Klub xəbərləri
- 11.05.2012 / 0 şərh / 12476 -dəfə baxılıb
- Cari mövsüm ikinci "altılıq"da uğurlu çıxışı ilə diqqətləri özünə cəlb edən "Rəvan" komandanın aparıcı üzvləri ilə yeni müqavilə imzalayır. Komandanın kapitanı Miloç Zeçeviç qarşıdakı mövsüm də paytaxt təmsilçisinin formasını geyinəcək.
2009-cu ildə Kemal Alispahiçin göstərişi ilə "Muğan"a cəlb edilən serb müdafiəçi artıq iki ildən çoxdu Azərbaycanda top qovur: "Rəvan"da hər şey məni qane edir. Rəhbərlik mənə yeni müqavilə təklif etdi. Mən də razılaşdım. İldən-ilə daha güclü çıxış edirik. Qarşıdakı mövsüm nəhayət ki, ilk "altılıq"da oynamaq üçün mübarizə aparacağıq".
Zeçeviç "Rəvan"la yanaşı premyer-liqa klublarından birinin də onu rəsmən istədiyini deyib. Serb futbolçu həmin komandanın adını açıqlamasa da, yetərincə güclü heyətə malik olduğunu dilə gətirib: "Mən "Rəvan"dan ayrıla da bilərdim. Çünki Azərbaycanın iddialı klubundan mənə təklif gəldi. Amma getmədim. Halbuki onlar mənə daha çox pul təklif edirdilər. "Rəvan"da qalmağı çox istəyirdim. Komanda mənə doğmadı. Bizim qarşımızda məqsəd var. Ona görə də ayrılmaq istəmədim".