Klub xəbərləri
- 08.02.2012 / 0 şərh / 1740 -dəfə baxılıb
- “Ansi Aqollinin transfer hüququ bizdədir. Onu icarəyə götürməmişik ki, geri qaytarsınlar”. Bunu Ağdamın “Qarabağ” futbol klubunun baş direktoru Əmrah Çelikəl deyib.
Ukraynanın “football.sport.ua” saytı qış fasiləsində yerli klubların transferləri barədə siyahı dərc edib. Həmin siyahıda albaniyalı yarımmüdafiəçi Ansi Aqollinin “Krivbass”a qaytarıldığı əks olunub. Belə anlaşılır ki, Aqolli indiyədək “Qarabağ”da icarədə olub və qışda Krivoy-Roq təmsilçisi onu geri qaytarmağa qərar verib. Lakin Çelikəl 30 yaşlı oyunçunu 2010-cu ilin yayında “Krivbass”dan birdəfəlik transfer etdiklərini söyləyib: “Aqolli bizim futbolçudur. Onun “Qarabağ”la müqaviləsi var. Özü də komandamızdan heç yerə getmək fikrində deyil”.
Aqolli ilə müqaviləni göstərməyə hazır olduğunu deyən “Qarabağ” rəsmisi bildirib ki, “Krivbass” rəhbərliyindən heç kim futbolçunu geri qaytarmaq istəməsi barədə müraciət etməyib: “Bunu ilk dəfədir ki, sizdən eşidirəm”.
Qeyd edək ki, Albaniya milli komandasında da forma geyinən Ansi Aqolli hazırda “Qarabağ”ın aparıcı futbolçularındandır.