Klub xəbərləri
- 08.02.2012 / 0 şərh / 1782 -dəfə baxılıb
“Turan” klubunda yenə Əsgər Abdullayev dönəmi gedir. Musa Süleymanovun dəvəti ilə Tovuz klubuna rəhbərlik etməyə gələn təcrübəli mütəxəssis yeni rəhbərliklə də əməkdaşlıq edəcək. Amma əvvəlcədən bu gözlənilmirdi. Çünki komandanı himayəsinə götürən icra başçısı Tofiq Zeynalovun tapşırığı ilə kollektiv yerli və gənc mütəxəssis Rasim Əliyevə həvalə olunmuşdu. Amma bildindiyi kimi, hadisələr başqa yöndə cərəyan etdi və Əsgər Abdullayev karyerasında ilk bölgə klubu olan “Turan”dan ayrılmadı.
Artıq Abdullayev komandaya rəhbərlik etməyə başlamaqla yanaşı, həm də köhnə qvardiyanı da ətrafına toplamağa başlayıb. Məsələ ilə bağlı açıqlama verən mütəxəssis artıq 3 futbolçunu geri qaytardığını dedi: “Ayxan Abbasov, Aftandil Hacıyev və Nadir Nəbiyev artıq komandaya cəlb olunublar. Xəyal Qarayev, Asəf Qədiri də bizimlə məşq edirlər. Əlbəttə ki, transfer çalışmalarımız davam edir. Yaxın vaxtlarda komandaya yeni oyunçular da cəlb edəcəyik. İnanırıq ki, komandanı yaxşı formaya gətirə biləcəyik”.