Klub xəbərləri
- 16.05.2012 / 0 şərh / 11971 -dəfə baxılıb
- "İnter" bürünc medalla kifayətləndiyi mövsümün ardından "təmizləmə əməliyyatı"nı davam etdirir. Girt Karlson, Enyo Krastovçev, Danildo Assioli və Bronislav Çervenkanı yola salan, "Simurq"da icarə əsasında çıxış edən Ruslan Poladovun geri qaytarılmasına lüzum görməyən paytaxt klubu daha 2 üzvü ilə vidalaşıb. Komandanın baş məşqçisi Kaxaber Tsxadadze gedənlərin siyahısına Xəyal Mustafayevlə Peter Xrappanı da əlavə edib. Bu futbolçuların da növbəti mövsümdən "bankirlər"in uğurları üçün çalışmayacağı artıq dəqiqləşib.
Yeri gəlmişkən, kapitan Vladimir Levinin də komandadan gedişi mümkündü. Millimizin üzvü klubla yeni müqavilənin şərtlərində razılığa gələ bilmir. Eyni zamanda Elnur Abdulovla Nizami Hacıyevin də "İnter"dəki aqibəti hələlik qaranlıq olaraq qalır.
"İnter"in baş meneceri Səbuhi Səfiyarlı açıqlamasında gürcülər - qapıçı Georgi Lomaya, müdafiəçi İlya Kandelaki və hücumçu Baçana Tsxadadze, habelə millimizə də cəlb olunan yarımmüdafiəçi Nizami Hacıyevlə hələlik rəsmi müqavilə imzalanmadığını deyib: "Müqaviləsi başa çatan həmin futbolçuları saxlamaq istəyirik. Artıq vətənlərində olan hər 3 gürcüstanlı ilə ilkin razılıq əldə olunub. Ancaq bu, hələ rəsmi müqavilədə öz əksini tapmayıb. Nizami ilə hələ razılığa gəlməmişik. Hücumçular - polşalı Tales Şützlə gürcü Georgi Adamiyanın məsələsi isə hələ açıq qalır".