Klub xəbərləri
- 15.02.2012 / 0 şərh / 2150 -dəfə baxılıb
- Arif Əsədov həm futbolçu, həm də məşqçi kimi öz sözünü deyib. “Neftçi”də ən çox oyun keçirən futbolçular arasında olan Əsədovun milli karyerası da kifayət qədər zəngindir. Hamının arzuladığı Avropa çempionatının qızıl medalına sahib olan Əsədov, məşqçi kimi də özünü göstərməyi bacarıb. Həm aşağı yaş qruplarında, həm də “Neftçi”də uğur qazanmış Əsədov hazırda işsizdir. Amma işsiz olması adına xələl gətirə bilməz.Titullu mütəxəssis bəzi qaranlıq məsələlərə işıq saldı, gələcək planlarıyla bağlı "Çempion"a bəhs etdi.
- “Neftçi”dən ayrıldıqdan bəri heç bir yerdə rəsmən çalışmırsınız. Ümumiyyətlə, bu vəziyyətinizdə nəsə irəliləyiş varmı?
- Hazırda AFFA-nın dəvəti ilə kurslara qatılıram. Federasiyada C kateqoriyası almaq istəyən məşqçilər üçün seminarlar keçirilir. 18 nəfərin iştirak etdiyi və fevralın 17-nə qədər davam edəcək kursları mən, Aslan Kərimov və almaniyalı Nikolay Adam aparırıq. Əsas rəhbər Nikolay Adamdır. Biz həmin şəxsə kömək edirik.
- Yəqin ki, oradan da milli ilə birgə Dubaya - təlim məşq toplanışına gedərsiniz. Çünki Vəli Qasımovun istefasından sonra yığmanın baş məşqçisi Berti Foqtsun köməkçisi vəzifəsinə ən real namizəd kimi məhz siz göstərilirsiniz. Bəlkə bilet alınması üçün xarici pasportunuzu artıq təqdim etmisiniz?
- Vallah, bu məsələ müzakirə olunur. Hər kəs bu barədə danışır. Amma qərarı baş məşqçi Berti Foqts verəcək. Məhz Foqts Azərbaycana gəldikdən sonra bu məsələ öz həllini tapacaq. Başqa nəsə demək düzgün deyil. Çünki ortada konkret bir şey yoxdur. Pasportum isə özümdədir, heç kimə verməmişəm.
- Həmişə klubda çalışmağın tərəfdarı olmusunuz. “Neftçi”dən ayrıldıqdan sonra bu və ya digər komandalardan dəvət olub, ya yox? Bəlkə elə bir dəvət olub ki, siz bunu yaxına buraxmamısınız?
- Bilirsiniz, klub məsələsini bir kənara qoymuşuq. Yəni belə bir dəvət olmayıb. Ümumiyyətlə, mən narahat deyiləm.
- Sizinlə yanaşı, Azərbaycanın bir sıra yerli mütəxəssisləri də işsizdir. Halbuki Şahin Diniyev, Nazim Süleymanov, Yunis Hüseynov və digərləri müxtəlif komandalarda nailiyyətlər qazanıblar. Sizə elə gəlmir ki, yerli məşqçilərə güvənmirlər?
- Mən digərlərinin adından danışa bilmərəm. Yaxşı olar ki, işsiz qalmalarının səbəbini onlardan ayrı-ayrılıqda soruşasınız. Ümumilikdə götürdükdə məşqçi bir gün burada, sabah başqa klubda ola bilər. Bu, çox normal haldır. Məşqçi var istefa verdikdən sonra 3 ay işsiz qalır, eləsi də var uzun müddət iş tapa bilmir. Mən özümə əminəm. Bilirəm ki, heç kimin qarşısında gözükölgəli deyiləm. Milli komandada yaxşı nəticə vermişəm, bunu “Neftçi”də də sübuta yetirmişəm. Bu, təsadüfi deyil. Əgər bunu bir yerdə etmişəmsə, başqa yerdə də təkrarlayacağam. Çünki qabda mütləq nəsə olmalıdır.
- “Neftçi”dən ayrıldıqdan sonra futbolçular sizi yada salıb, hal-əhval tutublarmı?
- Bəli. Həm bayramlarda, həm də digər əlamətdar günlərdə mənə zəng vurub yada salırlar. Hər hansı bir məşqçi bir komandada həsəd aparılası bir kəs ola bilməz. Çünki futbolun qayda-qanunları var. Bu oyunda start heyətində 11 nəfər meydançaya çıxmalı, onlara bir baş məşqçi rəhbərlik etməlidir.
- Baş məşqçi postunda dəyişiklik edildikdən sonra Böyükağa Hacıyevlə bir-birinizi düzgün başa düşmədiyiniz anlar oldu. Mətbuatda söz atışmalarınız oldu. İndi münasibətiniz nə yerdədir?
- Hər şey qaydasındadır. Mən hələ istefa verdiyim gün demişdim ki, yerimə yerli mütəxəssis gələrsə, sevinərəm. Böyükağa Hacıyevə qarşı nə kinim var, nə də qərəzli mövqe tuturam. Hərə öz qəlbinə görə fikirləşir. Hacıyevə işlərində ancaq uğurlar arzulayıram. Məndən böyük olan mütəxəssisin həm də hörmətini saxlayıram.
- Vaxtilə gedərkən demişdiniz ki, iki güclü heyət hazırlamışam. Əvəzedici heyətdəkilərin də əsas komandaya layiq olduqlarını bildirmişdiniz. Necə düşünürsünüz, məhz bunun nəticəsidir ki, “Neftçi” transfer həyata keçirmədi?
- Vallah, buna sizin qiymət verməyiniz daha düzgün çıxar. Mən bu barədə nəsə deyə bilmərəm. Amma bir məsələ var ki, “Neftçi”nin aşağı yaş qruplarında, həqiqətən də, istedadlı futbolçular var. Bizim vaxtımızda Cavid İmamverdiyev, Mirhüseyn Seyidov kimi gənclər ortaya çıxdılar. Böyükağa Hacıyev gənclərə şans vermək baxımından mənim qoyduğum işi davam etdirir ki, bu da ancaq alqışalayiqdir. Bizim vaxtımızda adlarını yuxarıda çəkdiyimiz futbolçular üzə çıxmışdılar, Böyükağa Hacıyev digərlərinə şans verdi. Və o, sözsüz ki, bunun əməyidir. Bilirsiniz ki, Azərbaycan milli komandası 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak etmək istəyir. Əgər biz bunu, həqiqətən də, qarşımıza məqsəd qoymuşuqsa, mütləq yerli gənclərə şans verməliyik. “Neftçi” bunu edirsə, deməli, işə öz dəstəyini verir və düzgün yoldadır.
- Yenidən əvvəlki məsələyə qayıdaq. Düşünmürsünüz ki, artıq millinin çalışdırıcılarından birisiniz?
- Yox. Çünki ancaq real olan şey barədə danışmaq lazımdır. Foqts Azərbaycanda deyil, gəldikdən sonra bu məsələyə növbəti dəfə qayıdarıq. Hələlik isə heç nə yoxdur və mən AFFA-nın keçirdiyi kurslara qatılıram.