiyini deyib: “Hər iki cəbhədə mücadiləmizi davam etdiririk. Ona görə də hamımız komandanın uğurlu olması üçün çalışırıq. Uyğunlaşma ilə bağlı deməzdim ki, problemim oldu. Heç bir çətinliyim olmadı. Türk olduğuma görə dili başa düşürəm. Mədəniyyətlə bağlı da yaxınlıq bəllidi. Həm də kollektivdə hamı bir-birinə kömək edir. İnşallah, bu birlik-bərabərliyimizi titul qazanmaqla qeyd etmək istəyirik. Üzərimizdə hər hansısa təzyiq yoxdu. Qurban müəllim bizə daim özümüzə inanmağı aşılayır. Hazırda yaxşı formadayıq. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çata biləcəyik”.