Klub xəbərləri
- 17.03.2012 / 0 şərh / 2065 -dəfə baxılıb
- “Xəzər Lənkəran” komandasının yeni baş məşqçisi Yunis Hüseynov komandanı təhvil alan kimi ilk növbədə Kamran Ağayevlə görüşüb. Yunis Hüseynov qapıçı ilə söhbətində ona azarkeşlərlə dil tapmağı məsləhət görüb.
Kamran Ağayevin güclü qapıçı olduğunu və komandanın da ona ehtiyacı olduğunu dilə gətirən Hüseynov bildirib ki, “Xəzər Lənkəran”ın azarkeşləri ilə münasibətləri əvvəlki çərçivəyə qaytara bilməyəcəyi təqdirdə, onunla yollar ayrıla bilər.
Eyni zamanda Kamran da Yunis Hüseynova böyük hörmət bəslədiyini bildirib. Qolkiper həmçinin etiraf edib ki, hadisələrin nəzarətdən çıxmasında onun da müəyyən səhvləri vardır. Bununla belə, Ağayev bəzi hadisələrin heç də yayıldığı kimi olmadığını və şişirdildiyini qeyd edib.
Söhbətin sonunda Kamran Ağayev söz verib ki, zədəli olmasına və həkimlərin ona meydana çıxmasına qadağa qoymalarına baxmayaraq növbəti qarşılaşmada lazım gələrsə hətta ağrı kəsici iynə gücünə belə olsa, oyunda iştirak edəcək. Beləcə Kamran Ağayev “Xəzər Lənkəran”da Yunis Hüseynovun başçılığında yaranan “yeni dövr”ün başlanmasında pay sahibi olmaq istəyini bildirib.