Klub xəbərləri
- 01.02.2012 / 0 şərh / 1862 -dəfə baxılıb
- AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi
- Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışınız necə keçdi?
- İki həftəlik hazırlıq prosesi ərzində nə planlaşdırmışdıqsa, hansı proqram tutmuşduqsa, hamısını həyata keçirə bildik. Materiallarımız əvvəlki təlim-məşq toplantılarına nisbətən daha çox idi. Son 6 ayda FİFA və UEFA təlimatları, oyun qaydalarında yeniliklər, əlavələr və düzəlişlərin hamısını Azərbaycan dilinə tərcümə edərək, hakimlərin hər birinə qovluq şəklində vermişdik. Bundan başqa özümüzün hazırladığımız bir çox mövzular var idi ki, onları da hakimlərə çatdırdıq. Proqramımız çox geniş idi. Gündə iki dəfə fiziki hazırlıqla məşğul olurduq. Məşqlərə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi Namiq Quliyev rəhbərlik edirdi. Eyni zamanda gündə iki dəfə nəzəri biliklərin artırılması üzərində çalışırdıq. Qalan vaxt ərzində Avropa ölkələrinin tanınmış klublarının iştirakı ilə keçirilən oyunları da idarə edirdik. Axşamlar isə saat 20:30-dan 23:00-dək həmin oyunların təhlili aparılırdı. Yəni, hakimlərin buraxdığı səhvlər videoblok şəklində lentə alınır, bütün kollektiv tərəfindən analiz olunur və səhvlər göstərilirdi. Əsas məqsəd odur ki, həmin səhvlər burada qalsın, çempionat oyunlarında səhvlərə yol verməyək.
- Hansı səhvləri gördünüz?
- Fikrimcə, gənc hakimlərimiz özlərini ən yaxşı tərəfdən göstərdilər. Yəni, oyun qaydalarının yozumu, fiziki hazırlıq yüksək səviyyədə idi. Hakimlərimizin bir problemi var: psixoloji hazırlıq. Bu, bizim üçün başlıca, qlobal problemdir və hələ də qalmaqdadır. Gənc hakimlərimiz Çempionlar Liqası komandalarının iştirakı ilə oyunları çox yaxşı idarə edirlər. Lakin Azərbaycana qayıdan kimi nəinki Unibank Premyer Liqası, hətta əvəzedici heyətlərin oyunlarında bəzən səhvlərə yol verirlər. Çempionat qarşılaşmalarında kənar təsirlər, təzyiqlər, mentalitetimiz, mətbuatın hakimlərə basqısı hakimlərin özlərini itirmələrinə gətirib çıxarır. Bunların hamısı psixoloji hazırlığın bir qədər zəif olması ilə əlaqədardır. Ona görə də hakimlərlə mütəmadi məşğul olmaq üçün psixoloq dəvət edəcəyik. Amma irəliləyişlər çoxdur. Gənc hakimlərimizin hər biri 4-5 oyun idarə etdi. Əsas qarşılaşmaları onlara həvalə edirdik. Çünki onlar yaxın gələcəyimizdir və indidən daha çox oyun idarə etməlidirlər.
- Hazırlıq prosesi ölkə çempionatındakı hakim səhvlərinin azaldılmasına kömək edəcəkmi?
