Klub xəbərləri
- 08.02.2012 / 0 şərh / 2231 -dəfə baxılıb
- Premyer Liqanın debütantı “Sumqayıt”ın prezidenti Kamran Quliyevin müsahibəsi
“Raab elə insandır ki, ona verilən materialla işləməyə hazırdır”
- Kamran müəllim, klubunuzun qış hazırlığından razı qaldınızmı?
- Bu toplanış çox vacib idi. Bilirsiniz ki, bizim burada istədiyimiz şərait hələlik yoxdur. Bundan başqa, qış aylarında Azərbaycanda yoxlama görüşü keçirmək üçün normal rəqib tapmaq da çox çətindir. Bu mənada Antalya toplanışı həm bizim, həm də uşaqların ürəyincə oldu. Çünki onlar da qarşılarına qoyan məqsədə çatdılar, öz üzərlərində işləyib daha da artırdılar. Bundan başqa, yeni futbolçuları da sınaqdan çıxardıq. Yekunda Yasin Abbasovu, Tərlan Quliyevi, Uğur Pamuku və Ruslan Məcidovu heyətimizə qatdıq. Toplanış ərzində 4 yoxlama görüşü keçirdik. Təbii ki, yoxlama görüşlərinin nəticələri o qədər də önəmli deyildi və komanda oraya sadəcə, məşq üçün gedib. Amma yenə də nəticələrdən o qədər narazı deyilik. Bir şeyi də xüsusi vurğulayım ki, toplanış vaxtı iki önəmli addım atdıq. Birincisi, laktat testi idi, ikincisi isə Almaniyadan tanınmış fiziki hazırlıq üzrə məşqçi Ralf Ormanı klubumuza dəvət etdik. Hesab edirəm ki, Antalyada keçilən fiziki hazırlığın bəhrəsini növbəti 5 ayda görəcəyik.
- Komandanızın qış fasiləsindən sonrakı potensialını necə görürsünüz? Maksimum neçənci pilləyə ümid edə bilərsiniz?
- Əsas məqsəd təbii ki, Premyer Liqadakı yerimizi qorumaqdır. Son vaxtlar söz-söhbətlər gəzir ki, guya bu komandanı elitada saxlamaq istəyirlər. Bəli, vətəndaş kimi mən istəyərəm “Sumqayıt” Premyer Liqada qalsın. Bir klub prezidenti kimi də komandanın qarşısında bu məqsədi qoymuşam. Özü də heç bir köməklik, tanışlıq, dostluq əsasında yox. Öz gücümüz sayəsində çalışmalıyıq. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqada qalaq. Bir sözlə, həm potensialımız, həm də ümidlərimiz var. Ümidimiz var ki, 10-cu, 9-cu yox, hətta 7-ci yer uğrunda da mübarizə aparaq. Qarşıda hələ 14 oyun var və çox şey dəyişə bilər.
- Klub prezidenti kimi, baş məşqçi Bernard Raabın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Yaxşı olardı ki, bu sualı mənimlə bərabər, futbolçulara da verəsiniz. Yaxşı ki, onun rəhbərliyi altında nəticələri ilin sonuna doğru qazanmağa başladıq. Çempionata uğurlu başlayıb, sonra tədricən geriləyə də bilərdik. Bu daha pis olardı. Çempionata pis başlayıb, sonradan oyunumuzu yaxşılaşdırıb, nəticələr qazanmaq daha yaxşıdır. Bu isə dəyişikliyin nəticəsi idi. Çünki çempionatın əvvəli ilə ilin sonunda futbolçuların oyunları tamam fərqli idi ki, burada da baş məşqçinin işi xüsusi qeyd olunmalıdır. Bizim klubda xeç vaxt baş məşqçinin işinə müdaxilə olmayıb. Görünür, o adam futbolu düzgün anlayır ki, bu dəyişiklikləri edib, sonradan nəticə qazanmağa başladı. Təbii ki, Azərbaycana gələndə ona vaxt verilmişdi ki, ölkəmizi, mentalitetimizi tanısın. Bundan başqa, yeni klub qururduq, müxtəlif klublardan, bölgələrdən gənc futbolçuları heyətimizə cəlb etdik. Onların hərəsi ayrı-ayrı bölgələrdən olduqları üçün uyğunlaşmağa vaxt lazım idi. İlk ciddi uğurumuz “Qarabağ”a qarşı oldu, sonra onları məğlub da etdik. Artıq hiss olunurdu ki, baş məşqçi futbolçularını tanıyır. Bilirsiniz, Raab elə insandır ki, ona verilən materialla işləməyə hazırdır. Heç vaxt gəlib rəhbərliyə demir ki, filan oyunçu mənim xoşuma gəlmir, yaxud bu oyunçunu almaq lazımdır. Klubun başqa məqsədi var. Bizdəki uşaqların hamısı milliyə düşən futbolçulardır. U-19-un kapitanı bizim klubda oynayır, bir neçə oyunçumuz U-21-də U-17-də çıxış edir. Biz rəhbərlik olaraq Raabın işindən razıyıq. Amma yenə də siz futbolçulardan soruşun. Mən elə düşünürəm ki, futbolçular da ondan razıdırlar.
