Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
23.01.2012 / 0 şərh / 3496 -dəfə baxılıb

ŞOK! Kamran Ağayev Redniki yıxıb-sürüdü (Müsahibə)

Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin müsahibəsi

“Redniki Rednik edənlərdən biri də mən olmuşam”

- Gəl səninlə də söhbətə hazırlıqdan başlayaq...

- Mənim üçün bir az çətindir, çünki 14 gün idi məşq eləmirdim. Yalnız ayağımı müalicə etdirmişəm və dəhşət kilo almışam. Ona görə komanda gündə iki dəfə məşq edəndə, mən üç dəfə eliyirəm. Üzərimdə çox işləməliyəm ki, tezliklə əvvəlki formamı bərpa edim. Əsas odur ki, heç bir yerim ağrımır, tam sağlamam. Kollektivdə əhvali-ruhiyyə də əladır. Dava-dalaş da hər zaman olur. Təlim-məşq toplanışları zamanı həmişə belə hallar baş verir. 3-4 gün mehribançılıq, sakitlik olur, məşqdə də bir-birini vuranda tez deyirsən “bağışla”. Ancaq 5-6 gündən sonra nə “bağışla”, hamı qırır bir-birini. Mən də bunu normal qarşılayıram. Ağır fiziki məşqlər keçirsən, bir də görürsən beyin qızır. Belə götürəndə, hər bir ailədə problem olur, komanda da bir ailədir.

- Cüneyt Biçərin gəlişindən sonra nə dəyişib?

- Əhvali-ruhiyyə elə Rednikin vaxtında da normal olub. Sadəcə, bir neçə futbolçu ilə onun arasında problem var idi. Həmin futbolçulardan ilk olaraq mənim adımı çəkirlər, ancaq belə deyil. Rednikin başı üçün deyil mənimlə problem yarada. Uzaq başı şələ-küləmi yığışdırıb “Xəzər Lənkəran”dan gedərəm. Çünki mən onun əqidəsində deyiləm kiməsə “kisələnim”. Rumıniyada olsaydı o, mənə problem yaradardı. Amma bura Azərbaycandır və mən də Azərbaycanın bayrağını qaldırıram. Ən azı çalışırıq ki, əlimizdən gələni edək. Nə qədər ki, bu komandadayam, lazım gəlsə, lap torpağını da yeyərəm.

- Maraqlıdır ki, təzə gələn vaxtlarda Rednik səni tərifləyirdi, Azərbaycanda “1 nömrə” hesab edirdi. Sonradan nə baş verdi?

- O, ümumiyyətlə, hər yerdə tərifləyir. Çünki özü-özünü sığortalamağı yaxşı bilir. Hamı bilir o necə insandır. Adama sual verirlər ki, filankəs necə adamdır, deyir onunla yola çıxmamışam. Yəni bir insanı daha yaxşı tanımaq üçün onunla yol yoldaşı olmalısan. Bizdə də komandanın içində olan hər kəs bilir ki, Rednik necə adamdır. Ola bilər ki, yaxşı məşqçidir. Onu da “ola bilər” deyirəm, çünki yanıla bilərəm. İnsanlığını isə dediyim kimi, bütün komanda bilir. Bu elə insandır ki, istəyir publika ona əl çalsın.

- Maraqlıdır ki, həmin publika sizə də əl çalırdı. Ancaq sonradan nə baş verdisə, həmin publika sizi söyüb Rednikə əl çalmağa başladı...

- Özünüz fikirləşin. Rednikin yerində erməni belə olsaydı və görsəydi ki, onun üçün torpağı yeyirəm, öz əlimlə ona kubok vermişəm, lazım gəlsə mənə görə hər şeyi keçməliydi. Çünki Redniki Rednik edənlərdən biri də mən olmuşam. Birincisi, onunla elə bir problem yaşamırdım. Düzdür, prinsipial insanam, özümdən tez çıxıram, haqsızlığa dözmürəm. Mirça Rednikin başqa problemi var idi. Araşdırmağa da ehtiyac yoxdur, onun problemi qapıçı ilə bağlı olub. Mən jurnalist olsam, Rednikə sual verərəm ki, il yarım işlədi və bu müddətdə 3 dəfə transferlər elədi və 4 qapıçı alıb-satdı. Gələn kimi Dmitri Kramarenkonu çıxardı, Denisi aldı, Denisi yola saldı, Kopeli aldı, Kopel getdi, Kamal gəldi. Əslində, qapıçını ildə yox, beş ildə bir dəfə dəyişirlər. Özü də həmin qapıçını əsas qapıçı kimi gətirmək istəyirdi. Nəsə maddi marağı var ki, belə edir, mən bilmirəm, elə şeylərə qarışmaq istəmirəm. Onun rəhbərliyi altında oynamış Rikardo yenidən qayıtdı gəldi, digər futbolçular getmək istəyirdilər. Nə işlər çevirirdi, özü bilirdi. Onun problemi rəhbərliklə olub, bizimlə yox.

