Klub xəbərləri
- 23.01.2012 / 0 şərh / 1785 -dəfə baxılıb
- Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk sınaq matçını keçirib. Təmsilçimizin rəqibi Qazaxıstan klubu olub. Belə ki, “Qəbələ” sabiq baş məşqçisi Ramiz Məmmədovun bir müddət çalışdırdığı “Atırau” klubu ilə qarşılaşıb. Hesabı 11-ci dəqiqədə “Qəbələ” açıb. Viktor Mendi topu qapıçının üzərindən aşırmaqla onu arxada qoyub və başı ilə qapıya yol tapıb. Cəmi 6 dəqiqə sonra “Atırau” hesabı bərabərləşdirib. Vladislav Buaç fərqlənib. 24-cü dəqiqədə qazaxlar hesabda irəli çıxıblar. Bu dəfə Valentin Çureyev komandasını sevindirib.
Qəbələ (Azərbaycan) – Atırau (Qazaxıstan) 1:2
Qollar: Viktor Mendi, 11 – Vladimir Boaç, 17. Valentin Çuriyev, 24.
Qəbələ: Pavel Doroşev (Qrem Smit, 46), Ürfan Abbasov (Saşa Yunisoğlu, 46), Nodar Məmmədov, Sergey Sokolov (Mahir Şükürov, 46), Lyubo Baranin (Daniel Kruz, 46), Tərzin Cahangirov (Elmar Baxşıyev, 46), Bruno da Silva (Aleksandr Çertoqanov, 46), Nuran Qurbanov (Luis Hilario Dodo 46), Viktor Mendi (Arif İsayev, 46), Deon Barton (Veselko Trivuniviç, 46), Yannik Kamanan (Murad Hüseynov, 46).
Fatih Kavlak (“Qəbələ”nin baş məşqçisi): “Oyun çətin mübarizə şəraitində keçdi. Komandanın vəziyyətini, fiziki durumunu, taktiki tapşırıqları necə yerinə yetirdiyini görmək baxımından yararlı matç oldu. Hesab önəmli olmasa da, hesabın belə alınmasında buraxdığımız səhvlər çox önəmlidi. Bu səhvlər üzərində işləyərək hazırlığımızı davam etdirəcəyik”.
Bu arada "Qəbələ"nin planı dəyişib. Fatih Kavlakın komandası 2-ci oyununu yanvarın 28-də Rumıniya "Kluj"u ilə qarşılaşmalıydı. Ancaq rəqib bu oyundan imtina edib. Bu səbəbdən "Qəbələ"nin planında dəyişiklik olunub. Bölgə təmsilçisi yanvarın 29-da Polşanın "Yaqelloniya", 31-də Rumıniyanın digər klubu "Universitatea", fevralın 2-də isə Qazaxıstanın "Kayrat" klubu ilə qüvvəsini sınayacaq.