Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
20.01.2012 / 0 şərh / 2089 -dəfə baxılıb

Cüneyt Biçər: Rednik özünü bu qədər sevdirə bilmişdisə, deməli, bunun bir səbəbi var

“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçərin müsahibəsi

“Rusiç və Mario ilə də yollarımızı ayıracağıq”

- Artıq hazırlığa başlamısınız. İşlər necə gedir?

- Yanvarın 6-da komandanı bir araya gətirdik. Öncə üç gün Bakıda məşq etdik. Daha sonra futbolçulara bir günlük istirahət verdik və ardınca Lənkəranda məşqlərimizi davam etdirdik. Daha sonra yenidən bir günlük istirahət oldu və yanvarın 16-da Antalyaya gəldik. Məşqlərimiz plan üzrə gedir. 4 və ya 5 yoxlama oyunu keçirəcəyik. Bunlardan üçü artıq bəllidir.

- Bəzən istirahətdən gələndən sonra futbolçularda artıq çəki olur ki, bu da məşqçilər üçün müəyyən problemlər yaradır. Konkret sizin analoji probleminiz yoxdur ki?

- Xeyr, bu barədə problemimiz yoxdur, bütün futbolçularımız lazımi formada gəliblər. Onsuz da getməmişdən öncə hər birinə ayrıca proqram vermişdik. Sağ olsunlar, onlar da buna lazımi qaydada əməl ediblər.

- Bu günə qədər neçə futbolçu rəsmən klubdan ayrılıb?

- Rəsmən Oparanın ayrıldığını deyə bilərəm. Bundan başqa, Rusiç və Mario ilə də yollarımızı ayıracağıq.

- Həmin futbolçuların bundan xəbərləri varmı?

- Əlbəttə. Hər ikisinə deyilib.

“5 yeni futbolçu transfer etməyi düşünürük”

- Gedənlərin yerinə neçə futbolçu transfer etməyi düşünürsünüz və onlar konkret hansı mövqelər üzrə olacaq?

- Gedən futbolçuların oynadıqları mövqeyə uyğun futbolçular transfer edəcəyik. Üstünlüyü daha çox hücumameylli futbolçulara verəcəyik. Təxminən 5 yeni futbolçu transfer etməyi düşünürük.

- Hamısı legioner olacaq, yoxsa yerli futbolçu da nəzərdə tutulub?

- Dövrələrarası fasilədə yerli futbolçu tapmaq o qədər də asan deyil. Hələlik “Turan”dan gənc Akif Tağıyevi heyətimizə qatmışıq. Çox bacarıqlı futbolçudur, gələcəyinə inanıram. Bundan başqa, əvəzedici heyətimiz üçün də “Rəvan”dan bir futbolçu aldıq. İnanıram ki, həmin futbolçu gələcəkdə əsas komanda üçün də faydalı olacaq. Amma qalan futbolçular ölkə xaricindən olacaq.

- Bilirik ki, Afrikaya getmişdiniz və Malidən 3 futbolçu bəyənmişdiniz. Yeni transferlərin məhz həmin futbolçular olacağını demək olarmı?

- Demək olar ki, hə. Onlardan artıq ikisi ilə razılığa gəlinib, yerdə qalan biri ilə də 90% razılaşmışıq.

“Rəqiblərimiz Türkmənistan millisi, Albaniya çempionu və Qazaxıstan yüksək liqa təmsilçisi olacaq”

- Mirça Rednikin dönəmində rəhbərlik tərəfindən maliyyə ayrılmasinda problem yox idi. Yəni rumıniyalı məşqçi kimi istəyirdi, onu da gətirirdi. Bu məsələdə indi vəziyyət necədir?

