Klub xəbərləri
- 24.04.2012 / 0 şərh / 2168 -dəfə baxılıb
- “Xəzər Lənkəran” rəhbərliyi aparıcı futbolçularla müqavilə yeniləyib. Adrian Pit hələ ötən həftə lənkəraranlılarla müqavilə bağlamışdı. Rumın futbolçuyla yanaşı braziliyalı müdafiəçi Eder Bonfim də daha 2 il cənub klubunun uğurları üçün çalışacaq.
Bundan başqa Kamran Ağayev, Rahid Əmirquliyev və Elnur Alahverdiyev də karyeralarını “Xəzər Lənkəran”da davam etdirəcəklər. Elnurla Rahid artıq yeni anlaşmaya imza atıblar. Özü də daha sərfəli şərtlərlə. Belə ki, Əmirquliyev əvvəlkindən iki dəfə çox qazanacaq. Bununla da “Xəzər Lənkəran”ın kapitanı bir ildən çoxdur onu dilə tutmağa çalışan “Qarabağ”ın arzusunu gözündə qoymuş oldu.
Kamran Ağayevin isə bu həftə müqaviləsini uzadacağı gözlənilir.
Bütün bunlar onu göstərir ki, “Xəzər Lənkəran” növbəti mövsüm çempionluğa oynayacaq. Yeni müqavilələrin imzalanması klubun fəxri prezidenti Mübariz Mənsimovun Bakıya səfəri ilə üst-üstə düşdü. “Xəzər Lənkəran”ın şefi komandanı daha da iddialı etmək üçün heyətin gücləndirilməsinə razılıq verib.