“Mənim AFFA ilə yaxınlığımı vurğulamaq düzgün deyil”
- Klub yayda fəaliyyətə başlayanda strategiyası məlum idi: yerli gənclərin üzə çıxarılması. Artıq 9-10 ay vaxt keçib. Sizcə strategiya özünü doğrultdumu?
- Biz bu komandanı quranda, hazırda heyətdə yer alan futbolçulardan yalnız biri milliyə çağırılırdı, o da Andrey Popoviç idi. Popoviç də 3-cü qapıçı idi. Ancaq o, artıq start heyətində çıxış etməyə başlayıb. Bundan başqa, Bədavi Hüseynov da artıq əsas milliyə çağırılır. Son seleksiya xarakterli məşqlərə isə daha iki futbolçu dəvət alıb. Əgər nəzərə alsaq ki, bizim strategiyamız milliyə oyunçu yetişdirmək idi, o zaman işimizin öhdəsindən gəldiyimizi demək olar. Digər məqsədimiz Sumqayıtda yenidən futbolu bərpa etmək idi. Çünki burada həmişə güclü futbolçular, məşqçilər yetişib. Strategiya davam edir. Bir də maraqlıdır ki, qış “transfer pəncərəsi” zamanı hətta iddialı klubların gənc futbolçuları bizim komandaya keçməyə, hətta əvəzedici heyətdə də oynamağa can atırdılar. Çünki onların burada əsas heyətdə oynamaq şansları daha çoxdur, nəinki iddialı klublarda. Bu mənada deyə bilərəm ki, son vaxtlar gənclər arasında “Sumqayıt” klubuna maraq artır. Necə deyərlər, hamı “Sumqayıt”da oynamağa can atır.
- Bəzi söz-söhbətlər yayılır. Yəqin sizin də qulağınıza gəlib çatır ki, “Sumqayıt”ı AFFA-ya yaxın klub kimi qələmə verənlər var. Ancaq maraqlıdır ki, Premyer Liqanın geridə qalan 18 turu ərzində “İnter”, “Simurq”, “Rəvan”, “Qəbələ” və “Turan”la oyunlarda məhz kobud hakim səhvləri ilə üzləşmisiniz. Bu məsələyə münasibətiniz necədir?
