Klub xəbərləri
- 24.04.2012 / 0 şərh / 2300 -dəfə baxılıb
- "Starkovun arxasınca danışmağı özümə yaraşdırmıram. Məni əsas komandadan kənarlaşdırmaq şəxsi qərarı idi. Hesab edirdi ki, biz artıq ona yaramırıq".
Bu sözləri "Bakı"nın yarımmüdafiəçisi Vadim Borets deyib. Aleksandr Starkovun dövründə komandadan kənarlaşdırılan və moldovalı futbolçu həmyerlisi Aleksey Savinovla birlikdə yenidən əsas heyətə qaytarılıb. Hətta Vadim "Qarabağ"a qarşı oyunda meydana da çıxıb. Təcrübəli futbolçu onun transferə çıxarılmasını istəyən Starkovun düzgün hərəkət etmədiyini bildirib:
"Qışda təkliflər gəldi, getmədim. "Bakı"da özümü sübut edəcəyimə içimdə bir inam varıydı. Ona görə də hər gün məşq eləyir, formadan düşməməyə çalışırdım. Starkov burda olsaydı, ona içimdən gələnləri səmimi deyərdim. Gedənin dalınca danışmaq mənlik deyil. Danışsam, fikirləşəcək ki, mən ondan qisas alıram. Hər şey göz qabağındadı. Qısaca deyərəm ki, o, mənə qarşı düzgün hərəkət eləmədi".
Hazırda komandanı çalışdıran Novruz Əzimov barədə də danışan Borets Starkovun qazanılan uğurların səbəbini məşqçinin yaratdığı mehribançılıqla əlaqələndirib: "Şoliç müsahibəsində deyib ki, baş məşqçinin dəyişməsi "Bakı"nın xeyrinə oldu. Bu fikirlə mən də razıyam. Novruz Əzimovun qazandığı nəticələri görürsüz. Starkov komandada mehribançılıq yaratsaydı, iş belə çətin olmazdı. Yenə imidimiz tükənməyib".
2 gün sonra ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la cavab oyununa da toxunan yarımmüdafiəçi həmin matçın daha çətin keçəcəyini söyləyib: "Yadınıza gəlirsə, 2009-da da Ağdamda "Qarabağ"a 4 qol vurmuşduq. Kubokda cavab oyunumuz bundan da çətin keçəcək. Meydanda az olsam da, hələ də bu oyunun təsiri altındayam. Hesab bizi aldatmır. Kubokda şanslar yarıdı. Evdə uduzmaq qanımızı qaraltdı, ancaq mübarizə hələ qabaqdadı".