Klub xəbərləri
- 20.04.2012 / 0 şərh / 2306 -dəfə baxılıb
- "İnter"in gürcü hücumçusu Baçana Tsxadadzenin müsahibəsi
- "Neftçi"yə qalib gəlmək üçün nə çatmadı?
- Birinci hissədə onlar, ikincidə biz yaxşı oynadıq. «Neftçi»nin də, bizim də qol vurmaq imkanlarımız vardı. Qələbəni təmin etmək üçün hər iki tərəfə dəqiqlik çatmadı. Bəzi epizodlarda isə bəxtimiz gətirdi. Ümumilikdə, bərabər oyun keçdi.
- Finala vəsiqə şansınız azdı. "Neftçi", çətin ki, sizə evdən sağ-salamat yola salsın. necə dəyərləndirirsən?
- Siz elə fikirləşin! Mənə görə, şanslar 50-nin 50-yə nisbətindədi.
- Cari mövsümdə "Neftçi"yə iki qol vurmusan və bu qollar komandana 6 xal qazandırıb. Onlara qarşı son üç oyunun isə alınmır. Deyəcəksən ki, rəqib müdafiəçilər səni yaxşıca "öyrənib"?
- Rəqib bizim oyunu təhlil edir. Artıq nə edəcəyimi bilirlər. «Neftçi» bizə qarşı müdafiədə sıx oynayır. Ona görə də qol vurmağa çətinlik çəkirəm, qoymurlar. Elə də yüzfaizlik qol epizodum olmayıb. Bir epizod düşsün, inan ki, şansımı qaçırmaram.
- Avrokuboklara bu il də vəsiqə qazanmasaz, bütün əziyyətiniz batacaq...
- Ötən mövsüm bu şansı kubokda qaçırmışdıq. Bu səhvi təkrarlamamaq üçün ehtiyatlı olmalıyıq. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Əlbəttə ki, avrokuboklara vəsiqə qazansaq, ədalətli olar. Çünki iddialılar arasında yer alırıq və heç bir komandadan geri qalmırıq.
- İkinci hissədə hücumda oyununuz istənilən kimi alınmadı, komandada pərakəndəlik hiss olunurdu. Nədi itirdiyiniz ki, hələ də tapa bilmirsiz?
- Əksinə deyərdim mən. "Neftçi" ilə müqayisədə hücum xəttində biz daha fəal idik. Onlar hamılıqla müdafiəyə çəkildiyi üçün işimiz bir qədər çətinləşmişdi. Çox çalışdıq qol vuraq, alınmadı ki, alınmadı!
- Qolsuz bərabərliyi "İnter" üçün uğurlu nəticə sayırsan?
- Nəticənin bizim üçün uğurlu olub-olmadığını cavab oyununda görəcəyik. "Şəfa"da 1:0 qalib gəlsəydik, daha yaxşı olardı. Onda üstünlük tamamilə bizə keçəcək, "Neftçi" meydana psixoloji gərginlik altında çıxacaqdı. Ən azından, bir top vurmalı idik. Bu oyunu unudub, indi cavab qarşılaşması haqda düşünürük. Çünki ikinci qarşılaşma həm onlar, həm də bizim üçün həlledicidi.
- "Neftçi" birinci dövrədə bundan yaxşı oynayırdı. Mübahisə eləmək istəmirsən ki?
- Bu komanda nəticəyə hesablanan oyun göstərir. "Neftçi"nin heyətində güclü futbolçular var. Ötənilki komandanın özəyini qoruyublar. Ona görə də bir-birlərini yaxşı başa düşürlər. Əgər bir komanda çempionluğa yaxındısa, onu mühakimə etmək olmaz. "Neftçi" mövsümü stabil keçirir.
- "İnter" bu komandayla qarşılaşmalarda həmişə idarəçiliyin birtərəfli olmasından şikayətlənib. Səncə, hakimlər niyə belə edir?
- Hakimliklə bağlı bir söz demək istəmirəm. Onların işinə mən qiymət verməməliyəm. Bu işin başında dayanan insanlar var. Onlar hakimin oyunu necə idarə etdiyini daha yaxşı bilər. Hakimlər Komitəsi hansı hakimin oyunu necə idarə etdiyini yaxşı bilir. Əsas odu ki, hakim ardıcıl bir komandanın xeyrinə səhv qərarlar verməsin.
- Gürcüstanda da hakimlər bu cür tərəfkeşdi?
- Deyərdim ki, səviyyə baxımından hamısı eynidi. Yaxşı idarə edənləri də var. O ki qaldı səhvlərə, futbolçuda olduğu kimi, hakimdə də səhv olur. Amma futbolçu məşqlərdə öz üzərində işləyib səhvləri aradan qaldırmağa çalışır. Hakimlər də səhvlərdən nəticə çıxarsalar, oyunları idarə etmək daha asan olar.
- Atan daha səndən 90 dəqiqə istifadə eləmir. Narazılığını bildirib sənə?
- Zədəli olduğumu və hələ də sağalmadığımı hamıdan yaxşı özü bilir. Məndən başqa komandada iki hücumçu var. Enyo Krastovçev və Girts Karlsons. Hər ikisi səviyyəli futbolçudu. Atam onlara da şans verir. Qərarına hörmətlə yanaşıram. Buna görə də əvəzlənməyim gözləniləndi.
- Yaxın gələcəkdə Gürcüstan millisindən dəvət almağı arzuladığını demisən. Belə getsə, Timur Ketsbaya sənə maraq göstərəcəyinə inanmıram. Razısan mənlə?
- Nəsə deyə bilmərəm. Gələcəkdə milliyə dəvət alaramsa, məmuniyyətlə gedərəm. Orda oynamaq istəyim çoxdan var. Lakin indiki halda bu arzumun reallaşacağına özüm də inanmıram. Əvvəl "İnter"də özümü göstərməli, daha sonra millinin əsas heyətinə düşməliyəm. Hər şey özümdən aslıdı və bunun üçün çox çalışmalıyam.
- Atan gələcək karyeran haqda nə düşünür?
- O da dayanmadan çalışmağımı məsləhət görür. Ata kimi yox amma. Bir baş məşqçi olaraq məndən bunu tələb edir. Atam nizam-intizamı çox xoşlayır. Onun üçün də ikiqat məsuliyyətli olmağımı istəyir. Məşqlərdə bütün tapşırıqlarını yerinə yetirməyə çalışıram. Bunun öhdəsindən necə gəldiyimi özü deyə bilər. Ona görə də bu sualı atam cavablandırsa, mənə də yaxşıdı.