Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
18.01.2012 / 0 şərh / 1838 -dəfə baxılıb

"Qurban Qurbanovun yanında işləyərkən elə bil silkələnib yuxudan oyandım"



Fatih Kavlakı şanslı saymaq olar. Reallıq odur ki, bir klubda köməkçi məşqçidən baş məşqçi vəzifəsinə qədər yüksəlmək hər kəsə qismət olmur. Adətən, baş məşqçi istefa verən kimi, köməkçiləri də işlərini bilib, çemodanlarını yığışdırırlar. Vaxtilə Adamsın köməkçisi işləmiş Kavlak indi məhz “Qəbələ”də, böyük işlər görən və addım-addım Avropaya gedən bir kollektivə rəhbərlik edir. Əlbəttə, onun işinin nə qədər uğurlu olub-olmayacağını zaman göstərəcək. Görəsən, heç bir klubda baş məşqçi işləməmiş Kavlak bu ağır yükün altından çıxa biləcəkmi? Bu suala cavab tapmaq, eləcə də digər məsələləri müzakirə etmək üçün  Kavlakla danışdıq. Əvvəlcədən fərqli insan gördüyümüzü deməliyik...

“Cehua qalsaydı da Kamananı alacaqdıq”

- İlk transferinizi artıq reallaşdırmısınız. Yannik Kamananla bağlı hansı fikirdəsiniz?

- Kamananın şəxsi keyfiyyətləri ilə maraqlanmadım. Sadəcə, transferindən sonra aldığım zənglər məni çox razı saldı.

- Yannikin gəlişinə Serje Cehuanın gedişi zərurət yaratdımı? Qısa müddətdə elə də pis təsir bağışlamayan futbolçunun gedişinə səbəb nə oldu?

- Cehua qalsaydı da bir qolçuya ehtiyacımız var idi. Hiss etdim ki, Cehua bizim üçün tam uyğun variant deyil. Düzdür, oynadığı dönəmdə köməyi dəydi, amma gələcək planlarımda ona yer yox idi.

- Onda belə demək olar ki, siz daha bir hücumçu alacaqsınız?

- Yox, elə deyil. Bizə Kamanan tipli bir hücumçu lazım idi.

- Adamsın gedişindən sonra hansı keyfiyyətlərə görə, başqalarını qabaqlayıb, baş məşqçi oldunuz?

- Bu suala rəhbərlik daha yaxşı cavab verə bilər. Yəqin ki, məndə yaxşı tərəflər görüblər ki, etimad göstərdilər. Amma buna tam cavab versəm, özümü tərifləmiş olaram. “Mən beləyəm, mən eləyəm” deyən adam deyiləm. Məndə nə gördüklərini bilmirəm, amma mütləq bir şey görüblər. Əslində, mənim üçün çox normal haldır. Özümü bu işə hazırlayırdım. Amma indi baş verəcəyini düşünmürdüm. İstəyirdim ki, Toni Adams qalsın və biz bir yerdə çalışaq.

Azərbaycan klubları arasında fərq var”

- Azərbaycanda ilk olaraq, “Qarabağ” klubunda işləmisiniz. “Qəbələ” və “Qarabağ” arasında nə kimi fərqlər var?

- Azərbaycanda klublar arasında çoxlu fərqlər var. “Qarabağ” çox fərqli komandadır. Adı ilə Azərbaycan üçün çox vacibdir. “Qarabağ” Azərbaycanın ən köhnə və bacarıqlı komandalarından biridir. “Qəbələ” isə yeni yaranıb, özünü inkişaf etdirməkdədir. İki klub arasında ən böyük fərq budur. “Qarabağ”da çox yaxşı idarə tərzi var. Hər il ən çox 2-3 futbolçu alırlar. Çox sayda futbolçu göndərib, o qədər də gətirib, komandanı tez-tez yeniləmirlər. “Qəbələ”də isə aşağı yaş qruplarına çox böyük diqqət var və komandanın bununla irəli gedəcəyinə ümidvarıq.

- Artıq rəhbərlik də dəfələrlə deyib ki, “Qəbələ”nin nəticə qazanmasının vaxtıdır. Xərclənən pullar, heyətdə yer alan oyunçular bir növ buna hesablanıb. Siz bu məsələyə necə baxırsınız?

- İnfrastrukturumuz indiki halında belə, ölkənin bütün klublarından üstündür. Mən birinci dəqiqədən bəri demədim ki, bu il komandanı formalaşdırım, gələn il daha uğurlu olarıq. Heç ağlımdan belə keçmədi. Bu komanda medal qazanmalıdır.