- Maraqlıdır ki, niyə azarkeşlər onu bu qədər sevirdilər? Hətta komanda “Neftçi”yə 0:5 hesabı ilə uduzanda da sizi söyüb, onu dəstəklədilər...

- Bilirsiniz, insanlar nəyə qulluq edirlər, bilmirəm. Bunu hamıya şamil eləmirəm. Bəzi düşüncəyə malik olanlara aid edirəm bu sözü. Deyirlər ki, guya “Neftçi”yə qarşı bilə-bilə oynamamışam, amma yalan sözdür. Deyilənə görə, hansısa jurnalist Avstriyadan nəsə yazıb, şəxsən mən elə adama alçaq deyirəm. Konkret alçaq və səviyyəsiz o adama deyirəm ki, mənim hərəkətlərimi, problemləri vaxtında görüb yazmayıb. Əgər yaxşı jurnalistsənsə, bunu vaxtında niyə yazmırdın, niyə susurdun? Bilirsən niyə? Çünki vaxtında belə şeylər olmayıb. Sadəcə, Rednik gedəndən sonra bəziləri çörəklərindən oldular. Ancaq biz o əqidə ilə yaşamırıq. Bax, artıq özümdən çıxıram (həqiqətən də, əsəbiləşməyə başlayır). Mən belə şeyləri xoşlamıram və heç vaxt da o cür yaşamayacağam. Təxmini siz də bilirsiniz söhbət kimdən və nədən gedir.

“Dedim ki, belə şey xoşlamıram və çantamı götürüb getdim”

- Həqiqətən də, elə söhbət olmuşdumu ki, yay toplanışında düşərgəyə rumıniyalı qapıçı gəlib və sənin qısqanclığını görəndən sonra Rednikə deyib ki, mən gedirəm, qoy elə Kamran qalsın, əsas heyətdə də o oynasın?

- İndi o məsələni də açıqlayım. Mirça Rednik bəzi insanların əlinə “volya” verəndə adam əsəbiləşir. Hamı əziyyət çəkir, mən də əziyyət çəkirəm, ancaq xoşlamıram ki, kimsə komandada “bardaq” yaratsın. Halbuki, ən çox “bardaq” yaradan mənəm. Amma mən qələt eliyərəm, elə “bardaq” yaradaram komandada. Bu azərbaycanlı uşaqlara aid deyil, çünki biz bir-birimizi gözəl başa düşürük. Gəlmə oyunçulara da hörmətlə yanaşırıq, onlar da bizə hörmətlə yanaşırlar. Mən demirəm ki, qarşımda əyilsinlər. Çünki mən heç kiməm, adi futbolçuyam. Sözümü ona gətirmək istəyirəm ki, hamı komandaya hörmətlə yanaşmalıdır. İstəmirəm gəlib pulunu alıb, çıxıb getsin. “Makkabi” ilə düşəndə hamı deyirdi ki, mərhələni keçə bilməyəcəyik. Lakin Yunanıstan millisi sübut edib ki, futbolda təsadüfi heç nə olmur. Mən orada Mirça Redniklə dalaşmamışam, sadəcə, o, demişdi ki, kim onu xoşlamırsa, getsin. Mən də dedim ki, belə şey xoşlamıram və çantamı götürüb getdim.

- Bəs rumın qapıçı söhbəti nə məsələdir?

- Rumın qapıçı gəlməmişdi. Rednikin dediyinə görə... (bir qədər pauza verir). İstəmirəm də bu haqda danışım, yəni alqı-satqı məsələsi idi, üstübağlı danışaq, özümüz başa düşəcəyik. Həmin qapıçı guya əsas qapıçı kimi gəlməli idi, amma Rednik deyirdi ki, mən səni ehtiyat qapıçı kimi alıram. Bu qeyri-peşəkarlıqdır. Rednik bu ifadəni ağzından çıxarmışdı ki, mənim əsas qapıçım var, səni ehtiyat qapıçı kimi alıram. Bu nə deməkdir, qapıçı alırsansa, oynamalıdır. Ümumiyyətlə, heyətdə tez-tez qapıçı dəyişikliyini sevmirəm. Kim güclüdür, o da oynamalıdır.