- Bilirsiniz, yaxınlıq çox süni sözdür. Mənim AFFA ilə yaxınlığımı vurğulamaq düzgün deyil. Çünki mən nə İcraiyyə Komitəsinin üzvüyəm, nə də AFFA-da hansısa başqa vəzifə tuturam. Məsələn, hörmətli Hafiz müəllim və Cahangir müəllim (“Bakı”nın prezidenti Hafiz Məmmədov və “İnter”in sahibi Cahangir Hacıyev nəzərdə tutulur - red.) İcraiyyə Komitəsinin üzvləridir. Bu gün onların Azərbaycan futbolunda gördükləri iş Kamran Quliyevin gördüyü işdən çoxdur. Etiraf edək ki, futbola böyük sərmayə qoyurlar. Ona görə də gəlin bu yaxınlıq söhbətini etməyək. Azərbaycan 200-300 milyonluq ölkə deyil axı. Burada hamımız bir-birimizi tanıyırıq, tez-tez görüşürük. Düzdür, mən AFFA-da işləmişəm, Elxan Məmmədov kimi rəhbərim olub. Amma bu o demək deyil ki, bu gün burada otura-otura AFFA-nın işini görürəm, yaxud AFFA mənə tapşırıqlar verir. Xeyr, bu olmayıb və olmayacaq da. O ki qaldı sualınızın ikinci hissəsinə, bu, elə bil mənim cavabımdır. Əgər doğrudan da AFFA bizə kömək edirsə, dediyiniz oyunlarda bu qurumun əli olardı. Necə ki, digər klublar hakimlərin səhvlərindən əziyyət çəkirlər, biz də əziyyət çəkirik. Bununla bağlı Ramin müəllimlə də görüşüm olub, Xaqani müəllimlə də (Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov nəzərdə tutulur - red.) “Rəvan”, “İnter” və “Turan”la oyunlarda açıq-aşkar bizə qarşı hakim səhvləri oldu. “Qəbələ” ilə görüşü xüsusi qeyd edərdim. Orada hesab 1:1 olarkən qapıçımıza aşkar hücum olunur və hakimin böyük səhvindən sonra qol buraxırıq. Özü də fikir verirəm, bizim oyunlarımızı gənc hakimlər idarə edirlər. Demək istədiyim odur ki, bizim futbolçular da gəncdirlər, onlar da səhv edirlər. Eyni səhvi hakimlər də edirlər. Bizim kimi, hakimlər komitəsi də gənc nəsil yetişdirir. Əgər edilən səhv qərəzlidirsə, bu başqa məsələ. Yox, qərəz yoxdursa, onlar da Azərbaycan vətəndaşlarıdır, onları da bağışlamaq olar. Düzdür, belə bir söz var ki, cərrahın səhv etməyə ixtiyarı yoxdur. Bununla belə, hakimləri də anlamaq lazımdır. Onlar da öz peşəkarlıqlarını artıra-artıra səhvə yol verə bilərlər. Sadəcə, mənim müraciətim odur ki, təkcə bizə yox, bütün klublara qarşı obyektiv olsunlar.
- Sumqayıtda yeni gənclərin üzə çıxması yolunda hansı işlər gedir?
- Ölkə prezidenti cənab İlham Əliyev 2012-ci ili “İdman ili” elan etdiyi günün səhərisi biz Sumqayıtda 32 məktəbin iştirakı ilə olimpiya sistemi üzrə turnirə start verdik. Yəni seleksiyanı Sumqayıtda aparacağıq. Məqsədimiz odur ki sumqayıtlılara imkan verək oynasınlar. Məşqçilərə də deyirəm ki, əgər hansısa mövqedə sumqayıtlı futbolçu digər şəhərin nümayəndəsindən zəifdirsə, o zaman seçim haqda düşünün. Yox, əgər eyni gücdədirlərsə, mütləq üstünlüyü sumqayıtlı uşağa verin.
“Sumqayıta gələndən səhhətimdəki problemlər azalıb”
- Stadionun yenidənqurulması ilə bağlı işlər nə yerdədir?
- Biz “Azərikimya”nın balansındayıq. Bu şirkət bizim sponsorumuzdur. O işi də öz üzərinə götürən neft şirkətidir. Mən şəxsən o struktura daxil olmadığım üçün ola bilər bəzi məlumatları gec alıram. Əsas istək odur ki, stadion şəhərin simvollarından biri olsun. Ona görə də layihələnmə prosesi 1-2 günün işi deyil. İstəyirik sumqayıtlıları tezliklə sevindirək. İnanıram ki, yaxın iki ildə stadionumuz da olacaq, bazamız da. İlk planımıza görə, əsas stadiondan başqa bazamızın ərazisində bir təbii, iki süni örtüklü meydança, həmçinin futbolçuların qalması üçün otel də tikiləcək. Əsas meydança təbii örtüklü olacaq, özü də ən yüksək səviyyədə. Bundan başqa, düşünürük ki, ehtiyat meydançaların da tribunaları olsun. Yüngül atletika yaddan çıxarılmayacaq. Bir kəlmə ilə deyim ki, çox möhtəşəm bir layihə olacaq. “Sumqayıt” 1-2 ilin yox, gələcəyin klubudur.
