Klub xəbərləri
- 22.06.2012 / 0 şərh / 14037 -dəfə baxılıb
Avstriya təlim-məşq toplanışı çərçivəsində “Xəzər Lənkəran” ikinci yoxlama oyununa çıxdı.
Rəqib Ukrayna çempionatının gümüş mükafatçısı “Dinamo” (Kiyev) komandası oldu. İlk hissədə qapısında gördüyü iki qolla komandamız rəqibinə 0:2 hesabı ilə məğlub oldu.
Baş məşqçi komandanı oyuna 4-5-1 taktiki sxemi ilə çıxardı.
Qapıda Kamran, müdafiənin cinahlarında Todorov və Bonfim, mərkəzdə isə Allahverdiyev-Skarlatake cütlüyü yer aldı. Roberto Alviz dayaq zonasında, Rahid və Qomeş isə ondan bir qədər irəlidə qərarlaşdılar. Sol cinahda Pit, sağda isə Elnur Abdullayev, tək hücumçu qismində isə Subaşiç oyuna başladı.
İlk dəqiqələr rəqib komandanın hücumları şəraitində keçdi. Ukrayna klubun əsasən sağ cinahla bir neçə sürətli keçid həyata keçirdi, və artıq oyunun əvvəlində meydanın komandamıza aid hissəsində bir neçə fol qeydə alındı. Lakin tədricən “Xəzər Lənkəran” meydanın digər yarısında daha çox vaxt keçirməyə başladı. Komandamız da həmlələrini əsasən cinahlarla edirdi.
“Dinamo”nun qapısına doğru ünvanlanan ilk zərbə 8-ci dəqiqədə Pitdən gəldi, lakin top qapının üstündən keçdi. Üç dəqiqə sonra
Abdullayevin cərimə zərbəsindən sonra da top çərçivədən yan keçdi. 15-ci dəqiqədə isə Kamran uğurlu çıxarışla yadda qaldı. İsveçrə millisinin futbolçusu Mehmedinin uzaq məsafədən zərbəsindən sonra qapıçımız yaxşı oynadı.
Bundan dərhal sonra qurulan sürətli hücumu Abdullayev zərbə ilə tamamladı, lakin doqquzluğa ünvanlanan bu top qapının üstündən keçdi. Özü üçün ənənəvi olmayan sağ cinahda oynamasına baxmayaraq Elnur hücumlar zamanı xeyli fəal idi, bu işdə ona Eder də vaxtaşırı kömək edirdi.
34-cü dəqiqədə isə hesab açıldı. Dudunun sağ cinahdan verdiyi ötürməyə ən tez yetişən Rıbalka oldu və onun toxunuşu “Dinamo”ya üstünlük verdi. Qoldan sonra rəqib üstünlüyü yenidən ələ aldı və oyun yenə meydanın “Xəzər”ə aid hissəsinə keçdi. Əlavə olunmuş dəqiqələrdə isə komandamızın əks-hücumu qolla nəticələnə bilərdi. Subaşiç və Abdullayevin divar paslaşmasından sonra Branimir cərimə meydançasında topu qəbul etdi, lakin Betaonu keçə bilmədi. Bu hücumdan dərhal sonra isə “Dinamo” ikinci qolu vurdu. Uzaqdan yerlə vurulan zərbəni Kamran qaytarsa da, Kravets Allahverdiyevi qabaqlayıb topu tora göndərdi – 0:2.
Fasilədən sonra “Xəzər Lənkəran”ın heyətində Subaşiçi Brenes əvəzlədi. İkinci hissə qarşılıqlı hücumlarla başladı. “Dinamo”dan Kravetsin, komandamızda isə Pitin cərimə zərbəsindən vurduğu top yadda qaldı, lakin hər iki halda qapıçılar vurulan toplarla bacardı.
Oyunun sonuna yarımsaat qalmış daha iki əvəzetmə edildi – Kamranın yerinə Kamal Bayramov, Qomeşin yerinə is baxışda olan futbolçu Sariç daxil oldu. Beş dəqiqə sonra isə Abdullayevi Kamran Abdullazadə əvəzlədi.
Oyunun sonları epizod baxımından daha kasad keçdi. Qapıya zərbələrin sayı azaldığı halda, meydanın müxtəlif hissələrində xırda folların sayı artdı. Brenes rəqibin cərimə meydançasında topu qəbul etsə də, müdafiəçinin zamanın etdiyi müdaxilə ona zərbə vurmağa imkan vermədi. Ardından nəzarətsiz qalan Buyalskinin zərbəsini Kamal dəf edə bildi.
Bununla da “Xəzər Lənkəran” ikinci yoxlama oyununda Kiyev “Dinamo”suna 0:2 hesabı ilə məğlub oldu.
Əlavə edək ki, Elvis Saliç və digər baxışda olan futbolçu - xorvatiyalı Yusuf Dajisiçin mövcud durumları məşqçilər korpusunu razı salmayıb və hər iki futbolçu yoxlama oyunundan sonra geri göndərilib. " Xəzər Lənkəran" növbəti, üçüncü yoxlama oyununa iyun ayının 25-də Rumıniyanın " Vasluy" klubuna qarşı keçirəcək.