Klub xəbərləri
- 23.01.2012 / 0 şərh / 1894 -dəfə baxılıb
“Sumqayıt”ın yeni transferi Yasin Abbasovun müsahibəsi
- Premyer Liqanın birinci dövrəsi sənin üçün nə ilə yadda qaldı?
- Premyer Liqanın ilk dövrəsi mənim üçün olduqca pis keçdi. “Turan”dakı məlum hadisələr bütün futbolçular kimi mənə də psixoloji cəhətdən pis təsir etmişdi. Bu səbəbdən Tovuz klubunda istədiyim oyunu nümayiş etdirməkdə çətinlik çəkirdim.
- “Sumqayıt”a gəlişin necə baş tutdu?
- İki ay bundan əvvəl “Sumqayıt”ın mənimlə maraqlanmasını eşitmişdim. Bu klubdan başqa, Premyer Liqanın bir necə komandası da xidmətimdə maraqlı idi. Təklif aldıqdan sonra “Sumqayıt”ın rəhbərliyi ilə görüşdüm. Rəhbərliyin futbolçularla münasibətini gördükdən sonra burada oynamağa razılıq verdim. Bir klubun rəhbərliyi futbolçu ilə xoş münasibətdə olursa, futbolun inkişafı üçün bacardığı hər bir şeyi edirsə, bu məkanda olmaq insana xüsusi zövq verir. Sözün əsl mənasında “Sumqayıt”ın rəhbərliyi tək mənə yox, heyətdə yer alan bütün futbolçulara xoş münasibət göstərir və futbolun inkişafı üçün çalışır.
- Antalyadakı hazırlıq prosesi necə gedir?
- Müqavilə imzaladıqdan sonra Antalyaya klubun düşgəsinə yollandım. Məni burada çox xoş qarşıladılar. Baş məşqçi Bernhard Raabla tanış olduqdan sonra ilk məşqimə çıxdım. Hazırda təlim-məşq toplanışı yüksək səviyyədə davam edir. “Paderborn”la yoxlama oyununun ikinci hissəsində də meydana çıxdım. Düşünürəm ki, hazırlıq prosesinin sonuna qədər komandaya tam uyğunlaşacağam.
- Yeni klubun haqqında nə deyə bilərsən?
- Bu layihəni çox bəyənirəm. “Sumqayıt” Azərbaycan futboluna çox xeyir verəcək. Bildiyiniz kimi, komanda gənc futbolçulardan qurulub. Burada oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək. Əlbəttə, gənclərin yanında bir neçə təcrübəli futbolçunun olması da məqsədəuyğun haldı. “Sumqayıt” Premyer Liqanın ilk dövrəsində yaxşı təsir bağışladı. “Qarabağ”, AZAL və “Kəpəz” kimi komandalarla oyunda qələbə qazanmaq klubda görülən işlərin nəticəsidi. “Sumqayıt”da oyun praktikamı artırıb, uğurlu çıxışımla Azərbaycan millisinə çağrılmaq istəyirəm. Yığmanın formasını geyinmək ən böyük arzumdu.
- Premyer Liqanın ikinci mərhələsindən nə gözləyirsən?
- Altılıq mərhələsinə qədər bizi 4 çətin oyun gözləyir. Bu qarşılaşmalarda xallar toplamaq məcburiyyətindəyik. Düşünürəm ki, “Sumqayıt” Premyer Liqada 7 və ya 8-ci pillələr üçün oynaya bilər. Gələn mövsüm isə bu klub daha uğurlu nəticə əldə edəcək.