- Həmin rumıniyalı qapıçının “Xəzər Lənkəran”ın məşqində Rednikin əlini sıxıb “mən gedirəm” deməsi epizodu olmayıb?

- Mən belə şey görməmişəm. Dediyim kimi, problem başqa şey olub. Rednik ayağını vurdu yerə və dedi ki, mənim şərtlərim budur, bunu etməlisiniz, mən də dedim belə şey xoşlamıram və düşərgəni tərk elədim. Çünki mən səndən ötrü qolumu-qıçımı sındırıram, sən ayağını vurursan yerə ki, mən deyən olmalıdır. Xeyr, mənim öz dəst-xəttim var, xoşuna gəlir qalım komandada, gəlmir çıxım gedim. Klubun öz nizamnaməsi var, məşqə 5 dəqiqə geciksəm, cərimə elə, buna haqqın var. Ancaq öz hökmlərini diktə edirsənsə, insanlığın yoxdursa, sənin dediklərini eləmərəm. Rednik insan olsaydı, ikiqatını eliyərdim, lap əyilib ayaqqabısının bağını da bağlayardım. Amma sən insan kimi insan deyilsən axı. Məsələn, Ağasəlim Mircavadov. Harada məni tuturdu danlayırdı. Hətta elə vaxt olurdu ki, heç Ağasəlim müəllimə salam vermək istəmirdim. Amma günü bu gün də nə desə qarşısında susuram, çünki ağsaqqalımızdır, Azərbaycan futbolu üçün nəsə edib. Bundan başqa, insanlığı da var, məni danlayırsa, bilir nə üçün danlayır. Belə baxanda, Rednikə də cavab qaytarmamışam, dalaşmamışam. Sadəcə, demişəm ki, mən belə şey xoşlamıram, gedirəm. Sonra komandanın rəisi Səməd Mustafayev gəlib deyib ki, o hirsli olub, elə demək istəməyib. Mən də demişəm nə olar, insanıq da. Sonra aramız normallaşıb, amma yenə hökmlərini sürməyə başlayıb. Guya acıq çıxır. Məsələn, mən universitetdə oxuyuram və orada olmağım vacib idi, imtahanlar var idi, ancaq o icazə vermədi. Hə, qoymadı, ixtiyar onun əlində idi, bir söz demədim. Onsuz da sonradan yoluna qoydular. Sonrasına gəlim. Çempionat artıq gedirdi, çıxdım “Kəpəz”ə qarşı oynadım, “Bakı”ya qarşı oynadım, sonra dedim ki, artıq ağrıyıram, oynaya bilmirəm. Çünki istəmirəm çıxım səhv edim. “Bakı” ilə oyunda səhv elədim. Sağ ayağım işləmirdi, sola keçirib irəli vurmaq istədim, amma səhv elədim, Parks qol vurdu. Hamı dedi ki, Kamran məzələnmək istədi. Futboldan kənar adamlar bu cür düşünə bilərlər. Oyundan sonra dedim ki, ayağım ağrıyır, özləri də razılaşdılar, çünki bir dövrə qaçdım, gördüm doğrudan ağrıyır. Dedim ki, ağrısını kəsin, məşq edim. Razılaşdılar, “Neftçi” ilə matçdan bir gün öncə Bakıya müayinəyə göndərdilər, yırtıq çıxdı, təsdiqləndi və gecə otelə gəlib komandaya qoşuldum. Sonra bütün mətbuata da bildirdim ki, oynamayacam, ağrıyıram. Rednik də oteldə tərcüməçisi vasitəsilə mənə dedi ki, onsuz da oynamırsan, get evə dincəl. Elə ki oyun oldu qurtardı, düşdülər mənim üstümə ki, sən bilə-bilə oynamamısan. Hər şey də bundan sonra başladı. Niyə oynamamısan, qoyma ayağını avtobusa, get bu qədər gətir, səni komandadan çıxartdıq. Mən də başımı aşağı saldım. Bilirdim ki, belə olacaq, çünki heç kim əbədi deyil. Rednikə görə üzülürəm ki, indi burada yoxdur, yoxsa yenə gedib 62 legioner gətirərdi, biz də baxıb futbol öyrənərdik, bizim üçün məktəbdir (gülür).