- İndi də bu barədə heç bir problem yoxdur. Sağ olsunlar, lazım olan bütün şəraiti yaradıblar. Amma rəhbərlik pul xərcləməkdə xəsislik etmirsə, bu o demək deyil ki, biz də həmin pulu hara gəldi xərcləməliyik. İlk növbədə bizim üçün faydalı olan oyunçuları transfer edəcəyik. Əlbəttə, bu tip məsələlərdə pul da çox önəmlidir. Çünki pul olmasa, yaxşı futbolçu ala bilmərsən. Bizim iş prinsipimizdə əsas odur ki, alınan futbolçu ona ödənilən məbləğin qarşılığını verə bilsin.

- Az öncə yoxlama görüşlərinizlə bağlı qısaca məlumat verdiniz. Bir qədər geniş danışsanız yaxşı olardı. Oyunlar nə zaman keçiriləcək və rəqiblər kimlər olacaq?

- İlk iki oyunumuz yanvarın 21-də və 24-də olacaq. Rəqiblərimizə gəlincə, ilk üç rəqibimiz Türkmənistan milli komandası, Albaniya çempionu və Qazaxıstan yüksək liqasından bir komanda olacaq.

- Baş məşqçi postunda Redniki əvəz etdikdən sonra dəyişikliklər gözlənilən idi və bu oldu. Komanda artıq müdafiə yox, hücum futbolu oynayır. Bu, bizim gördüyümüz dəyişiklikdir. Ümumiyyətlə, komandada nəyi dəyişdiyinizi düşünürsünüz?

- Hər məşqçinin öz oyun fəlsəfəsi, sistemi, taktikası, futbola baxış tərzi var və bunlara hörmətlə yanaşmaq lazımdır. Lakin mən düşünürəm ki, “Xəzər Lənkəran” kimi komanda ancaq hücum futbolu oynamağa məcburdur. Çünki hədəfləri böyükdür. Bundan başqa, əgər əlinizdə hücum futbolu oynamağa cavab verəcək heyət varsa, bunu ortaya çıxarmalısınız. Bu məsələni futbolçuların özləri ilə də danışdıq, bəzilərinin mövqeyində dəyişiklik etdik, sistem olaraq dəyişiklik etdik. Məsələn, əvvəl komanda iki dayaq yarımmüdafiəçisi ilə oynayırdı, indi isə bir dayaq yarımmüdafiəçisi ilə oynayıb, gücü hücuma yönəldirik. Bu dəyişikliklərimizin komandanın xeyrinə olduğunu düşünürəm. Son oyunlarda əldə olunan nəticələr də bunu göstərdi. Hər halda, 3 oyunda 7 qol vurmaq heç də az iş deyil.

“Hamı gəldi gedərdir,ancaq “Xəzər Lənkəran” burada qalacaq”

- Rednik topla rəftarı çox yüksək səviyyədə olan Vobayı müdafiədən oynadaraq, onun əl-qolunu bağlayırdı. Lakin siz onu daha ön mövqeyə çəkmisiniz və nəticədə son iki oyunda 2 qol vurub. Yəqin ki, bu futbolçunu bundan sonra da irəlidə görəcəyik...

- Vobay güclü futbolçudur, topla oynamağı sevir. Ancaq mən futbolçularım haqda fərdi danışmaq istəməzdim. Mənə görə, əgər ön xətdə 4-5 futbolçu oynayırsa, onların hamısının vurulan qollarda əməyi olmalıdır. Məsələn, vurduğumuz son 7 qolda 3-4 futbolçunun adı var. Komanda üçün hər bir futbolçu faydalı olmalıdır.

- Belə başa düşdüm ki, oyunu bir futbolçunun üzərində qurmayacaqsınız?

- Xeyr, belə bir düşüncəmiz yoxdur. O zaman problemlər yarana bilər. Ola bilər ki, oyunu üzərində qurduğun futbolçu zədələnə bilər və bu zaman onu əvəzləyən futbolçu eyni oyunu göstərə bilməz.

- “Xəzər Lənkəran” azarkeşləri tərəfindən Mirça Rednikə hədsiz sevgi var idi. Hətta siz yeni baş məşqçi təyin olunduqdan sonra keçdiyiniz ilk məşq zaman bir qrup lənkəranlı azarkeş məşq keçilən məkana gələrək “Rednik, Rednik” deyə qışqırmışdı. Əllərində isə rumıniyalının plakatı var idi. Bu baş verənlər sizi psixoloji cəhətdən ruhdan salmırdı?

