Klub xəbərləri
- 14.02.2012 / 0 şərh / 2292 -dəfə baxılıb
- "Xəzər Lənkəran"dan yeni transferə 400 min dollar. "Xəzər Lənkəran" yeni futbolçunun transferinə bu məbləğdə vəsait xərcləməli olub. Söhbət Kosta-Rika millisinin hücumçusu Rendal Brenesdən gedir. Futbolçu klubla 2 il müddətinə müqavilə bağlayıb.
Xarici mətbuatın xəbərində "Xəzər Lənkəran"ın forvardın transferinə ümumilikdə 400 min dollar xərclədiyi bildirilib.
Azərbaycan klubu ilk növbədə Kosta-Rikanın "Kartagines" komandasına 100 min ödəyib. Futbolçunun 2 illik müqaviləsinin dəyəri 300 min dollar təşkil edir. Bundan əlavə, Brenes keçmiş klubu ilə 3 aylıq müqavilə müddətinə görə hər ay üçün 3 min dollar verməli olacaq.
"Bu transfer maddi baxımdan bizim üçün çox faydalı oldu" - deyə, "Kartagines"in vitse-prezidenti Valter Akuna bildirib.
Rendal Brenesin "Xəzər Lənkəran"da "Kartagines"dən 10 dəfə artıq qazanc əldə edəcəyi haqda da məlumat yayılıb.
Qeyd edək ki, 28 yaşlı Rendal Brenes Moya karyerası ərzində ölkəsində və həmçinin Norveç çempionatında çıxış edib. Hücumçu 2005-2008-ci illərdə Skandinaviya ölkəsinin "Bodo Qlimt", 2008-2009-cu illərdə "Konqsvinger" klublarının şərəfini qoruyub.
2010-cu ildən etibarən isə "Çiku" ("kiçik") ləqəbli oyunçu ölkəsinin "Kartagines" klubunda çıxış edib. "Xəzər Lənkəran"a "Kartagines"dən keçən Rendal cari mövsümdə 21 oyuna çıxmaqla 14 dəfə fərqlənməyi bacarıb.
Brenes həmçinin ötən il mütəmadi olaraq Kosta-Rika milli komandasının sıralarına da çağırılıb. Belə ki, futbolçu 2011-ci il ərzində CONCACAF Kubokunda 2 oyun, Mərkəzi Amerika Kubokunda 4 oyun və Copa America turnirində 2 oyunda meydana çıxıb. CONCACAF Kubokunda 1 qol vuran yeni transfer həmçinin ötən il 8 yoldaşlıq görüşündə forma geyinməklə, bu oyunlarda daha 2 dəfə fərqlənməklə yadda qalıb.