Klub xəbərləri
- 27.01.2012 / 0 şərh / 2365 -dəfə baxılıb
- Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi və "Sumqayıt"ın futbolçusu Emin Mustafayevin müsahibəsi
- Emin, Antalya toplanışı çərçivəsində ilk oyununuzda macarlarla heç-heçə etdiniz. Matçla bağlı fikirlərini bilmək istərdik...
- Nəticəni qənaətbəxş saymaq olar. Çünki yaxşı oynadıq. Düzdür, qalib gələ bilmədik. Bununla belə, düşünürəm ki, nəticə oyuna görə olmadı. Çünki üstünlük bizim tərəfimizdə idi. Kifayət qədər qol imkanlarımız oldu. Lakin təəssüf ki, bu şanslardan istifadə edə bilmədik. İstifadə edə bilsəydik, qələbə qazanacaqdıq. Həm də nəzərə alaq ki, heyətdə yeni futbolçular da çoxluq təşkil edirdi. Onların komandaya uyğunlaşmaları üçün zaman lazımdır. Buna baxmayaraq, yaxşı oynadıq.
- Ümumiyyətlə, toplanış necə keçir, komanda harada məskunlaşıb, gündə neçə dəfə məşq edirsiniz? Həm də maraqlıdır, Lippert daha çox hansı hazırlığa üstünlük verir, fiziki, taktiki, yoxsa texniki?
- Toplanış yaxşı keçir, hər şey yüksək səviyyədə təşkil olunub. Sağ olsun, AFFA rəhbərliyi bizim üçün əla şərait yaradıb. Təkcə bir faktı deyim ki, komandamız hazırda Antalyanın ən yaxşı 5 otelindən biri sayılan “Kalista”da məskunlaşıb. Məşqlər də yüksək səviyyədə keçir. Əvvəlki toplanışlardan fərqli olaraq, baş məşqçimiz bu dəfə daha çox taktiki və texniki hazırlığa üstünlük verir. Kollektivdə əhvali-ruhiyyə də çox yaxşıdır.
- Macarıstanla oyunda da komandanı kapitan sarğısı ilə sən meydançaya çıxardın. Ümumiyyətlə, necə oldu ki, U-21-in kapitan sarğısı sənə həvalə olundu?
- Bu sarğı mənə yad deyil. Çünki daha öncə U-17 və U-19 millilərinin də kapitanı olmuşam, İndi də U-21-in kapitan sarğısını daşıyıram. Demək olmaz ki, təkcə mən kapitanlıq edirəm. Mirhüseyn Seyidov da komandanı kapitan sarğısı ilə oyunlara çıxarır.
- Kapitanlığın yəqin ki, daha böyük məsuliyyəti var...
- Əlbəttə. Yığmanın kapitanı olmaq həm şərəfli, həm də daha məsuliyyətlidir. Çünki bütün Azərbaycanı təmsil edirsən, bütün ölkənin nüfuzunu qoruyursan. Mən də çalışıram, əlimdən gələni edirəm ki, tapşırılan bu işin öhdəsindən layiqincə gəlim.
- Öz oyununu necə dəyərləndirirsən?
- Açığı, öz oyunumdan heç vaxt razı qalmamışam. Haradasa normal dəyərləndirərdim. Çalışıram öz üzərimdə daha çox işləyim və oyunumu yaxşılaşdırım.
- Əsas milliyə düşmək şansını necə görürsən? Çünki bugünkü U-21 gələcəyin əsas millisidir. Sən də hazırkı U-21-in kapitanı olduğundan, əsas milliyə ilk namizədlərdən sayıla bilərsən...
- Əsas milli komandada oynamaq istənilən futbolçunun arzusudur. Bu mənada mən də bunu çox istəyirəm. Ancaq əsas milliyə düşmək üçün ilk növbədə gərək öz klubunda stabil oynayasan. İnşallah, vaxtı gələndə əsas yığmada da çıxış edərəm və ölkəmin şərəfini layiqincə qoruyaram. Məhz bunun üçün öz üzərimdə daha çox çalışıram.
- Qayıdaq U-21-lə bağlı suallara. Komandamız cari seçmə mərhələyə elə də uğurlu başlamayb və hələ də qələbəyə həsrətdir. Bu uğursuzluqları nə ilə əlaqələndirirsən? Bir də U-21-in qrupdakı şanslarını necə dəyərləndirirsən?
- Bilirsiniz, bizim qarşımıza elə də yüksək məqsəd qoyulmayıb. Yəni U-21-dən yüksək nəticələr tələb olunmur. Bu gün bizim qrupda 1-ci, yaxud 2-ci pilləni tutmağımız real deyil, gəlin açıq danışaq. Əsas məqsədimiz daha yaxşı oynamaq və mümkün qədər çox xal toplamaqdır. Odur ki, çalışırıq bacardığımız qədər xal yığaq. Mənə elə gəlir ki, artıq yavaş-yavaş daha yaxşı oynamağa başlamışıq. Qalır yaxşı nəticə qazanmaq. İnanıram ki, o da olacaq. İnşallah, yaxşı oyun olandan sonra nəticə də gələcək. Hər halda, komandamızın 2012-ci ildə daha yaxşı nəticə qazanacağına ümidim böyükdür.
- Yəqin ki, hər bir futbolçu kimi, sənin də legioner həyatı yaşamaq kimi bir arzun var. Çünki daha çox inkişaf etmək üçün bu vacibdir. Belə bir şansın olsa, dəyərləndirməyi düşünürsənmi?
- Bu fikrinizlə tamamilə razıyam ki, legioner həyatı yaşamaq hər bir futbolçunun arzusudur. Təbii ki, mən də bunu çox istəyirəm. Açığı, bir dəfə belə bir şansım olmuşdu. Lakin onda istifadə etməmişdim. İnşallah, növbəti dəfə əlimə belə bir imkan düşsə, mütləq istifadə edəcəyəm.
- Bəs hansı ölkədə futbol oynamaq istəyirsən? Ümumiyyətlə, ən çox pərəstiş etdiyin, formasını geyinmək istədiyin klub hansıdır?
- “Barselona”ya azarkeşlik edirəm. Buna görə də İspaniyada oynamaq istəyirəm.