- Biz peşəkar insanlarıq. Təbii ki, azarkeş öz təpkisini göstərəcək və göstərməlidir. Bunun mənim işimə, psixoloji durumuma o qədər də ciddi təsir göstərdiyini deyə bilmərəm. Yəni mənfi mənada. Çünki mənim işim komandanın uğuru üçün çalışmaq və ona fayda verməkdən ibarətdir. Yenə səmimi olaraq deyirəm ki, olanlar mənə psixoloji cəhətdən mənfi təsir etmədi. Bununla belə, düşünürəm ki, lənkəranlı azarkeşlər hər şeydən öncə “Xəzər Lənkəran”ı dəstəkləməlidirlər. Biz öz işi ilə məşğul olan peşəkar insanlarıq. Bu gün buradayıq, sabah başqa yerdə ola bilərik. Eyni sözlərim futbolçular üçün də keçərlidir. Hamı gəldi gedərdir, ancaq “Xəzər Lənkəran” burada qalacaq. Odur ki, ilk olaraq komanda dəstəklənməlidir.

- Ümumiyyətlə, Rednikə olan bu hədsiz sevgi nədən irəli gəlirdi, bəlkə siz deyəsiniz?

- (gülür). Vallah, mən də bilmirəm. Hər halda, özünü bu qədər sevdirə bilmişdisə, deməli, bunun bir səbəbi var.

“Bütün 6 komandanın bir-birini məğlub etmək şansı var”

- Qazanılan 7 xaldan sonra “Xəzər Lənkəran” azarkeşlərində sizə qarşı müsbətə doğru dəyişiklik hiss edirsinizmi?

- Bilirsiniz, mən kənardan gələn məşqçi deyiləm. Onsuz da komandanın içində idim. Əsas heyətin baş məşqçisi olmamışdan öncə klubun bütün yaş qrupundan olan komandaları ilə maraqlanırdım və həmin zamanlar da lənkəranlı azarkeşlərlə münasibətim yaxşı olub. Hətta bunu gənc futbolçuların valideynləri də təsdiqləyə bilərlər. Mənim tərəfimdən heç bir problem olmayıb. Əksinə, təəssüflənirəm ki, kaş “Bakı”nı 3:0 hesabı ilə məğlub etdiyimiz oyun boş tribunalar önündə oynanılmazdı və azarkeşlərimiz həmin qələbədən zövq alardılar.

- Redniki dəstəkləyən bir qrup azarkeş hətta sizin topladığınız 7 xaldan sonra da fikrini dəyişməyib. Əksinə, belə bir fikir söyləyirlər ki, Rednik hazır komanda qurub getmişdi, Biçər həmin hazır komandanın hesabına nəticə qazanır. Siz, həqiqətən də, hazır maşının sükanı arxasına keçmisiniz?

- (gülür). Bilirsiniz, normal bir şeydir. Bir məşqçi gedər, digəri gələr. Yeni gələn məşqçi keçmiş məşqçinin qurduğu komandanı daha yaxşı idarə edə bilər, yaxud əksinə də ola bilər. Önəmli olan komandanın düzgün idarə olunmasıdır. Məndən əvvəl məşqçi düzgün işlədi, ya işləyə bilmədi, onsuz da bununla bağlı heç bir fikir söyləməyəcəyəm. Çünki peşəkarlıqla üst-üstə düşmür, həm də xarakterimdə yoxdur. Mənim işim komandaya faydalı olmaq, ona uğur qazandırmaqdır. Son 3 matçda göstərdiyimiz oyunlar və qazandığımız nəticlər doğru yolda olduğumuzu göstərir.

- Hədəfiniz çempionluqdur, bu, məlumdur. Amma qış fasiləsindən sonra sizi çox çətin marafon gözləyir. Nə düşünürsünüz?

