Klub xəbərləri
- 24.01.2012 / 0 şərh / 1768 -dəfə baxılıb
- “Bəziləri üçün bu, son toplanış olacaq. Belə getsə, hazırkı heyətdən 5-6-sı yayda keçirəcəyimiz hazırlıq prosesindən kənarlaşdırılacaq”. Bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Türkiyənin Antalya şəhərində Azərbaycan hakimləri üçün keçirilən təlim-məşq toplantısında məşğələ zamanı deyib.
O bildirib ki, hakimlər arasında məşqlər zamanı tapşırıqlardan müxtəlif vasitələrlə yayınanlar da mövcuddu. Məmmədov məşğələdə iştirak edən 30-dan çox hakimə xəbərdarlıq edib: “Aranızda məşqlərdən yayınanlar var. Bəziləri təlim-məşq toplantısına qatılmamaq üçün kimlərəsə zəng elətdirirlər. Biz bura işləməyə gəlmişik. Kim bu məşq rejimimizə dözmürsə, Bakıya qayıda bilər”.
Məşğələ zamanı hakimlərə test tapşırıqları da verilib. Onların arasında suallara düzgün cavab verərək yüksək qiymət alanlarla yanaşı, aşağı qiymətə layiq görülənlər də olub.
Sonra AFFA Hakimlər Komitəsinin Elmi Metodiki Komissiyasının rəhbəri Elçin Məmmədov hakimlərin meydançada futbolçulara qarşı davranışı barədə mühazirə oxuyub.