- Köməkçi məşqçi futbolçularla daim ünsiyyətdə olur, nəinki baş məşqçi. Vəzifəniz dəyişdikdən sonra özünüzdə nə kimi dəyişikliklər hiss edirsiniz?

- Çox gözəl sualdır. Futbolçularla çox yaxın münasibətimiz davam edir. İndi baş məşqçi olmuşam deyə xasiyyətimi dəyişə bilmərəm. Mən o vaxt da məşqçi idim. Dost kimi gəlirdilər. Baş məşqçiyə deyə bilmədiklərini mənə deyirdilər. Həmin münasibət qurulduğu üçün indi hər şeyi birbaşa mənə söyləyirlər. Əslində, mənim dəyişməyimə heç bir ehtiyac qalmadı. Onlar öz işlərini bilirlər.

- Əsas komanda ilə yanaşı, uşaq futbol məktəbi də Türkiyə futbol fəlsəfəsi ilə idarə olunur. Siz Azərbaycan futboluna nə verə bilərsiniz?

- İnşallah, çox şey bəxş edəcəyik. Məncə, qarşıda daha çətin günlər var. Bizim məqsədimiz yalnız ilk “altılıq”da oynamaqla bitmir. Biz deyirik ki, ilk “altılığ”a düşüb, ondan sonra daha yaxşı oynayıb Avropaya yollanaq. Aşağı yaş qruplarında da türkiyəlilərin çalışması yaxşı haldır. Çünki biz bir-birimizi daha yaxşı başa düşürük.

“O vaxt Terimi təkrarlamaq istəyənlər vardı”

- Bəzi tanınmış türkiyəli məşqçilərdə bir çılğınlıq var. Fatih Terim başda olmaqla, Bülənt Qorxmazın da daxil olduğu qrup bir növ futbolçularla birgə oynayırlar. Amma sizdə, Cüneyt Biçərdə bu xüsusiyyəti görmürük. Bir məşqçinin çılğın olması nəyəsə dəlalət edə bilərmi?

- Bu, tamamilə insan xarakteri ilə bağlıdır. Mən də bəzən çılğınlığın sərhədinə qədər gəlirəm. Amma bunu bağlı qapılar arxasında müzakirə etmək daha məqsədəuyğundur. Bəlkə də, onlar hakimi, futbolçuları nəzərə alıb, özləri də bilmədən belə şey edirlər. Bəzən oyundan sonra fikirləşirlər ki, mən burada nə etmişəm? Amma sakitlərimiz də var. Ərtuğrul Sağlam, Abdullah Avcı uğur qazanıblar, amma çılğın deyillər. Əslində, Fatih hoca çox uğurlu oldu. Hər kəs görürdü ki, Terim basketbol məşqçisi kimi oyunu idarə edir. Onlar da düşündülər ki, biz də belə edək, bəlkə uğur qazandıq... Əgər mən belə şey etsəm və özüm də kənardan baxsam, gülərəm. Çünki, həqiqətən də, belə bir insan deyiləm. Bəlkə bir gün qışqıracağam, amma bunu hiss edərək, edəcəyəm.

- Buraya gələn deyir ki, Azərbaycana uyğunlaşmaq üçün xeyli vaxt lazımdır. Siz bu mərhələni artıq keçmiş olarsınız...

- Mən belə bir sıxıntı görməmişəm. “Qarabağ”da Azərbaycana çox tez uyğunlaşdım. Dünyanın harasında olsam, işim eynidir. Amma peşəkar baxımdan yanaşsaq, bəzi şeylər fərqlidir. Futbol baxımından Türkiyə ilə müqayisə oluna bilməz.

“Hələlik uğurluyam”

- Bəzən komandada yüksək səviyyədə futbolçular olmasa da, yaxşı nəticələr əldə edilir. Bu, ailənin möhkəmliyindən irəli gəlir. Çoxmillətli “Qəbələ” klubunda mehriban ailə mühitini yarada bilmisinizmi?