“Neftçi”yə xeyir verə bilmərəm, çünki ürəyim “Xəzər Lənkəran”ladır”

- Ümumiyyətlə, xatırlayırsan indiyə qədər “Xəzər Lənkəran”da 6 ayda heyəti bu qədər dəyişsinlər?

- Təkcə “Xəzər Lənkəran”da yox, ümumiyyətlə, dünya futbolunda məşqçiyə belə şeyə icazə vermirlər. Həm də bu, qeyri-peşəkarlıqdır. Məşqçinin nə ixtiyarı var ki, komandaya oyunçu gətirsin? Komandanın seleksiyaçısı var, o, futbolçunu gətirir, xoşuna gəldi saxlayırsan, gəlmədi yola salırsan gedir. Yoxsa düşüb bir nəfərin dalınca, belə şeylər mənə çatmır. Demək nəsə var burada. Çempion ola bilmədiyimiz ildə 6-7 oyunda qol vura bilmədik. Amma bütün oyunlarda qapımı toxunulmaz saxladım. İlk 8 turda qol buraxmadım, yalnız 9-cu turda “Bakı” qol vurdu. Hirsimdən axmaq bir hərəkət elədim, 4 oyun cəza verdilər. Mənsiz gedib bir oyunda 4 qol buraxdılar. Bu idi Mirça Rednikin komandası. Mən onun üçün necə pis ola bilərəm? Deyirlər Redniklə problemim var. Mənim Redniklə nə problemim ola bilərdi? Gecə səhərə qədər yatmırdım ki, necə edim “Neftçi”ni udaq? Mən heç vaxt 0:5 hesabı ilə uduzmamışdım. Nəinki mən, bu etiketi daşıdığım klubum (əlini əynindəki formada əks olunan “Xəzər Lənkəran”ın embleminin üstünə qoyur) heç Çempionlar Liqasında 5 top buraxmayıb. Özü də kimə “Neftçi”yə. Onda da demişdim ki, mən “Neftçi”yə keçib futbol oynamayacağam. Amma haqqımda söz çıxardırdılar ki, guya “Neftçi”yə keçirəm. Bəli, artıq indi düşünürəm ki, “Neftçi”yə keçib futbol oynamaq olar. Çünki adamı öz ailəsindən qovurlar. Həmişə fikirləşirdim ki, “Xəzər Lənkəran” ailəsi arxamda dayanıb. Amma onu görmədim. İndi fikirləşirəm ki, artıq karyera qurmaq lazımdır, belə olmaz. Ona görə klubla müqaviləm bitir, amma yeni müqavilə bağlamıram. Aramızda anlaşma da olub, çünki xaricə getmək istəyirəm. Yayda gedəcəyəm, alınmasa yenə gəlib ilk olaraq “Xəzər Lənkəran” rəhbərliyi ilə danışacağam.

- Yayda “Neftçi”yə keçmək variantı ola bilərmi?

- Ola bilər.

- Düşünmürsən ki, “Neftçi”yə keçsən, əlavə söz-söhbət yarana bilər?

- “Neftçi”yə həm keçməyi fikirləşirəm, həm də keçməməyi. Nəyə görə keçmək istəmirəm? Çünki “Xəzər Lənkəran”da, həqiqətən də, məni istəyən insanlar var. Lap 100 nəfərin içində 1 istəyən varsa, yenə o bir nəfərə görə keçmərəm. Ola bilsin nə vaxtsa bu baş verdi. Amma indiki halda bu haqda fikirləşmirəm. Onsuz da “Neftçi”nin öz qapıçısı var. Həm də o komandaya xeyir verə bilmərəm, çünki ürəyim “Xəzər Lənkəran”ladır. Nə vaxtsa keçsəm, gəlib “Xəzər Lənkəran”ın halallığını alacağam.

- Bayaq azarkeşlərdən narazılıq elədin, ancaq səni dəstəkləyənlər də var...

- Düzdür, dəstəkləyənlər də var. Ancaq söz-söhbət çıxdı, məni komandadan kənarlaşdırdılar, həmin vaxt bəzi insaların simalarını gördüm, danışdıqlarını, yazdıqlarını gördüm, o mənə bəs elədi. Orada bir ağsaqqal var, həmişə özümə dost bilirdim, dərdləşirdim, amma onun elə hərəkətini gördüm ki...

“Xəzər Lənkəran” azarkeşləri bilsinlər ki, mən klubun adi futbolçusuyam”

- Bəzən deyəndə ki, Rednik niyə azarkeşlərin bu qədər sevgisini qazanmışdı, deyirlər o hər ay aldığı maaşı xadiməyə, qapıda duran qapıçıya, qulluqçuya paylayırdı...

