Klub xəbərləri
- 24.01.2012 / 0 şərh / 1852 -dəfə baxılıb
- “Bakı” klubu Azərbaycanda futbolun inkişafı üçün əməli işlər görür, yaxşı baza formalaşdırıb, ehtiyat qüvvəsini hazırlayır, bölgələrdə istedadları tapıb üzə çıxarır. Bütün bunlar müsbət tərəfdir... Amma “Bakı”nın görünən tərəfində, əsas heyətində vəziyyət elə də yaxşı deyil. Bütün bunların qarşılığında nəticələr çox zəifdir. Əsas çatışmazlıq isə “Bakı”nın baş məşqçi seçimi ilə bağlıdır. Qyoko Haciyevskidən sonra “Bakı”nın seçimi ya yanlışdır, ya da həmin məşqçilər komandaya uyğunlaşa bilmirlər. İstənilən məşqçi gələndə özü ilə yeni heyət gətirir. Amma elə futbolçular da var ki, məşqçidən asılı olmayaraq, daim əsas heyətdə çıxış edirlər. Onlardan biri də Elvin Əliyevdir.
Fasilələrlə uzun müddətdir “Bakı”da çıxış edən Elvin Əliyev rəhbərliyi altında oynadığı məşqçiləri müqayisə edib. Məlumdur ki, Elvin Əliyevin sabiq baş məşqçi Qyoko Haciyevski ilə problemləri var idi. Bunu hər dəfə açıq-aşkar bildirən Elvinin ona qarşı hirsi hələ də soyumayıb: “Qyoko Haciyevski çox çılğın adam idi. Oyunlar zamanı qışqırıb-bağırırdı. Onun əvəzinə gətirilən Bülənt Qorxmaz da bu mənada ondan geri qalmırdı. Ümumiyyətlə, çox hirsli adam idi. Məşqlər, oyunlar zamanı ona yaxın durmaq olmurdu”.
Hazırkı baş məşqçi Aleksandr Starkovda eyni xasiyyət yoxdur. Həm qalib gələndə, həm də uduzanda təmkinini pozmayan Starkovun bu şəxsi keyfiyyətləri kiməsə yaxşı, kiməsə pis gəlir. Çünki bəziləri komandanın uduzduğu halda, sakit oturan baş məşqçini qəbul etmirlər. Amma yəqin ki, Starkov Elvin Əliyev üçün yaxşı məşqçidir. Çünki Əliyevə vitse-kapitan vəzifəsini həvalə edib.
Elvinin fikrincə, Starkov öz işini dərindən bilən adamdır: “Təzə gələndə Starkovdan anlayışım yox idi. Çox sakit, başı aşağı adam idi. Amma sonradan münasibətlərimiz yaxşılaşdı. Mənə güvəndi, vitse-kapitanlığı verdi. Starkov hamıya eyni gözlə baxsa da, bu, heç də belə deyil. O, eyni zamanda öz içində kimin günahkar olduğunu bilir. Və buna uyğun olaraq, hərəkət edir. Hesab edirəm ki, “Bakı”nın problemi Starkov deyil, meydançada mübarizə aparan futbolçulardır. Əgər nəsə çatışmazlıq varsa, bunu futbolçular özlərində axtarmalıdırlar. Başqa heç kimin üstünə atmamalıdırlar. Əgər Aleksandr Starkov zəif məşqçi olsaydı, uzun illər Latviya millisinə rəhbərlik etməzdi. Məncə, biz öz üzərimizdə çox çalışmalı və qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməliyik”.
Komanda hazırlığını davam etdirsə də, Elvin Əliyev bu prosesdən kənarda qalmaq məcburiyyətindədir. Artıq uzun müddətdir ki, zədə səbəbindən tam gücü ilə oynaya bilməyən Əliyev çox güman ki, ikinci dövrənin startına qədər sıraya dönəcək. Çünki onun zədəsi yetərincə ciddidir. Sümüyündə ağrılar olan futbolçuya bərpa prosesi üçün ən azı daha 3 həftə vaxt lazımdır.
Qeyd edək ki, Elvinin yoxluğunu və kənarda qalacağı müddəti nəzərə alan Starkov artıq müdafiəçi axtarışlarına başlayıb.