- Komandanın uğurunda ailə mühiti çox önəmlidir. Əgər məndən soruşsaydınız ki, bu qədər oyun keçirib, bu qədər qələbə qazanıb, bu qədər məğlub olmusunuz, fəaliyyətinizi necə görürsünüz, deyərdim ki, hələlik uğurluyam. Nəticələrə görə deyil, həmin ailə mühitini yarada bildiyim üçün. Düzü, heç bilmirəm bu ailə necə yarandı? Yazmaq istəsəm, yaza bilmərəm. Cehuanı göndərməyimizə bir səbəb də məhz ailəmizə uyğun gəlməməsi idi. Əgər diqqət yetirmisinizsə, oyundan çıxarkən 1-2 artıq hərəkətləri olub. Bu heyət mənə xarakter və bacarıq olaraq yetərlidir.

- “Qəbələ” və “Bakı” həyata keçirdiyi işlər baxımından Azərbaycanda nümunə olan komandadırlar. “Qəbələ” uşaq futboluna göstərdiyi qayğı, infrastruktur baxımından Türkiyədə hansı komanda ilə müqayisə oluna bilər?

- Düzü, Türkiyədəki bəzi komandaların vəziyyətini dəqiq bilmirəm. Amma çox klublarla müqayisə olunar və hətta onları üstələyər. “Böyüklər” adlanan komandaları çıxmaq şərtilə, digərləri ilə müqayisə oluna bilər. Superliqanın debütantlarını qabaqlayırıq.

“Ən vacibi baş məşqçi dəyişdi”

- Adamsın dönəmində komanda zəif çıxış etdi. Siz gəldikdən sonra nəticələr yaxşıya doğru dəyişdi – 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət. Siz kollektivdə nələri dəyişdiniz?

- Ən vacibi baş məşqçi dəyişdi. Məşqçi nəyi dəyişdirdi? Sistem baxımından fərqlər yaranmağa başladı. Toni Adams adətən 4-3-3 sistemini tətbiq edirdi. Amma tez-tez dəyişirdi. AZAL-la oyunda 3-5-2-yə üstünlük verdi. Mən gəldikdən sonra 4-2-3-1 sxemini qurdum. Bütün matçlarda buna sadiq qaldım, hətta əskiklər olanda da bunu pozmadım. Çünki düşünürdüm ki, bu taktika düzgündür. Bundan başqa, oynamaq imkanı qazana bilməyənlərə şans verdim. Nodar Məmmədov daim oynadı. Arif İsayevi, Saşa Yunisoğlu, Yaşar Abuzərovu oynatdım. Oyunçular bir növ üzərlərində olan yükü atdılar. Vacib görüşlərdə meydançaya çıxmaqla dərk etdilər ki, onlar da bu komandanın bir parçasıdırlar. Əlbəttə ki, məşqlərdə də bir dəyişiklik baş verdi. Amma texniki məsələlərə qarışmaq istəmirəm.

- Kamananın artıq 31 yaşı var. Onu bu yaşda Azərbaycana gətirmək bir az gec deyilmi?

- Düşünürəm ki, o komandaya xeyir verəcək. Təsəvvür edin, 2 oyunçu tapırsınız, hər ikisini çox istəyirsiniz, amma qərar verə bilmirsiniz. Onda bəlkə yaş amilinə baxmaq olar. Bizim tək istədiyimiz Kamanan idi. Həm də futbolda artıq yaş anlamı qalmadı. Kamanan kimi futbolçu 35 yaşına qədər oynayar.

- Mahir Şükürov barədə nə düşünürsünüz? Məlum hadisələrdən sonra futbolçuda nə kimi əskiklər var?

- Sadəcə, oyun baxımından problemi var. Hazırlığı, əhvali-ruhiyyəsi qaydasındadır.

- Dodo barədə də soruşmaq istəyirik. Adams adətən hücumu məhz bu futbolçunun üzərində qururdu. Siz ondan daha çox nəyi tələb edirsiniz?

- Bu, bəlkə də, kənardan belə görünür. Adamsın vaxtında da belə bir şey yox idi. Sadəcə, Dodo çox çalışan, qaçan, oyunu üzərinə götürmək bacarığı olan futbolçudur. Məcburən baş rolda olurdu. Kiməsə demirdik ki, topu alan kimi ona ver.

- Qarşıdakı 4 oyunda və ilk “altılıq” matçlarında heyətdə gənc futbolçular görə bilərikmi?

- Onlardan soruşmaq lazımdır. Əgər onlar oynamağa layiq olacaqlarsa, meydançaya da çıxacaqlar. Amil, Nail, Müşfiq, Tarzin, Ürfan kimi oyunçuları əsas heyətə cəlb etmişik. Onlara güvənmək istəyirəm. Əlbəttə ki, bacarıq göstərsələr, oynadarıq.