- Rednik maaş qazanmır axı. Maaşı verən klubun rəhbəridir. Təəssüflər olsun ki, bəzi söhbətləri yayırlar. Bunu heç vaxt demək istəməzdim. (Kamran bu zaman diktafonu söndürməyimizi xahiş edir. İsrar etdiyimi görüb özü söndürür, amma mən onun özünə də bildirdim ki, dediyi sözü yazacağam. Məsələ ondadır ki, Ağayev sən demə özü nə qədər insana əl tutub, bəzən hətta cibində olan pulu qəpiyinə kimi ehtiyacı olanlara paylayıb. Hətta öz məvacibindən 3 nəfəri həcc ziyarətinə də göndərib. Dediyimiz kimi, Kamran özünü reklam etmək istəmədiyi üçün bunları diktafona demək istəmədi. Lakin düşünürəm ki, yazmaq daha məqsədəuyğun idi. Əgər Rednikin eyni şeyi etməsi reklam sayılmırdısa, Kamran üçün niyə bu reklam sayılmalıdır?”)

- Deyilənə görə, Parks komandadan Rednikə görə getdi. Vobayın da onunla problemi var idi...

- Opara, Parks, Vobayın adını konkret çəkə bilərəm.

- “Makkabi” ilə oyundakı uğursuzluqlara görə, başda sən olmaqla yerli futbolçuları günahlandırdılar. Buna münasibətin...

- Yaxşı sual verdin. Mən orada səhv eləməmişəm. Özü deyirdi ki, ortaya ötürmə verin. Guya bu, “Barselona”dır. Mən də ortaya verdim itirdilər, gəlib qol vurdular. Mənə deyirdi ki, bu cür oyna. Özünə də sual vermişdim ki, taktikaya görə oyunçu alırsan, yoxsa oyunçuya görə taktika qurursan? Deyir oyunçuya görə taktika qurarlar da. İkincisi, deyirlər ki, topu əlimdən buraxdım, qol vurdular. Amma mən əlimdən top buraxmadım. Futboldan başı çıxan adam bilir ki, o çətin top idi, güclə qaytarmışdım. Düşdü boşa, əlimi üstünə qoyanda təkrar zərbə ilə qol vurdular. Digər qola gəlincə, mən qaytardım, Elnur çıxarmaq istəyirdi, alınmadı, onu da qola çevirdilər. Yerliləri günahlandırırlar, amma deyim Azərbaycan xalqı bilsin. Bunu hələ Avstriyada olanda da dedim ki, ay uşaqlar, gəlin elə edək bizdən haqq-hesab tələb olunmasın. Çünki uğursuz nəticə olanda heç kim əcnəbidən haqq-hesab tələb eləmir, gəlib məndən tələb eliyir. Bu gün “Neftçi”yə uduzum, məndən haqq-hesab tələb edəcəklər. Niyə? Kiməm axı mən? Qoy “Xəzər Lənkəran” azarkeşləri də bilsinlər ki, mən klubun adi futbolçusuyam. Özüm də arxa skamyada otururam, heç nəyə qarışmıram. Bu günə kimi vuruşmuşam, bundan sonra da vuruşacağam. Ancaq meydançada. Daha əlavə heç nə danışmayacağam.

- Bəlkə sən də bir az özünü yığışdırasan, emosiyalarını azaldasan...

- Emosiya deyəndə ki, axı mən nə deyirdim, artıq heç nə danışmırdım ki.

- Söhbət meydançadakı emosionallıqdan gedir. Məsələn, Safronini vurduğun epizod...

- Futbolçu karyeramda hələ birbaşa qırmızı vərəqə almamışam. Bir dəfə ikinci sarı vərəqədən Asim Xudiyev göstərib. Ümumiyyətlə, karyeram boyu hələ heç kimə əl qaldırmamışdım. Özü də mən vurmaq istəmirdim, itələyirdim, efirdə elə düşüb. Ancaq sonra gedib üzr istəmişəm. Baxmayaraq ki, gəlmə futbolçudur, amma səhvim olub, üzr istəmişəm. Emosionallığa gəlincə, hamısı mənim dostum, qardaşımdır, Rahid, Elnur, hamısı xasiyyətimi bilir. Qapıçı danışmalıdır, bunu bütün məşqçilər deyirlər. Qışqırmasan olmur. Bu mənim xarakterimdir, onu dəyişmək mümkün deyil.

