Klub xəbərləri
- 08.03.2012 / 0 şərh / 2779 -dəfə baxılıb
- “Simurq” futbol klubunun sabiq prezidenti Zaur Məmmədov işdən qovulub. Bu barədə kluba yaxın mənbələrdən məlumat daxil olub. Həmin məlumatda qeyd olunur ki, Z.Məmmədov “Simurq” klubunun əsas sahibi, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev tərəfindən işdən çıxarılıb. Belə ki, ötən il “Bakı Fındıq Emalı” müəssisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı Z.Məmmədov və digər bir neçə şəxs C.Hacıyevin maliyyə fəaliyyətləri ilə bağlı məlumatları açıq şəkildə ifadələrində bildiriblər.
Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Zaur Şamı oğlu deyib ki, “Bakı Fındıq Emalı” MMC “Simurq” futbol klubunun təsisçisidir. O, həmçinin bildirib ki, 2006-2007-ci illərdə və 2008-ci ilin axırlarınadək klubun reklam fəaliyyəti olmayıb, yalnız cüzi bilet satışından gəliri olub. Z.Məmmədov deyib ki, 2006-2008-ci illərdə “Bakı Fındıq Emalı” MMC klubun fəaliyyətini təmin etmək, futbolçuların alınması, komandanın səfərlərini maliyyələşdirmək və sair xərclər üçün onlara 4 milyon 529 min ABŞ dolları məbləğində pul verib. Həmin vəsaiti “Bakfem” MMC rəhbərliyinin göstərişi ilə ona hissə-hissə müəssisənin xəzinədarı Gültəkin Abbasova heç bir sənədləşmə aparılmadan verib.
Mənbənin sözlərinə görə, yüksək vəzifəyə təyin etdiyi işçisinin məhkəmədə “danışması” C.Hacıyevi qəzəbləndirib. Doğrudur, məhkəmə mümkün olduğu qədər qapalı keçirilib və mətbuata məlumat ötürülməsinin qarşısı alınıb. Ancaq bununla belə, Beynəlxalq Bankın prezidenti onun sirlərini açan işçisini işdən qovub. Qeyd edək ki, Z.Məmmədovun “Simurq”un prezidenti postundan uzaqlaşdırıldığını klubun kadrlar şöbəsinin müdirəsi də təsdiq etdi. Təranə adlı xanım əməkdaşımızla söhbətində Zaur Məmmədovun ötən ilin yayında öz ərizəsi ilə işdən çıxdığını deyib və daha ətraflı bilgi verməkdən imtina edib.
Məsələ ilə bağlı “Simurq” klubunun rəsmi sponsoru olan “Bakfem” MMC ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, onlar bu barədə hər hansı açıqlama vermək istəmirlər. “Simurq”la bağlı sualları klubun özünə ünvanlamağı məsləhət gördülər. Xatırladaq ki, Zaur Məmmədov müğənni Zülfiyyə Xanbabayevanın həyat yoldaşıdır.