- Mən həmişə toplantıdan sonra “əla idi” deyirəm. Amma çempionat qarşılaşmalarında səhvlər buraxırıq. Doğrudan da əla hazırlaşmışıq. Lakin bu, o demək deyil ki, səhvlərə yol verməyəcəyik. Səhvlərdən heç kim sığortalanmayıb. Çalışırıq ki, belə səhvləri minimuma endirək. Antalyada “Bakı”nın Rumıniya “Panduri”si ilə keçirdiyi yoxlama matçını moldovalı hakimlər briqadası idarə edib. Oyundan sonra “Bakı”nın baş məşqçisi Aleksandr Starkov hakimləri qeyri-peşəkar adlandırıb. Görün, orda hakimlər nə oyunlardan çıxıb. Mən moldovalı hakimlərin fiziki durumlarını, özlərini gördüm. Doğrudan da dəhşətə gəldim. Hamısının artıq çəkisi var. Halbuki bizim hakimlər hər gün tərəziyə çıxırlar. 15 günlük təlim-məşq toplantısı ərzində onların çəkisini qram-qram yoxlamışıq. Hamısının çəkisində azalma gedir. Yəni, artıq çəkidən qurtulmaqdadırlar. Məsələn, Ramiz Əsədovun çəkisinin artıqlığına irad tutursunuz. Bu toplanışda o, 11 günə 6 kq çəki salıb. Çəkisalma təkcə toplantının yekun məhsulu olmamalı, evdə də, çempionat ərzində də davam etməlidir. Çox güman ki, Namiq Quliyev AFFA Hakimlər Komitəsində məşqçi kimi fəaliyyətə başlayacaq. O, hər həftə elit, cavan hakimlərimizə fiziki hazırlıq üzrə məşqlər keçəcək. Hakimlərin fiziki hazırlığını daim yüksək səviyyədə saxlamaq üçün bu tədbirə əl atırıq. Hakimlərdən hər ay normativ götürüləcək. Amma bununla yanaşı həftədə 2-3 dəfə fərdi yox, kollektiv, proqram üzrə məşq edəcəklər.
- Buraya gəlməyən hakimlər oyunlara təyinat almayacaqları anlamına gəlmir?
- Qətiyyən. Onlar nəzəri biliklərdən imtahanları uğurla versələr və fiziki hazırlıq üzrə normativləri ödəsələr, hakimliyə davam edəcəklər. Nə yazıq ki, Vüsal Əliyev və Rauf Cabbarov əməliyyat olunublar. Bu səbəbdən, onları gətirməmişik. Amma imtahan və normativləri versələr, heç bir problem olmayacaq. Elələri də var ki, mövsümün ilk yarısında buraxdıqları səhvlərə görə xidmətlərindən yararlanmırıq. Bunlar Elnur Muradov, Ramil Diniyev və Ceyhun Haşımovdur. Elələri də var ki, nə gənc, nə də qocadırlar. Sadəcə, perspektivləri yoxdur. Biz dəfələrlə sınaqdan çıxarsaq da, onlarda perspektiv görmədik. Belə hakimlərdən kimisi aşağı liqalarda hakimlik edəcək, kimisi də ümumiyyətlə, kənarda qalacaq. Bunu fevralda müəyyənləşdirəcəyik.
- Məşhur rusiyalı referi Dmitri Spirinin də hakimlərimizin hazırlıq prosesinə qatılacağını demişdiniz. Bu, hansı səbəbdən baş tutmadı?
- Fikrimiz var idi ki, onu 2-3 günlüyə dəvət edək. Spirinin çoxlu maraqlı materialları var. Lakin təəssüflər olsun ki, Rusiya Futbol Federasiyası onu “Birlik Kuboku”nda saxladı. Yəni, Spirin özündən asılı olmayan səbəblər üzündən hazırlıq prosesimizə qatıla bilmədi. Amma hesab edirəm ki, o, gəlməsə belə, seminarımız yüksək səviyyədə keçdi.
- Toplanış zamanı hakimlərimizin idarəçiliyi ilə bağlı xarici klublar tərəfindən müəyyən narazılıqlar da oldu. Məsələn, Almaniyanın “Drezden” klubu “Neftçi” ilə yoxlama matçını azərbaycanlı ədalət təmsilçilərinin idarə etməsinə qarşı çıxdı...
- Gəlin, bunu o qədər də şişirtməyək. Yəni, bu, təbii haldır. Deyək ki, komandamız Rumıniya klubu ilə oynayır. Görüşü elə rumıniyalı referinin idarə etməsi nə dərəcədə düzgündür? Buna mütləq reaksiya verməliyik. Ona görə almanları da başa düşmək olar. Burada problem görmürəm. Sadəcə, onlar xahiş ediblər ki, neytral ölkə hakimləri olsun və bu da normal qəbul olundu.
