Klub xəbərləri
- 28.01.2012 / 0 şərh / 4279 -dəfə baxılıb
- Stilist Cəmil. Bu ad futbol aləmi üçün yad deyil. Artıq futbolun idarəçisindən tutmuş oynayanına kimi hər kəs öz saç düzümü qaydasını bu ustanın yanında tapmağa çalışır. Milli komandamızın heyətində yer alan futbolçuların demək olar ki, hamısı Cəmilə müraciət edir... Həmin futbolçuların iç üzləri ilə tanış olmaq, kimin xəsis kimin əliaçıq olduğunu müəyyənləşdirmək üçün Cəmilə müraciət etdik
- Artıq siz futbol aləminin bir üzvü sayılırsınız. İşiniz demək olar ki, futbolçulardan keçir. Necə oldu ki, bu dünyada məşhurlaşdınız?
- Mən bu sənətin sirrlərini Türkiyədə öyrənmişəm. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərirəm. “Xəzər TV”nin aparıcısı Ceyhun Rzayev mənim ilk müştərilərimdən olub. Sonra Ruslan Abışov gəlib. Onlar öz tanışlarına, dostlarına, həmin dost-tanışlar öz yaxınlarına məlumat veriblər, beləcə tanınmışıq.
- Sizə ən çox müraciət edən futbolçular kimlərdir?
- Hamısı gəlir. Mahir Şükürov,Aqil Nəbiyev, Ruslan Abışov, Əfran İsmayılov, Rauf Əliyev, Alim Qurbanov, Admir Teli, Ansi Aqolli və adlarını çəkmədiyim digərləri. Hamı tez-tez müraciət edir.
- Bəs idarəçilərdən gələnlər var?
- “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev və məşqçisi Zaur Ramazanov mənim müştərilərimdir. Lap əvvələr Rasim Kara da gəlirdi, hətta Mirça Rednik də gəlirdi. Amma onlar hazırda Azərbaycanda deyillər, burada işləmirlər.
- Sizin yanınıza gələnlərin çoxunda başın yan tərəfləri ağ, üstü isə biz-biz formada olur. Ancaq bu tələb olunur?
- Əslində bunu dəbə Ruslan Abışov salıb. Ruslan Abışov Ronaldo ilə bəhsə girib. Ronaldo nə vaxt saç düzümünü dəyişirsə, Ruslan da o vaxt imicində dəyişiklik edir. Təkcə Əfran İsmayılovun saçını qaldıra bilmirik. Onun üçün də bir yol tapsa idik, canımız qurtarardı.
- Əfranın saçı buna uyğun deyil, yoxsa özü istəmir?
- Yox. Özü istəmir. O, tamam başqa dünyanın adamıdır.İstiyir ki, sadə oğlan olsun. Belə et, belə düzəlt sözləri onluq deyil.
- Bəs ən çox kaprizi olan futbolçu kimdir?
- Alim Qurbanov. “Xəzər Lənkəran”ın üzvü olan futbolçu düz 5 ildir yanıma gəlir, gördüyüm işi 5 ildir də bəyənmir. Amma yenə də gəlir. İmkan vermir işimizi görək. Bəyənmirəm, bunu belə et, belə düzəlt deyir. Axırda da çox az pul verib gedir. Futbolçular arasında ən az pul verən də Alim Qurbanovdur.
- Bəlkə az pul versin deyə bu qədər danışır...
- Bəlkə də...
- Başa düşün də, bəlkə imkanı yoxdur...
- (gülür) Futbolçular içində ən çox qazananlardan biri də elə Alimdir. Sadəcə, pul verməklə arası yoxdur.
- Yeni məkanınız “Neftçi”nin köhnə bazasının yaxınlığında yerləşir. Bu, bilərəkdən atılan bir addımdır?
- Əslində, mən başqa məkanda olarkən də futbolçularlaişləyirdim. Gələn onsuz da hər yerə gəlir.
