Klub xəbərləri
- 14.02.2012 / 0 şərh / 2038 -dəfə baxılıb
"Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədovun müsahibəsi
- Bütövlükdə götürsək, istədiyiniz transferləri həyata keçirə bildiz?
- Bu qış bəzi futbolçularla yollarımızı ayırdıq. Artıq yeniləri komandaya cəlb etmişik. Düzdü, keçirilən yoxlama oyunlarda nəticələr ürəkaçan olmadı. Bütün matçlarda uduzduq. Qeydə alınan nəticələrlə heç cürə razı ola bilmərik. Baxmayaraq ki, bunlar yoxlama oyunları idi və heç də komandanın tam gücünü əks etdirmədi. Hər halda Antalyaya gələn güclü rəqiblərlə oynamışıq, elə-belə komandalarla deyil. Çempionat göstərəcək ki, biz düz yoldayaq, ya yox.
- Hazırda nə çatışır, nə çatışmır?
- Qapıdan başqa, bütün mövqelərə futbolçu almaq niyyətindəydik. Yaxşılarını seçməyə çalışdıq. Lukaş Horvat, Duye Bakovaç, Nenad Kovaçeviç, Serxio Kontreras kimi legionerləri gətirdik. Onların hər biri böyük təcrübəyə malikdi. Güclü klublarda çıxış ediblər. Yeni futbolçularımızın «Bakı»ya faydalı olacağına ümid edirik. Çempionat görəcəyik ki, kim nəyə qadirdi.
- Jabanın «Antalyaspor»a keçidinə razılıq verdiz. Bu gediş hücum xəttində problem yaratmayacaq ki?
- Hər halda problem yaranmamalıdı. Jaba sərfəli təklif aldığını bildirdi, biz də gedişinə şərait yaratdıq. Jaba uzun müddət «Bakı»ya kömək etmişdi, xoşluqla ayrıldıq. «Antalyaspor»dan təzminat istəmədik. Onun əvəzinə Serxio Kontrerası transfer etmişik. İspaniyalı da böyük təcrübəyə malikdi. Komandamızda önəmli fiqur olacağını gözləyirik.
- Nəticəni bir kənara qoyaq. Bəs yoxlama matçlarında göstərilən oyun sizi qane etdimi?
- Tam yox. Bəzi oyunlarda komanda yaxşı çıxış etsə də, bəzi qarşılaşmalarda futbolçuların çıxışından narazı qaldıq. Məqsədimiz yoxlama oyunlarında zəif nöqtələrimizi müəyyənləşdirmək idi. Düşünürəm ki, istəyimizə çatdıq. İndi eyni səhvləri çempionatda təkrar etməməliyik.
- «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyev «Bakı»ya mesaj göndərib. O, komandanızın zəif olduğunu deyib. Bunu necə qarşıladız?
- Nə deyim… Az qalıb, oynayıb, hər şeyi görəcəyik. Əgər o, bizə zəif deyibsə, qoy, zəif olaq! Başqa bir söz deməyə ehtiyac yoxdu.
- Güclü transferlər etdiyinizi nəzərə alsaq, «Bakı» mövsümün sonunda qarşısına qoyduğu hədəfə çata biləcək?
- Klubumuz həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Mövsümün əvvəlində qarşımıza çempion olmaq və kuboku qazanmaq vəzifəsi qoyulub. Bütün işimizi bu istiqamətdə görürük. Hələ çempionatın ortasıdı. Əsas mübarizə «altılıq» mərhələsində gedəcək. Etdiyimiz transferlərlə yüksək yerlər uğrunda mübarizə aparmaq istəyimizi ortaya qoymuşuq. Ümid edirəm ki, iki cəbhədən birində hədəfimizə çatacağıq.