“Bəzi əqidəsiz yazanları görürəm, mənə təsir edir”

- Bir məsələyə də aydınlıq gətirək. Çoxu deyir ki, Kamran futbolu kənara qoyub meyxana ilə məşğuldur...

- Bəziləri deyəndə ki, futbol mənim həyatımdır, mən hirslənirəm. Futbol mənim işimdir, həyatım isə ailəmdir. O ki qaldı meyxanaya, bu da mənim xobbimdir. Adını deməyəcəyəm, bu yaxınlarda komandadan iki nəfəri dərviş toyuna aparmışam. Belə şeyi xoşlayıram. Yaxud, bir xanım məni konsertə dəvət edib, getmişəm konservatoriyaya, amma əvvəldən axıra bir şey başa düşməmişəm. Çünki mənə çatmır, o mənlik deyil, mənimki meyxanadır. Bunun nəyi pisdir? Boş vaxtlarımda gedib meyxana deyirəm. Yaxud otaqda olanda özüm üçün zümzümə edib, muğam oxuyuram. Çempionat vaxtı fasilə yaranır, hansısa toya dəvət edirlər. Oraya gedirəm, çünki bilirəm xiridarlar olacaq, yaxşı söz məclisi olacaq. Axı burada hər şey bədahətəndir, bilmirsən nə deyiləcək. Çox maraqlı gəlir, bunun nəyi pisdir ki? Nə istəyirlər yazsınlar, nə istəyirlər danışsınlar. Deyirlər Kamran mətbuata müsahibə vermir. Çünki bəzi əqidəsiz yazanları görürəm, mənə təsir edir.

- 1-2 nəfərə görə, hamıya qarşı bu cür olmaq nə dərəcədə düzgündür?

- Onda da ayrı-seçkilik olur, kiməsə müsahibə verirsən, o birinə danışmayanda düşürlər üstümə.

- O zaman belə bir sual verim: Ümumiyyətlə, müsahibə verəndə soruşursan, maraqlanırsan ki, hansı qəzetdir, ya saytdır?

- Bu yaxınlarda bir nəfər mənə zəng elədi ki, filan qəzetdənəm. Müsahibə verdim, 10 dəqiqə sonra açıb baxıram ki, hansısa saytda çıxıb. Ona görə müsahibə vermirəm. Yazırlar ki, klub rəhbərliyi ilə problemim var. Mən də deyirəm ki, rəhbərliklə heç bir problemim yoxdur, yeganə problemim Redniklə idi. Yazırlar ki, guya yeni 2 illik müqavilə bağlamışam, amma yalan söhbətdir, heç bir müqavilə bağlamamışam. Aramızda anlaşma olub ki, yayda xarici kluba gedəcəyəm. Alındı alındı, alınmasa qayıdıb ilk olaraq “Xəzər Lənkəran”la danışığa başlayacağam.

“Nə sifətlər, kimin kimə necə “işlədiyini” gördüm”

- “Xəzər Lənkəran”ın çempionluq şansını necə dəyərləndirirsən?

- Çempionluq özümüzdən asılıdır. Keçən il mənə deyirdilər ki, niyə ağlayırsan? O sualı verən adam bədbəxtdir. Bu yaşımda stadionda oturub ağlayırdım. Çünki “Neftçi” çempionluq kubokunu başı üzərinə qaldırırdı. Axı mən həmin mövsüm “Neftçi”dən güclü idim, mənim haqqımı yedilər. Bax yenə başladım danışmağa, gör gedib haralara çıxdım. Mən demirəm “Neftçi” mənim haqqımı yedi. Biz bu qədər əziyyət çəkirik, “vuruşuruq”, axırda haqqımızı yeyirlər. Bu komanda 3 ildir məni uda bilmir, amma çempion olur. Udmaq bir yana e, mənə heç qol vura bilmirdi. Necə gəlib çempion ola bilər? Yaxşı ki, Ramin müəllim var (Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev) və bəzilərini gözümçıxdına salır. Bu cür insanlar olmasa, özbaşınalıq baş alıb gedər. Bütün hakimlərə şamil eləmirəm. Hakim var ki, ona həsəd aparıram. Yaşca böyüyü də var, kiçiyi də. Amma elələri var ki, olmur da. Sonra milli komandada məndən nəticə tələb edirsiniz. Nəticə necə tələb edirsən ki, qapıma olmayan penalti verirlər, nə istəyirlər edirlər, səsini çıxara bilmirsən. Nə sifətlər, kimin kimə necə “işlədiyini” gördüm. Otursun adama qeyrətdən, namusdan danışsın, amma bir qədər araşdırıb həmin adamın arxivinə gedirsən, görürsən bunun qeyrətdən xəbəri yoxdur. Deyirlər arxamızca filan qapıçı gəlir. Gəlsin də. Amma qabaqda gedəni silib atmasınlar. Bu gün bunu silib atıb arxadan gələni oynadırlar. Sabah da onu silib atıb onun arxasından gələni oynadırlar. Belə olmaz axı. Futbolu güclə yox, ağılla oynayarlar. Gücə qalsa, onda gərək Tayson futbolda ən güclü adam olsun.