“Uğur üçün bir uyğunlaşma olmalıdır”

- Sizin baxışınıza görə, Azərbaycan futbolunda nə çatmır?

- İnfrastruktur olsa belə, biz birinci ölkələr sırasına düşə bilmərik. Davamlılıq olmalıdır. Bir komandanın bir baş məşqçi ilə yola davam etməsi Azərbaycan üçün önəmli məsələdir. Tez-tez dəyişiklik adətən xeyir vermir. Azərbaycanda tez-tez dəyişikliklərin olduğunu görürəm.

- Çünki bizim rəhbərlərin çoxu çempionluğu düşünürlər. Rednikin gedişinin səbəblərindən biri də ikinciliyin qəbul olunmamasıdır...

- Futbolda bu var. Qəribə hadisə deyil. Uğur üçün bir uyğunlaşma olmalıdır. Bir-birimizi tanımaq üçün 2 həftə bir yerdə olmaq bəs etmir.

- Rednik Azərbaycanda olduğu müddətdə 30 futbolçu gətirdi. Bununla inkişaf olar?

- Azərbaycan futbolu 10-15 il öncə bu sürətdə getsəydi, bəlkə də, çox yaxşı oyunçular ortaya çıxardı. Bilirsiniz, güclü futbolçu olmaq üçün 16 yaşında başlamaq gecdir. Bəlkə də, həmin şəxs artıq bu qatarı qaçırıb. İndi 6-7 yaşlı uşaqla müqavilə bağlayırlar.

- Azərbaycanda elə bir futbolçu varmı ki, gedib Superliqada oynasın?

- Belə suallara cavab vermək istəmirəm. Ad çəkmək xoşuma gəlmir. Milli komandada müəyyən işlər həyata keçirən oyunçular var, onların hansı səviyyədə olduqlarını görürük, amma say etibarı ilə çox deyil. Siz soruşmadan mən söyləyim. Deyirlər ki, “Qarabağ” gedib Superliqada oynaya bilərmi? Məncə, bu sualın qoyuluşu düz deyil. “Qarabağ” Avropada elə komandaları məğlub edib ki, bəlkə hər hansı bir Türkiyə klubu olsaydı, bunu bacarmazdı. Azərbaycanı, Qurban Qurbanovu sevirəm. “Qarabağ” “Visla”ya rəqib olanda dedim ki, bu komandanı keçmək mümkün deyil. Amma onları udub, növbəti mərhələyə çıxdılar. Odur ki, komandaları yox, liqaları müqayisə etmək olar. Yayım məsələsinə toxunmaq istəyirəm. Türkiyədə müxtəlif vəziyyətlərdən göstərirlər. Azərbaycan - Avstriya matçına baxın. Televiziyada baxıb məyus oluram. Topla davranan adamı görə bilmirsən. Televizya işini qüsursuz gördükdən sonra klubdan tələb edə bilər ki, mən yaxşısını edirəm, sən niyə yaxşı oynamırsan? Məncə, dövlət televiziyası millinin oyununu yayımlayırsa, bunu yüksək səviyyədə etməlidir. Nə isə haradan haraya gəldik...

Yeddigözəl şəlaləsindən su axmırdı”

- Bir az şəxsi həyatınız barədə söhbət edə bilərik?

- Əslində mən belə gözləyirdim, amma siz məni başqa yerlərə götürdünüz.

- Azərbaycanda ailənizlə yaşayırsınız?

- Ailəm də mənimlə olur. İndi burada deyil, qısa müddətdən sonra Antalyaya qayıdacağım üçün Türkiyədədir. 1 yaşında bir oğlum var.

- Qəbələdə sizin üçün xüsusi ev ayrılıbmı?

- Oteldə qalırıq.

- Qəbələdə yaşamaq ailəniz üçün necədir?

- Bir az çətindir. Dostların çoxu Türkiyədədir. Bizim sakit həyatımız var. Odur ki, ciddi problemimiz olmur.

- Televiziyada əsasən hansı kanallara üstünlük verirsiniz?

- Televiziya ilə münasibətimiz yaxşı deyil. Oyunları verəndə baxaram, olmayanda televizor bağlı qalır. Kinoya heç baxmaram. Həyat yoldaşım isə serialları internetdən izləyir.

- Yəqin ki, kitabları daha çox oxuyursunuz...

- Öz sənətimlə bağlı kitabları oxuyuram.