- Artıq uzun müddətdir ki, Azərbaycanda çalışırsınız. Amma sizə ciddi bir rəqib yoxdur ki, deyək bu futbolçu həmin bər-bərin yanına gedir. Buna necə izah verə bilərsiniz?
- Bütün futbolçulara təşəkkür edirəm. Hamısı ilə yaxşı münasibətim var. Gələn futbolçular öz tanışlarını da mənim yanıma yönəldirlər. Odur ki, müştəri baxımından problemimiz yoxdur. Allaha min şükür.
- Saçını düzəltmək istədiyiniz elə bir futbolçu var ki, o sizin yanınıza gəlmir?
- Bəli. Bu, Kriştianu Rolandodur.Onun saçını düzəltmək arzularıma daxildir. Ən çox bəyəndiyim futbolçu da elə odur. Azərbaycanda ”Xəzər Lənkəran” klubuna, Türkiyədə isə “Qalatasaray”a azarkeşlik edirəm.
- Məşqçilərdən kiminlə münasibətiniz var?
- Azərbaycanda əsasən futbolçular gəlib gedirlər. Türiyədə isə Ahmed Dursun və İbrahim Üzülməzlə münasibətim yaxşıdır. İbrahim bəy Azərbaycana da gəlmişdi. Məşqçilik lisenziyası aldığı dönəmdə onunla görüşüb, söhbət etdik. Bir neçə dəfə şəhərə gəzməyə də çıxdıq.
- İbrahim Üzülməzin “Qarabağ” klubuna məşqçi kimi gətiriləcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı. Həqiqətənmi, belə bir məsələ var idi?
- İbrahim Üzülməz məşqçiliyə başlamaq istəyirdi. Amma onun fikri Azərbaycanda deyil, Türkiyədə çalışmaqdır.
- Gəlin mövzudan uzaqlaşmayaq. Artıq futbol aləmində bu qədər tanınırsınız. Ola bilərmi ki, gələcəkdə belə bir yer açasınız ki, ancaq futbol adamlarına xidmət etsin?
- Ola bilər. Amma mənim futbolçu müştərilərimin sayı müğənni müştərilərimdən daha azdır. Bütün bunları da nəzərə almaq lazımdır.
- Futbolçular qədər qazana bilirsiniz?
- Onlar qədər də olmasa, yaxşı qazanıram. Allaha şükür ki, korluq çəkmirəm.
- Kənd yerlərində belə söz var. Ən isti xəbərlər bərbərxanada olur...
- Doğrudur. “Haberi bər-bərdən alırsın” (Cəmil bunu türkcə deyir)
- Elə isə deyin, bizim futbolçuların xanım tanışları çoxdurmu?
- (xeyli gülür) Qardaş, qız tanışları var. Ad çəkmək istəmirəm. Çoxu da evlidir. Sonra boşana bilərlər. Amma var. Bunu da normal qəbul edirəm.
- Sizə yerlilərlə yanaşı, əcnəbi futbolçuların da müraciət etdiyini dediniz. Müqayisə aparsaq, arada nə kimi fərqlər ortaya çıxar?
- Hamısı ilə münasibətim yaxşıdır. Yerli futbolçulardan ən çox Aqil Nəbiyev, əcnəbilərdən isə Ansi Aqolli pul verir. Onlarla pul söhbəti demək olar ki, etmirəm. Saçları hazır olduqdan sonra durub ən azından 50manat verirlər.
- Son sualım. Futbolçularla bağlı maraqlı əhvalatın varmı?
- Var. Emin Quliyevin saçına heç cür moda verə bilmirdik. Gah dedi üzərin belə et, gah dedi arxasın uzat. Nəsə heç biri alınmadı. Sonra dedi ki, necə bilirsən elə də et. Mən də götürüb keçəl elədim. Sonrabir az söz-söhbət oldu. Amma yenə münasibətimiz düzəldi, gəlib-getdi. Onun bir qohumu da şagirdimiz olub, indi isə ustadır.