Klub xəbərləri
- 02.04.2012 / 0 şərh / 2351 -dəfə baxılıb
- "Xəzər Lənkəran" - "İnter" oyunu bir sıra məqamlarla yadda qalıb.
Lənkəran klubunun baş məşqçisi Yunis Hüseynov bu oyunda klassik 4-4-2 sxeminə üstünlük verib. Müdafiənin mərkəzində bu oyunda Elnur Allahverdiyevlə yanaşı Stevan Bates yer alıb. Yarımmüdafiənin mərkəzində Rahid və Alviz, solda Pit, sağda isə Doman qərarlaşıb. Hücumda Brenes və Subaşiç cütlüyünə şans verilib.
"Xəzər Lənkəran"ın rəsmi saytı komandanın üstün oynadığını qeyd edib:
"Oyunun ilk dəqiqələri "Xəzər Lənkəran"ın daha çox hücum etməsi, lakin həmlələrin qapıya zərbə ilə tamamlanmaması ilə yadda qaldı. Cərimə meydançasına qədər yaxşı gələn futbolçular, həlledici ötürmə verməkdə bir qədər problem yaşayırdılar.
Matçın əvvəli meydanda bir qədər gərginliyin olması ilə yadda qaldı. Yan xəttin yaxınlığında yerə yıxılan Abramidzenin oyunun vaxtını yubatması və baş hakimin onu meydandan kənara çıxarması rəqib komandanın oyunçuları arasında mübahisələrin yaranmasına gətirib çıxardı. Nəticədə gürcü futbolçunun sarı vərəqə ilə də cəzalandığını qeyd edək".
Lənkəran klubu da baş hakim Elçin Məmmədovu günahlandırıb:
"Az sonra komandamızın futbolçuları növbəti dəfə hakimə etiraz etməli oldular. Sağ cinahdan “İnter”in cərimə meydançasına edilən ötürmədən sonra rəqib futbolçunun əllə oyunu baş hakim tərəfindən oyunu saxlamağa səbəb olmadı. Lakin bir qədər sonra növbəti dəfə rəqib meydançasında qayda pozuntusu qeydə alındı. Bu dəfə cərimə zərbəsindən ötürmədən sonra cərimə meydançasında Əziz Quliyev Brenesi yıxdı və ikinci sarı vərəqə alaraq meydanı tərk etdi. 11 metrlik nöqtəyə yaxınlaşan Doman hesabı açdı – 1:0.
İkinci hissədə də komandamız üstünlüyünü qorudu. Bununla belə azlıqda qalmasına baxmayaraq “İnter”in meydanda boşluqların yaranmasına az-az imkan verdiyini qeyd etmək lazımdır. İkinci hissənin əvvəllərində Pitin cərimə meydançasının xəttindən dönərək qapıya endirdiyi zərbə əla alınsa da, rəqib qapıçı vaxtında reaksiya verməklə topu qapı xəttindən çıxardı.
Ardınca Yunis Hüseynov oyunda ilk əvəzetməni həyata keçirdi. Yorğun görünən Domanın yerinə oyuna Semedo daxil oldu. Növbəti dəyişiklik isə məcburi oldu. Belə ki, 74-cü dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı topa yüksələn Bates əllə oynadı və baş hakim tərəfindən ikinci sarı vərəqə alaraq meydanı tərk etdi. Bundan sonra baş məşqçi Brenesi meydandan çıxarıb Mureşanı mərkəz müdafiəçisi mövqeyinə buraxdı.
Oyunun sonlarına yaxın “İnter” daha bir qırmızı vərəqə aldı. Hakimlə mübahisəyə görə Abramidze ikinci sarı vərəqə alaraq komandasını yenidən azlıqda saxladı. Qonaqlar isə son dəqiqələrdə tam gücü ilə irəli atılıb hesabı bərabərləşdirməyə çalışdılar. Bu halda komandamıza yalnız müdafiədə diqqətli olub, imkan olduqda əks-hücumlardan istifadə etmək qalırdı. Məhz belə əks-hücumların biri matçın qalibi barədə bütün suallara son qoydu. Roberto Alviz mərkəzlə irəliləyərək rəqib futbolçularından uğurla yayındı və sağ cinahda açılan Ederi gördü. Braziliyalı müdafiəçi isə qapıçı ilə təkbətək qalaraq şansını əldən vermədi – 2:0.
Bununla da “Xəzər Lənkəran” final mərhələsində ilk qələbəsini əldə edə bildi. Bu həm də Yunis Hüseynovun komandamızın baş məqşçisi postunda ilk qələbəsi oldu".