- Deyirlər ki, Azərbaycanda qapıçı problemi var. Məsələn, Hüseyn Məhəmmədov bildirir ki, Kamran Ağayevlə Fərhad Vəliyev ona görə “artırmırlar” ki, dönüb arxaya baxanda, layiqli ehtiyat qüvvənin gəlmədiyini görürlər, arxayınlaşıb öz üzərlərində işləmirlər...

- Bu, Hüseyn Məhəmmədovun öz fikridir. Mənim daim öz üzərimdə işləyirəm ki, qol buraxmayım. Öz üzərimdə işləməsəm, hər oyunda 10 top buraxaram. O ki qaldı yeni nəsilə, yetərincə istedadlı, gənc qapıçılarımız var.

- Məsələn kimlər?

- Səlahət Ağayev, Aqil Məmmədov. Hansını qoysan qapıya dayanar, niyə deyirlər ki, ehtiyat qüvvə yoxdur? Rauf Mehdiyev və Fərhad Vəliyev də yaxşı qapıçılardır. Düzdür, səhvimiz olub, lap komandamı uduzdurmuşam da, amma elə katostrofik səhvim olmayıb axı. Belə baxanda, komandamız, futbolumuz özü katastrofadır, mən də onların içində. Sağ olsun ölkə başçımız futbola bu cür diqqət ayırır. Əvvəllər belə şey yox idi. Oyuna qatarla gedirdik. Mən də balaca uşaq idim, göndərirdilər gedib bir sellofan peraşki alırdım, kola butulkasını kəsirdik, içinə ocikanı doldururduq, peraşkini batırıb yeyirdik. Oteldə qaldı nədir, elə həmin kupeni alırdılar, səhəri orada açırdıq. Gəncədə düşməliydik düşmürdük, düz axırıncı depoya qədər gedirdik, hansı ki, itlər ulaşırdı. Orada lövbər salırdıq, oynayıb axşam qatarla qayıdırdıq. İndi-indi bazalar düzəlir. Kriştianu Ronaldo meydançada çökək gördü, məşq eləmir. Amma mən mismar da olsa, çıxıb məşq etməliyəm. Çünki bu günümə də şükür edirəm.

- Milli komandaya bu gün super şərait yaradılıb. Amma gedib Qazaxıstana uduzursunuz. Uduzmaq bir yana, deyilənə görə, oyundan sonra futbolçular kef, içki məclisi qurublar. Buna nə sözün?

- Yox, onu kim deyir, yalan deyir.

- Amma həmin oyundan sonra uduzana oxşamırdınız...

- Rola girməyə ehtiyac yoxdur. İçində bilirsən ki, uduzmusan. O demək deyil ki, oturub hönkür-hönkür ağlamalısan. Hər kəsin öz düşüncəsi var. Həyatım boyu qol vurmayacağam, çünki qapıçıyam, mənim işim qol buraxmamaqdır. Amma yeri gələndə hamıdan çox əziyyət çəkirəm, məşqdə palçığın içində sürünürəm. “Xəzər Lənkəran”ın heyətində də məşq edirəm, oynayıram. Amma milli komanda tamam başqadır, onun məsuliyyəti daha böyükdür.

“Təkər qaraltmamışam, amma konduktor işləmişəm”

- Futbolla bağlı bu qədər, gəl mövzunu dəyişək...

- Buyur.

- Bilirik ki, özün Şabrandansan (keçmiş Dəvəçi). Orada sonuncu dəfə nə vaxt olmusan?

