Klub xəbərləri
- 13.02.2012 / 0 şərh / 1976 -dəfə baxılıb
- “Qəbələ”nin qapıçısı Pavels Doroşevin müsahibəsi
- Pavel, hazırlıq necə gedir, hava şəraiti məşqlərinizə mane olmur ki?
- Prinsipcə, qışı hiss etmirik. Çünki Qəbələdə istənilən hava şəraitində məşq etmək üçün əla imkanımız var. Qarlı günlərdə məşqləri üstüörtülü manejdə keçirik. Hər şey yaxşı gedir, komandada əhvali-ruhiyyə də yüksək səviyyədədir. Bir sözlə, heç bir problem yoxdur.
- O zaman, demək olarmı ki, “Qəbələ” çempionatın ikinci mərhələsinə tam hazırdır?
- Yox, heç kim deyə bilməz ki, 100% hazırdır. Sadəcə, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk, yaxşı şəraitdə məşq edirik, hamının əhvali-ruhiyyəsi yerindədir. Nəticələr necə olacaq, bunu çempionat göstərəcək.
- Antalya toplanışı necə keçdi?
- Super. Tək kəlmə ilə bunu deyə bilərəm. Düzdür, çətin oldu. Çünki ağır məşqlər keçdik. Ancaq əsas odur ki, hər şey plan üzrə getdi.
- Komandanızın geridə qalan 18 turdakı nəticələrini necə qiymətləndirirsən? Mövsüm öncəsi çoxları sizin çempionluq uğrunda mübarizə aparacağınızı düşünürdülər. Çempionata pis də başlamadınız. Lakin sonradan eniş yaşandı və çox vacib xallar itirərək, 6-cı pilləyə yuvarlandınız. Bunun səbəbini nədə görürsən?
- Səbəbi çox pis oynamağımızdadır. Çox xal itkilərinə yol verdik. Bəli, yaxşı başladıq, liderlər qrupunda yer almışdıq. Lakin sonradan 4-5 oyun ard-arda xallar itirdik, məğlub olduq və yekunda qış fasiləsinə 6-cı pillədə yollandıq. Hətta ilk “altılıq”da yer almamağımız da mümkün idi. Yaxşı ki, son turlarda toparlanıb bu mövqeyi əlimizdə saxlaya bildik.
- Çempionatın fasilədən sonrakı hissəsi haqqında nə düşünürsən? Çempionluq çətin görünür. Heç olmasa, ilk “üçlüy”ə düşə biləcəksinizmi?
- Əvvəlcə ilk “altılığ”a düşmək lazımdır. Bunun öhdəsindən gələndən sonra ilk “üçlük” barədə düşünmək olar.
- Yəni düşünürsən ki, ilk “altılığ”a düşə bilməzsiniz?
- Söhbət bundan getmir. Sadəcə, biz ilk növbədə qarşıdan gələn oyun haqqında düşünürük. Məsələn, qarşıdan “Simurq”la oyun gəlir. Odur ki, hazırda bütün fikrimiz bu oyuna yönəlib və yalnız bu qarşılaşmanı düşünürük. “Simurq”la oyundan sonra növbəti matç haqda düşünəcəyik.
- İlk dövrədə evdə “Simurq”a məğlub oldunuz. Bu dəfə səfərə yollanırsınız. Rəqib iddialı olmasa da, möhkəm komandadır...
- “Simurq”da baş məşqçi faktoru çox şeydən xəbər verir. Sergey Yuran sözünü demiş futbolçudur və məşqçi kimi də çox bacarıqlıdır. Çox yaxşı komanda qurub və bizi çətin oyun gözləyir. Ümumiyyətlə, “Simurq”da təcrübəli və gənc futbolçuların vəhdəti qurulub. Çox möhkəm komandadır. O ki qaldı ilk dövrədəki məğlubiyyətə, şəxsən mənim fikrimcə, həmin oyunu daha çox biz uduzduq, nəinki “Simurq” uddu. Təbii ki, bu sözümlə “Simurq”un qələbəsinə kölgə salmaq fikrində deyiləm. Qətiyyən. Onlar layiqli mübarizə apardılar. Lakin biz çox pis oynamışdıq. Xeyli imkanlarımız olsa da, onlardan istifadə edə bilmədik. Yekunda isə meydançanı məğlub tərk etdik. Bu dəfə çalışacağıq qələbə qazanaq.