- Qəbələdə azarkeşlərlə ünsiyyətiniz necədir?

- Şəhərdə çox işimiz olmasa da, yaxşı münasibətin olduğunu deməliyəm. İşimiz normal olduğu üçün yaxşı sözlər eşidirəm.

- Qəbələdə çox gəzirsiniz?

- Yeddigözəl şəlaləsinə getmişəm. Həmin vaxt atam və anam gəlmişdilər. Amma su axmırdı. Qəbələni şəkildə görəndə deyərsən ki, kaş burada yaşayaydım. Bu mənada özümü şanslı sayıram. Məmnunam.

- Türkiyədə şəhər mühitində yaşamısınız?

- Çox dəyişkən yerlərdə yaşamışam. Şimalını, cənubunu, şərqini, qərbini, bir sözlə, hər yerini görmüşəm.

- Köçəri həyatınız nə ilə bağlıdır?

- Atamın işi ilə bağlı idi. Atam hərbçi olduğuna görə, çox gəzmişəm. 18 yaşında ali məktəbə qəbul olmuşam. Orta Doğu Texnik Universitetində bədən tərbiyəsi və futbol bölümündə təhsil almışam. Peşəkar səviyyədə futbolçu ola bilməmişəm. Həvəskar səviyyədə oynadıqdan sonra 26 yaşında məşqçiliyə başlamışam. 2002-ci ildə “Kocaelispor”da peşəkar səviyyədə çalışmağa başladım.

“Hər gün plov yeyərəm”

- Türkiyə mətbəxi ilə Azərbaycan mətbəxi arasında hansı fərqlər var?

- Yeməklərdə heç bir problem yoxdur. Mən yeməyə, içməyə fikir verən adam deyiləm. Hər gün plov versələr, yeyərəm.

- Danışığınızdan belə qənaətə gəlmək olar ki, sizin heç nəyə ciddi marağınız yoxdur...

- Mənim xarakterim belədir. Burada lülə kabab olsa, tam başqa (gülür). Lülə varsa, yeyərəm. Futbol varsa, hər şey var. Mən elə bir yerdəyəm ki, sevdiyim işi sevərək həyata keçirirəm. Əgər Zaur bəy (“Qəbələ”nin baş meneceri Zaur Əzizovu nəzərdə tutur-red.) mənə zəng vurub soruşsa ki, bu gün neçə məşq var? Desəm ki, 2 məşq... Qayıtsa ki, niyə 3 məşq deyil?.. O zaman iş “sevdiyim iş” olmaqdan çıxar.

- Azərbaycanın hansı yeməyini daha çox xoşlayırsınız?

- Əslində, belə bir təam dadmışam. Amma adını bilmirəm.

- Asudə vaxtla bağlı probleminiz varmı?

- Mənim çox gəzməyə marağım yoxdur. Uşaq olduqdan sonra, ümumiyyətlə, bu maraq azalıb. Elə adamam ki, heç bir işim olmasa, bir ay evdə oturaram. Sağlıq olsun, evimdə olum, bu mənə bəs edər. Həyatımdan məmnunam.

- Azərbaycan toyunda olmusunuzmu?

- Saşa Yunisoğlunun və Osman Umarovun toyunda olmuşam. Sizin toylarda yemək həddindən artıq olur.

- Şou-biznesə marağınız necədir?

- Ad olaraq yadımda qalmır. Amma Nigar və Eldarın “Avroviziya”da qalib olmasını görəndə tüklərim tikan oldu. Türkiyə və Azərbaycan bayrağının birgə dalğalanması mənə qəribə hisslər yaşatdı.

“Qurban Qurbanovun yanında fikirlərimi toparladım”

- Karyeranız ərzində hansı məşqçilərlə işləmisiniz?

- Hikmət Karaman, Güvənc Kurtar, Ziya Doğan, Qurban Qurbanov və Toni Adams.

- Həyatda şanslısınız?

- Çox şanslıyam. İçdə olan durum kənardan çox yaxşı görünməsə də, düşünürəm ki, işi yaxşı vəziyyətə gətirdik. “Qəbələ”də mənim üçün rahatlıqdır. “Bakı”ya uduzduqdan, “İnter”i məğlub edə bilmədikdən sonra üstümə düşmədilər ki, bu niyə belə oldu, bu niyə belə olmadı? Bunlar mənə rahatlıq gətirdi. Bu mənada şanslıyam ki, “Qəbələ”nin fikirləri mənim xəyalımdakı fikirlərlə üst-üstə düşür. Kimsə işimə qarışmır. Mənə klub desə ki, bu il Avropaya getməsən də olar, mən yenə getmək üçün çalışaram.

