Klub xəbərləri
- 08.04.2012 / 0 şərh / 2091 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 27-ci turunda "Qarabağ" "İnter"in qonağı oldu. Oyun boyu hərəyə bir dəfə fərqlənən komandalar yekunda bir xala razı oldu - 1:1. Oyundan sonra baş məşqçilər mətbuata danışdılar.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Hər iki komandaya bu oyunda qələbə lazım idi. İkinci hissə daha maraqlı və sürətli keçdi. İlk hissədə taktiki cəhətdən çox nizamlı oynayan komandaya qarşı oynadıq. "İnter" oyunumuzu yaxşı analiz etmişdi. Oyunda bir neçə qol imkanı oldu, amma heç-heçə ədalətli nəticədir. Xalımızın üstünə bir xal da gəldi. Bu oyunu yaddan çıxarıb, qarşıdakı daha ağır oyunlara hazırlaşmalıyıq”.
Kaxaber Tsxadadze, “İnter” klubunun baş məşqçisi: “Çox maraqlı, baxımlı oyun oldu. "Qarabağ" çox gözəl oyun göstərir, Qurban Qurbanovu bu cür komandaya görə təbrik etmək istəyirəm, o,çox bacarıqlı məşqçidir. Rəqiblər bir-birinə layiq oyun göstərdi. Fikrimcə, hesab oyuna görə oldu. Futbolçulara göstərdikləri əzmkarlığa görə minnətdaram. Sonadək mübarizə aparıb hesabı bərabərləşdirdik. Komandalara yüksək oyun səviyyəsinə görə təşəkkür etmək lazımdır. Bu cür oyunlar futbolun və çempionatın səviyyəsini artırır. Hələ hər şey qarşıdadır. "Neftçi" yarışda irəlidə olsa da hər turda dəyişiklik ola bilər. Azarkeşlər bu cür oyunları stadiondan izləyib həzz almalıdırlar”.