- Amma çempionluq çətin mümkün ola. Çünki çox xal itirmisiniz...
- Axı təkcə çempionluq barədə düşünməməliyik. Bizim qarşımıza avrokuboklara vəsiqə məqsədi qoyulub. Bunun üçün isə şansımız davam edir.
- Eyni zamanda kubok uğrunda da mübarizə aparırsınız. Turnir cədvəlinə nəzər salsaq, çempionatdakı şansınızın daha az olduğunu görərik, nəinki kubokda...
- Şans hər zaman var. Bəli, kubokda da mübarizəmizi davam etdiririk. Amma indidən demək olmaz ki, əsas fikrimizi çempionata yönəltməliyik, yoxsa kuboka. Qarşıda hələ ilkin mərhələnin 4 oyunu var. Əgər bu oyunlardan sonra ilk “altılığ”a düşə bilsək, o zaman iki cəbhədə mübarizə aparacağıq. Yox, əgər düşə bilməsək, artıq bütün diqqətimizi kuboka yönəldəcəyik.
- İndiyə qədər itirdiyiniz xallarda Toni Adamsı günahlandıranlar az deyildi. Böyük əksəriyyət deyir ki, Adams yaxşı insan olsa da, məşqçi kimi elə də bacarıqlı deyil...
- Mən bu suala cavab vermək istəmirəm.
- Bəs Fatih Kavlak haqda nə deyə bilərsən? Onunla Adamsın məşq prosesi arasında hansı fərqlər var?
- Fərq istənilən halda olmalıdır. Çünki hər məşqçinin öz dəst-xətti var. Kavlakla münasibətimiz yaxşıdır, onun keçdiyi məşqlərdən də razıyıq. Bir sözlə, baş məşqçimizlə aramızda heç bir problem yoxdur.
- Səhv etmirəmsə, karyeran ərzində heç bir məşqçi ilə problem yaşamamısan. Aleksandr Starkov istisna olmaqla...
- Mənim Starkovla da heç bir problemim olmayıb. Bilirsiniz, məşqçinin öz yeri var, futbolçunun öz yeri. Baş məşqçi istənilən halda haqlıdır. Çünki baş məşqçi odur və komandaya hansı futbolçunu dəvət etmək də məhz onun səlahiyyətindədir.
- Qəbələdə özünü necə hiss edirsən? Hər halda, artıq üçüncü ildir ki, buradasan.
- Mövsümlə götürsək, bu, mənim “Qəbələ”dəki dördüncü mövsümümdür. Hər şey ürəyimcədir.
- Bu, “Qəbələ” klubu ilə bağlı fikirlərindir. Bəs şəhər? Burada yaşam tərzin, insanlarla münasibət və s...
- İstənilən futbolçudan bu haqda soruşsanız, heç biri deməz ki, regionda yaşamaq istəyirəm. Təbii ki, bölgənin öz çətinlikləri var. Ancaq insanlarla münasibətimiz yaxşıdır, azarkeşlər tərəfindən komandaya maraq və dəstək var. Bir də biz peşəkar futbolçularıq. Buraya istirahətə yox, futbol oynamağa gəlmişik. Mənim üçün ilk növbədə komandada yaradılan şəraitdir ki, bu mənada da “Qəbələ”də hər şey ürəyimcədir.
- Azsaylı futbolçulardansan ki, mətbuatla münasibətin çox yaxşıdır. Telefonun bütün hallarda jurnalistlərin üzünə açıqdır. Bu, futbolçu kimi peşəkarlığından irəli gəlir, yoxsa insan kimi xarakterindən?
- Mənim jurnalistlərlə münasibətim həmişə yaxşı olub. Ümumiyyətlə, insanlarla münasibətim yaxşıdır. Bu da xarakterimdən irəli gəlir. Meydançada fərqli insan ola bilərəm. Çünki oyun vaxtı tamam başqa ab-havaya köklənirsən, aqressiv, əsəbi ola bilərsən. Ancaq oyundan sonra yenə əvvəlki Doroşevs oluram.