- Mətbuatın “Qəbələ”yə münasibəti barədə nə deyə bilərsiniz?

- Məncə, normaldır.

- 25 yaşlı Fatih Kavlakla 38 yaşlı Fatih Kavlak arasında fərqin olması adi haldır. Bəs 35 yaşlı Kavlakla 38 yaşlı, indiki Kavlak arasında nə kimi fərqlər var?

- Açıq deyim, Qurban Qurbanovla çalışdıqdan sonra fikrim daha da genişləndi. Türkiyədə daha çox fiziki göstəricilərə önəm verilirdi. Mən də həmin axına düşmüşdüm. Qurban Qurbanovun yanında işləyərkən elə bil silkələnib yuxudan oyandım. Lap köhnə Fatihə döndüm. İndi baxış tərzi Türkiyədə də dəyişib.

- Vaxt ötdükdən sonra sizə yenə ikinci məşqçi kimi çalışmaq təklif olunsa, necə qarşılayarsınız?

- Heç vaxt belə düşünmədim. Yəqin ki, belə şey olmaz.

- Avrokuboklara vəsiqə qazanmaq perspektivinizi necə görürsünüz?

- Hətta özümüzü artıq avrokuboklarda görürəm.

- Şər deməsən, xeyir gəlməz. Əgər ilk “altılığ”a düşsəniz, amma Avropaya gedə bilməsəniz, bunu necə qəbul edəcəksiniz?

- Əlbəttə ki, uğur sayılmayacaq.

- “Qəbələ”nin uzun aut atan oyunçusu var. Hər şeyi Lyuba Baraninin üzərində qurmaq nə dərəcədə düzgündür?

- Mən həmin oyunçuya inanıram. Futbol nəticə oyunudur. Qazananda yaxşısan, uduzanda pis. Biz oyunu təkcə onun üzərində qurmuruq. “Neftçi”nin heyətində də Rəşad Abdullayev çox yaxşı cərimə zərbəsi vurur. Onda deyək ki, Rəşad da zərbə vurmasın. Olmaz belə. Mən də “Qarabağ”da olanda deyirdim ki, bunlar nə edirlər? Futbol baxımından gözəl deyil, amma belə imkan varsa, niyə də istifadə etməyək?

“Neqativ nəsə görsək, müvafiq qurumlara xəbər verərik”

- Fikrimizcə, Avropaya getməyin ən qısa yolu kuboku qazanmaqdır. Siz necə düşünürsünüz?

- Bəli, belə görünür. Amma çempionatdan fərqli olaraq, kubokda bir məğlubiyyət hər şeyi məhv edir.

- Azərbaycanda böyük müzakirə mövzusu olan hakimliyə toxunmadıq. Bəziləri hakimlərin bilərəkdən, bəziləri isə bilməyərəkdən səhv etdiyini düşünür. Siz nə fikirləşirsiniz?

- Mən ikinci qrupa aidəm. Düşünürəm ki, hakim bilmədən səhv edir. Əgər neqativ nəsə görsək, müvafiq qurumlara xəbər verərik. Hər halda, bu, mənim düşüncəmdir. Mənə elə gəlir ki, bunu çıxıb danışmağın bir mənası yoxdur.

- Amma elə epizod olur ki, məsələnin ikinci tərəfini fikirləşmək olmur...

- Fikirləşmək məcburiyyətindəyik. Əgər hakimin qəsdən səhv etdiyini düşünürəmsə, bunu hər hansı bir futbolçuya da şamil etməliyəm. Yəni bəzən futbolçu yüz faizlik qolu vura bilmir. Onda biz ona “qəsdən vurmadı” demirik axı. Amma qəsdən səhv edənlər var ki, mən onlar barədə, ümumiyyətlə, danışmaq istəmirəm. Bunun insanlıqla əlaqəsi yoxdur.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq822
2AZAL814
3İnter812
4Simurq810
5Bakı810
6Qəbələ88
7AZAL86
8Rəvan86
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

8

19.10.2019
17:00
Qəbələ
Qarabağ
1
1
19:00
Keşlə
Sabah
1
1
20.10.2019
17:00
Neftçi
FC Zire
3
0
19:00
Səbail
Sumqayıt
0
2



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.