- Mən bu fikri daha öncə söyləmişəm, indi bir daha təkrarlayıram. Azərbaycan çempionatı iki hissədən ibarətdir, qış fasiləsinə qədər olan dövr və qış fasiləsindən sonrakı dövr. Qış fasiləsindən sonrakı dövr hər zaman çətin keçir. Futbolçularla da bu haqda danışmışam. Xüsusilə “altılıq” mərhələsi çox ağır keçəcək. Çünki bərabər səviyyəli 6 komanda mübarizə aparacaq. Bütün 6 komandanın bir-birini məğlub etmək şansı var. Buna görə də ilk mərhələdə qazanılan xallar çox önəmlidir. Önümüzdə ilkin mərhələdən hələ daha dörd oyun var və əsas hədəfimiz həmin dörd matçdan maksimum nəticə ilə ayrılmaqdır.

- Digər rəqiblərinizi necə dəyərləndirirsiniz? Turnir cədvəlinə nəzər salarkən əsas rəqiblərinizin “Neftçi” və “İnter” olduğu görünür...

- Bəli, turnir cədvəli baxımından bu cürdür, çünki həm “Neftçi”, həm də “İnter” bizdən üst sırada qərarlaşıblar. Amma yenə deyirəm, ilk “altılıq”da yer alacaq bütün komandalar bir-birlərini məğlub edəcək gücdə olacaqlar. Odur ki, onlar arasında ayrıseçkilik aparmaq doğru olmaz.

“Bakı” daha yüksək yerlərdə olmalıdır”

- Yəqin ki, kubokdakı hədəfiniz də fəxri mükafata sahib çıxmaqdır...

- Təbii. Çox istəyirəm ki, daha öncə yaşadığım sevinci bir daha yaşayım. 1/4 finaldakı rəqib “İnter”dir. O “İnter” ki, bu mövsüm “Xəzər Lənkəran”ı iki dəfə məğlub edib. Ümid edirəm ki, kubokda onlara qalib gəlməyi bacaracağıq.

- Yeri gəlmişkən, kuboku qazandırdığınız sabiq klubunuz “Bakı” hazırda heç də yaxşı günlərini yaşamır. Sizcə, bu klubun problemi nədədir, niyə liderlər qrupundan bu qədər uzaq düşdülər?

- “Bakı”nın probleminin nədən ibarət olduğunu bilmirəm. Bunu komandanın içində olan insanlar daha yaxşı bilər və inanıram ki, bir çıxış yolu tapacaqlar. Çünki “Bakı” daha yüksək yerlərdə olmalıdır. Ümid edirəm ki, olacaq da.

- Əgər sizin 3:0 hesablı qalibiyyətinizin vurduğu zərbədən sonra özlərinə gəlsələr. Qəribədir, bir tərəfdən böyük hesabla məğlub edib zərbə vurursunuz, sonra da uğurlu çıxış etmələrinə ümid edirsiniz...

- (gülümsünür). Futbolun içində bu cür şeylər olur. Bəli, bizim tərəfdən hər şey əla idi, oyun da, nəticə də. Lakin rəqib tərəfdən tam əksinə oldu. Futboldur.

- Tanınmış futbol adamlarından biri belə bir ifadə işlətmişdi: “Futbol çox qəddar oyundur”. Yəni bəzən peşəkarlıq naminə çıxıb illərlə formasını geyindiyin komandanı məğlub etməli olursan...

- Elədir, nə eləmək olar? Peşəkar futbolun tələbi budur. Harada işləyib çörək qazanırsansa, həmin komandanın uğuru üçün əlindən gələni etməlisən.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1126
2AZAL1123
3İnter1120
4Simurq1116
5Bakı1112
6Qəbələ1111
7AZAL119
8Rəvan116
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

10.11.2018
17:00
Sabah
Səbail
0
4
19:00
Neftçi
FC Zire
2
2
11.11.2018
17:00
Qəbələ
Qarabağ
1
3
19:00
Sumqayıt
Keşlə
1
4



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.