- Bir məsələ də var ki, hazırkı heyətin 70-80%-i icarə əsasında oynayır və həmin futbolçular mövsüm başa çatan kimi, öz klublarına qayıdacaqlar. Bu sizi narahat etmir?
- Əlbəttə narahat edir. Ancaq bizim çempionat öncəsi cəmi 15 gün vaxtımız oldu. Tez bir araya gəlib Avstriyaya təlim-məşq toplanışına yollandıq. Amma indidən gələn mövsümün heyətini qururuq. Ən azı çalışırıq gələn mövsümdə heç olmasa, 60% öz futbolçularımız olsun. Qapıçı Ruslan Məcidovu da saysaq, artıq 3 futbolçu ilə müqavilə bağlamışıq. Bizimlə müqaviləsi olan digər gənclərin də növbəti mövsümə kimi, tam hazır olacaqlarını düşünürəm.
- Sumqayıtlı azarkeşlərlə münasibətlər necə qurulub, onların dəstəyi sizi qane edirmi?
- Baş məşqçi və futbolçular kimi, bizə də vaxt vermək lazım idi ki, yerli ab-havanı öyrənək. İlk turlarda sumqayıtlıların necə azarkeş olduqlarını gördüm. Ancaq görünür, nəticələrin zəif olması ilə əlaqədər sonradan həmin azarkeşlərin çoxunu stadionda görmədik. Son oyunlarda isə, ümumiyyətlə, azarkeş görmədik. Halbuki, ilk vaxtlarda hətta əvəzedici heyətimizin oyunlarına da azarkeş gəlirdi. Məncə, nəticədən asılı olmayaraq, azarkeş istənilən halda komandasının yanında olmalı, onu dəstəkləməlidir. Düzdür, arada oyunlar həftə içi, iş gününə təsadüf edir. Biz də çox istərdik ki, infrastruktur lazımi səviyyədə olduqdan sonra bütün oyunlar axşam saatlarında keçirilsin. Gələn mövsüm üçün kifayət qədər klubun simvolları, aksesuarları alınacaq, bəziləri satışda olacaq, bəziləri fanatlara paylanacaq. Sumqayıt futbol azarkeşləri arasında tanınan, bu sahədə təcrübəsi olan Sənan Mirzəyevi artıq fan-kluba sədr təyin etmişik. Üzümü azarkeşlərə tutaraq demək istəyirəm ki, bu klub mənim yox, bir başqasının yox, Sumqayıtın klubudur. Qoy gəlsinlər, fan-klubumuzun üzvü olsunlar.
- Sonuncu sualım. Özünüzü Sumqayıtda necə hiss edirsiniz?
- Əla. İlk növbədə deyim ki, mənim üçün Sumqayıtın iqlimi Bakının iqlimindən təmizdir. Məsələn, mən buraya gələndən sonra səhhətimdə problemlər azalıb (gülür). Ən böyük üstünlük yolların geniş, açıq olmasıdır. Baxmayaraq ki, Bakı mənim doğma şəhərimdir, həmişə ürəyimdə olub və olacaq, ancaq Sumqayıt da artıq həmin ürəkdə yer alıb. Çünki tıxaclar yoxdur, stress azdır. İşlədiyimiz yerdən əsas yollara çıxmaq 2-3 dəqiqə vaxt aparır. Ofisimizin qərarlaşdığı yeri də bəyənirəm, çünki dənizin kənarındadır. Sumqayıt çox gözəl və potensialı böyük olan şəhərdir.