Klub xəbərləri
- 02.02.2012 / 0 şərh / 1854 -dəfə baxılıb
- Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən “Neftçi” bu gün üçüncü oyununu keçirib. Bakılılar qrupda keçirdiyi son matçda Özbəkistan “Paxtakor”unu böyük hesabla məğlub edib – 3:0. “Neftçi”nin heyətində Bahodir Nasimov (2) və Rəşad Abdullayev fərqlənib.
Amma böyük hesablı qələbə “Neftçi”yə finala çıxmaq üçün yetərli olmayıb. “Ağ-qaralar” qələbə qazanmaqla yanaşı digər oyunda “Poloniya”nın “Metallist”ə qalib gəlməsinə ümid etməli idi ki, bu baş tutmayıb.
Beləliklə, “Neftçi” finala adlaya bilməyib. Buna səbəb digər oyunda “Metallist”in “Poloniya”ya 4:0 hesabı ilə qalib gəlməsidir.
Qeyd edək ki, turnirdəki ilk qarşılaşmasında “Metallist”ə 1:3 hesabı ilə uduzan “Neftçi” daha sonra eyni hesabla Polşanın “Poloniya” komandasına qalib gəlib. “Neftçi” fevralın 3-də digər qrupun ikincisi, Rusiyanın "Terek" komandası ilə 3-cü yer uğrunda oyuna çıxacaq.
Böyükağa Hacıyev ("Neftçi"nin baş məşqçisi ): "Maraqlı görüş alındı. Topa daha çox nəzarət edərək istədiyimiz oyunu göstərə bildik. Yaddan çıxarmaq olmaz ki, bu günkü rəqibimiz "Metallist"i məğlub etmişdi. Daha yaxşı olardı ki, qrupun son matçını elə Ukrayna təmsilçisi ilə oynayardıq.
Belədə nəticə də fərqli ola bilərdi. Qarşılaşmanın gedişatında gənc futbolçuları meydana buraxdım. Bu turnir onların təcrübə toplaması baxımından çox əhəmiyyətlidi”.
Deyan Curceviç ("Paxtakor" klubunun baş məşqçisi): “Neftçi" artıq ilk dəqiqələrdən qol vurub hesabda önə keçdi. Ümumiyyətlə bu oyunda onların hücumlarının qarşısını ala bilmədik. Rəqib dəqiq ötürmələr sayəsində topu özündə daha çox saxlayırdı. "Metallist" klubu üzərindəki qələbədən sonra böyük hesabla məğlub olacağımızı gözləmirdim, bununla belə rəqibimiz finala layiq oynadı".