- Bəs Fariz Yusifovun idarə etdiyi “Krılya Sovetov” – “Tyun” matçının yarımçıq qalmasını necə qarşıladınız?
- Bunu qalmaqal kimi qələmə verirlər. Amma əslində “Krılya Sovetov” rəhbərliyi özlərini centlmen kimi aparmayıb. Hər oyundan əvvəl belə razılıq olur ki, qırmızı vərəqə alan futbolçu meydançanı tərk etməlidir. Onu ya başqası əvəz etməlidir, ya da heç kim əvəz edə bilməz. Belə bir razılaşma Yusifovun idarə etdiyi oyundan öncə də olmuşdu. 87-ci dəqiqədə oyunun dayanmasının səbəbinə gəlincə, meydançada olan erməni əsilli Roman Qriqoryanı əvəzlədikdən sonra yenidən qaytarmaq istəyirdilər. Bu da qaydalara ziddir. Beynəlxalq yoldaşlıq görüşü olduğundan, hakim FİFA qaydalarına tam uyğun olaraq, həmin oyunçunu meydançaya buraxmaqdan imtina edir. Bundan sonra “Krılya Sovetov”un baş məşqçisi Andrey Kobelev komandasını meydançadan çıxarıb. Bir neçə dəqiqə sonra klub prezidenti Yusifovdan üzr istəyib. Yəni, burada da hakimlərimizin heç bir yanlış qərarı olmayıb.
- Səbəbkarın erməni futbolçu olmasını nəzərə alaraq, bu olayda siyasi çalar axtarmaq mümkündür?
- Mən bunu istisna edirəm. Amma 0:3 hesabı ilə məğlub olan komandanın 87-ci dəqiqədə belə addım atmasına əsasən, bu versiyanı da hardasa düşünmək olar. Doğrudan da niyə məhz erməni futbolçunu meydançaya qaytarırlar? Bəlkə də məqsəd var imiş ki, məğlubiyyəti ört-basdır etmək və sonradan günahı hakimlikdə görmək üçün bəhanə axtararaq oyunu yarımçıq tərk etsinlər. Amma hesab edirəm ki, bu, məşqçilərin qeyri-centlmen hərəkətindən irəli gəlir.
- Məşğələ vaxtı hazırkı toplanışda iştirak edənlərdən 5-6-nın növbəti hazırlıq prosesindən kənarda qala biləcəyinə dair xəbərdarlıq etdiniz. Onlar kimlərdir?
- Mən bunu sözgəlişi demişdim. Hər şey ola bilər. Ola bilər ki, kimsə özünü doğrultmadığı üçün növbəti hazırlıq prosesinə dəvət olunmasın. Ad çəkmək istəmirəm, belələri də var. Yaxud yaşı ilə əlaqədar növbəti toplanışda iştirak etməyənlər də ola bilər. Həyat davam edir və artıq gənclər öz yerlərini möhkəmlədirlər. Növbəti toplanış 6 aydan sonra olacaq. İndidən konkret ad çəkmək üçün tezdir.
- Yaşı çox olan hakimlər dedikdə, ilk növbədə 45 yaşlı Rövşən Əhmədovu nəzərdə tutmursunuz?
- Xeyr, başqa hakimlərdirlər. Ad çəkməyəcəyəm. Mənim üçün əsas məsələ odur ki, hətta 50 yaşında da fiziki hazırlıq üzrə normativləri tam ödəyirsə, həmin hakim işini davam etdirməlidir.
- Artıq Unibank Premyer Liqası gərgin dövrə qədəm qoyur. Qarşıdakı oyunlardan hansındasa əcnəbi hakimlərin xidmətlərindən yararlanacaqsınız?
- Qətiyyən, buna ehtiyac yoxdur. AFFA hakimlərimiz üçün kifayət qədər şərait yaradıb. Keçmiş SSRİ-də Rusiyadan sonra ikinci ən yüksək qonorarı bizim hakimlər alırlar. Sadəcə, öz hakimlərimizə basqı etməmək lazımdır. Hazırda bu çatışmazlığı aradan qaldırmağa çalışırıq.