Klub xəbərləri
- 13.02.2012 / 0 şərh / 1842 -dəfə baxılıb
- Vaxtilə heyətində azərbaycanlı futbolçuya rast gəlmədiyimiz “İnter” yavaş-yavaş doğru yolu tapıb. Lazımsız Valentin Belkeviç, İon Testimitianudan sonra komanda başa düşdü ki, yerli futbolçulara güvənmək lazımdır. Bu məsələdə baş məşqçi işi də az rol oynamadı. Açıq-aşkar yerli futbolçulara oynamaq imkanı verməyən ukraynalı Valentin Xodukini Kaxaber Tsxadadze əvəzləyəndən sonra vəziyyət bir qədər də olsa, müsbətə doğru dəyişdi. Bu faktdır ki, Kaxaber Tsxadadze öz həmyerlilərini - Georgi Lomaya, İlia Kandelaki, Kaxaber Mjavanadze, David Odikadze, Baçana Tsxadadze, Valeri Abramidzeni komandaya cəlb etdi. Amma heyətdə Samir Zərgərov, Nizami Hacıyev, Asif Məmmədov, Asif Mirili, Elnur Abdulov kimi oyunçulara da rast gəlirik. Xodukinin dönəmində isə oynasa-oynasa, bir Samir Abasov kapitan sarğısı ilə meydançaya çıxırdı...
“İnter”də mövcud dəyişiklikdən sonra ən çox inkişaf edənlərdən biri də şübhəsiz ki, Samir Zərgərovdur. O turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan komandanın hazırlığı ilə yanaşı, Tsxadadze barədə də fikirlərini bölüşdü: “Antalyadakı hazırlığımız yüksək səviyyədə keçdi. Komandada, demək olar ki, problem olmadı. Əlbəttə ki, keçirilən yoxlama görüşləri bizə çox şey qazandırdı. Hamıya məlumdur ki, yoxlama oyununda əsas məqsəd komandanı çempionata hazırlamaqdır. Biz də sırf bunun üçün çalışdıq”.
Zərgərov məhdud heyətlə uğur qazanmalarının sirrinə də toxundu: “Düşünrəm ki, Kaxaber Tsxadadzenin uğurunun əsas səbəbi onun ciddiliyidir. Tsxadadze məşqlərdə özünü elə aparır ki, hamı onun dediyini yerinə yetirir. O “Şəfa”da necədirsə, bu arenadan kənarda da elədir. Türkiyəyə gedəndə də ciddiliyini pozmur. Ondan çox şey öyrənmək olar”.
Qeyd edək ki, Kaxaber Tsxadadze “İnter”ə ölkə çempionluğu ilə yanaşı, “Birlik kuboku”nu da qazandırıb. Samir isə bu titullar qazanılan zaman heyətdə yer almayıb.