Klub xəbərləri
- 24.04.2012 / 0 şərh / 2035 -dəfə baxılıb
- Neftçi”nin futbolçusu Flavinyo AFFA İntizam Komitəsinin son qərarına münasibət bildirib.Braziliyalı yarımmüdafiəçi “Xəzər Lənkəran”la oyunda ona sarı vərəqə göstərmiş baş hakim Elçin Məmmədovu tənqid edib.
O, aldığı vərəqənin ləğvini ədalətin bərpası kimi dəyərləndirib: “Buna qədər də Elçin Məmmədovun idarəçiliyi ilə keçirdiyimiz oyunlarda rəqib futbolçular mənə qarşı amansız davranmışdılar. Hətta bir görüşdə ağır zədə almışdım və bəxtim gətirmişdi ki, ayağım sınmamışdı. “Xəzər Lənkəran”la oyunda da Elçin Məmmədov utanmadan, haqsız yerə mənə sarı vərəqə göstərdi. Həmin epizodun kadrlarına baxarkən də dediklərim təsdiqini tapır. Buna görə də mənə göstərilən vərəqənin ləğv olunacağına inanırdım. Komanda rəhbərliyi və futbolçu dostlarım da sona kimi yanımda oldu. AFFA-nın İntizam komitəsi haqlı olduğumu qərarı ilə təsdiqlədi”.
“Neftçi” ilə müqaviləsinin bitməsinə hələ iki il qaldığını xatırladan 29 yaşlı oyunçu “Qalan müddətdə də çalışacağam ki, gözəl oyun nümayiş etdirim və komandamızın uğurlarında pay sahibi olum” deyib.
Qeyd edək ki, aprelin 22-də keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” matçında meydan sahibləri qalib gəlib – 1:0.