- Düzü, orada doğulsam da, 10 yaşımdan ayrılıb futbol oynamağa Bakıya gəlmişəm. Əvvəllər qoymurdular futbola. Allah bütün ölənlərə rəhmət eləsin, rəhmətlik anam məktəb direktoru, atam müəllim olub. Hazırda qohum-əqrəba Şabrandadır. Bayramdan bir gün qabaq gedib anamın qəbrini ziyarət eləmişəm. Ümumiyyətlə, qohum-əqrəbadan aralıyam. Sanki yetiməm, internatda böyümüşəm. Hər şeyi düz deməyi xoşlayıram. 1-2 nəfəri çıxmaq şərtilə digərlərindən qohumluq görməmişəm.

- Ailədə neçə uşaq olmusunuz?

- 4 uşaq: 3 bacı, 1 qardaş. Evin sonbeşiyi mənəm.

- Bəlkə sonbeşik olduğun üçün uşaqlıqdan bir qədər ərköyün böyüdüblər və bu qədər emosional olmağın da bununla bağlıdır?

- Mən ərköyün olmamışam. Dediyim kimi, 10 yaşımdan Bakıya gəlmişəm, burada Ruslan Əmircanovla tanış olmuşam, 15 ildir dostluq edirik. Çox zəhmət çəkmişik. Oğurluqdan başqa hər işə əl atmışam. Düzdür, təkər qaraltmamışam, amma konduktor işləmişəm. Bir gün Ruslan olub, bir gün mən. Əvvəl karsan raflar var idi, 13 nömrə var idi “Şəfa”ya işləyirdi. Qapını açırdım, sərnişin çağırırdım, boğazım dağılırdı.

- Səmimi de, həmin vaxt ağlına gələrdi ki, nə vaxtsa 120 minlik “Range Rover” sürə bilərsən?

- (gülür). Vallah “Range Rover”im zadım yoxdur, 7-8 ildir X5 sürürəm, onu da öz halal pulumla almışam. Artıq 15-16 yaşımda “06” markalı maşınım var idi.

- Futboldan kənar biznesin varmı?

- Artıq var, amma ona qarışmasaq, yaxşıdır.

“İki azərbaycanlı rus dilində danışanda hirslənirəm”

- Orta məktəbi necə oxumusan?

- Ümumiyyətlə, məktəb oxumamışam. Amma Bədən Tərbiyəsi və Akademiyasını bitirmişəm, indi də ikinci ali təhsil alıram.

- Səncə, bizim futbolçuların niyə danışıq qabiliyyəti zəifdir?

- Bilirsən, istəyirlər efir qarşısında maskalansınlar, amma buna ehtiyac yoxdur. Həyatda necəsən, orada da elə olmalısan. Çoxu mənə deyir ki, sən meyxana ilə maraqlanırsan, danışığın da elə o cürdür. Bilirsiniz necədir, ana dilini hamı bilməlidir. Mən artıq şeirlərdən istifadə edirəm. Bəxtiyar Vahabzadənin belə bir şeiri var, orada deyir ki, əgər sevirsənsə, ayaq səsindən bilməlisən Bəxtiyar gəlir. Gərək həyatda səmimi olasan, maskalanmayasan. Çalışmalısan ki, rus sözlərindən istifadə etməyəsən.

- Rus dilində danışanlara münasibətin necədir?

- Çox pis baxıram. İki azərbaycanlı rus dilində danışanda hirslənirəm. Mənə çoxu deyir “rus dilini bilirsən?”, deyirəm “yox, bilmirəm, heç bilmək də istəmirəm”.

- Bəlkə özün bilmirsən, ona görə danışanlara qısqanclıqla yanaşırsan?

- Bilirəm, özümə görə danışıram.

- Azərbaycan idmançıları arasında ən çox kiminlə fəxr edirsən?

- Ad çəkə bilmərəm, belələri çoxdur.

- Məsələn, dünya futbolunun kralı Pele, Maradonadır. Bəs Azərbaycan futbolunun?

- Birincisi, mən Peleni, Maradonanı futbol kralı hesab eləmirəm. Mənə görə futbolun kralı Zidandır. Müasir futbolda da Messini, Ronaldonu yox, Xavini kral sayıram. Azərbaycan futboluna gəlincə, yenə ad çəkə bilmərəm. Çünki saysız-hesabsızdır.

- Dinə münasibətin necədir?

- Çox gözəl. 25 yaşım var, içkinin dadını bilmirəm, siqaret də çəkmirəm. İdmançı olmasam, yenə içib çəkməyəcəkdim. Namaza gəlincə, adam var həqiqətən namaz qılır, adam da var reklam üçün namaz qılır. Din başımızın ucalığıdır. Dindən o qədər şey danışaram ki...

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.