Klub xəbərləri
- 02.02.2012 / 0 şərh / 1831 -dəfə baxılıb
"Bakı"nın futbolçusu Xavier Junior futbola gəlişindən, planlarından danışıb.
- Futbola gəlişiniz necə baş verdi?
- Kiçik bir savanna şəhəri olan Araponqassda doğulmuşam. Buradan Sao Paoloya 5 saatlıq yoldur. Atam da peşəkar futbolçu olub. Uşaqlıqda onu izləmək üçün qəsəbəmizin meydançasına gedərdim. O həm də mən oxuduğum orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyirdi. Atam və anam bir yerdə işləyirdilər. Braziliyada uşaq ayaq açandan futbol oynayır. Mən də ayağım yer tutandan futbola başladım. Televizorda atamla birgə futbol matçlarını izləyərdim. Ən çox Romario və Ronaldonu xoşlayırdım. Karyerama 14 yaşımda yerli bölgəni təmsil edən "Londrina"da başladım.
- Uşaqlığınızla bağlı hansı maraqlı hadisəni xatırlıyırsınız?
- Bir dəfə məktəbdə oxuduğum vaxt uşaqlarla dərsdən qaçıb futbol oynamağa getdik. Bu mənə çox baha başa gəldi. Valideynlərim bundan xəbər tutdular. Onlar mənim dərslərimə çox ciddi nəzarət edirdilər. Cəza kimi məni 1 ay futbol oynamaqdan məhrum etdilər. 10 gün keçməmiş atamın ürəyi yumşaldı. Anamın etirazına baxmayaraq, o məni yanına çağırıb, topumu qaytardı.
- Bundan sonra "Fluminense"yə, sonra isə vətəndən uzağa - İtaliyaya gedəsi oldun. İtaliya macəranı bir daha xatırlayaq...
- İtaliya A seriyasında mübarizə aparan "Kyevo" klubuna transfer oldum. İtaliyada mən futbolçu kimi yetişdim. Həyatım 90 dərəcə dəyişdi. Məsuliyyət hissim artdı. Ilk dəfə böyük bir klubun nə olduğunu, onun dəyər və rəmzlərinin nə olduğunu hiss etdim. Peşəkarlaşmağımda İtaliyada keçirdiyim 6 ayın böyük rolu oldu. Yaşım az olduğu üçün əvəzedici heyətdə oynadım.
- Birdən-birə Sloveniya kimi balaca bir ölkənin çempionatına üz tutdunuz?
- Mən elə futbolçuyam ki, heç vaxt belə təftişlər etmirəm. Harada özümü rahat hiss edirəmsə, harada mütəmadi oynayıramsa, oranı seçirəm. Maddi maraq mənim üçün ikinci plandadır. Ona görə də Sloveniyanın "Domjole" klubundan gələn təklifə cavab verdim. Bu klubla ölkə vitse-çempionu və kubokunun qalibi olduq. Komandamın və çempionatın ən yaxşı futbolçularından biri oldum.
- Bütün bunlara baxmayaraq yenə də karyeranızda dəyişiklik etmək qarərına gəldiniz?
- Elə hesab edirəm ki, "Bakı"nı seçməklə düzgün addım atmışam. Komandamızın çıxışı hələlik gözlənilən səviyyədə olmasa da, özümü bu komandada çox xoşbəxt hesab edirəm. İnanıram ki, mövsümün sonunda titullardan birini ələ keçirəcəyik.
- Gününüzün əksər hissəsi klub bazasında keçir. Burada yaradılan şərait və infrastruktur barədə nə deyə bilərsiniz?
- Yeni və müasir bir baza tikilib. Azərbaycanda digər klubların bazaları ilə tanışlığım olmasa da, "Bakı"nın ən yaxşılarından biri olduğu fikrindəyəm. Hər gün buraya avtobuslarla yüzlərlə uşaq və yeniyetmələr məşqlərə gəlir. Bu hər şeydən öncə həmin uşaqların narkotiklər və spirtli içkilərdən, cinayət və cinayətkarlardan uzaqlaşdırır. Gənclər sağlam ruhda yetişirlər. Onların hamısı futbolçu olmayacaq. Akademiyanın əhəmiyyəti üçün təkcə bu faktor yetər. Bildiyimə görə, yaxın vaxtlarda klubun prezidenti bazanın daha da genişləndirilməsini nəzərdə tutub. Bütün bunlar Azərbaycan kimi kiçik bir dövlətin dünyada tanınmasına böyük təkan olacaq. Müqayisə üçün onu deyə bilərəm ki, çıxış etdiyim "Domjole" klubunun infrostrukturu "Bakı"nınkından qat-qat zəif idi. Fərq böyükdü.
- Braziliya futbol ölkəsidi. Ola bilməz ki, hansısa məşhur futbolçu dostun olmasın?
- Əlbəttə, var. "Bavariya" klubunun və Braziliya millisinin yarımmüdafiəçisi Rafinya ilə dostam. Onunla əmioğlum vasitəsi ilə tanış olmuşuq. Onlar birgə futbola gedirdilər. Mən də hərdən onlara qoşulub birgə məşq edirdim. Bundan əlavə biz ikimiz də "Lonrdina"nın şərəfini qorumuşuq.
- Sonda sənə uğurlar arzulayırıq. "Bakı" sevərlərə hansı sözün var?
- Mən hansı klubun şərəfini qorumuşamsa, onun rəmzlərinə, azarkeşləri və rəhbərliyinə həmişə hörmətlə yanaşmışam. İstəyirəm, "Bakı" azarkeşləri də bilsin ki, Juni həmişə öz bacardığını meydanda göstərəcək. Mən istəmirəm ki, buradan gedəndən sonra kimdəsə mənimlə bağlı pis xatirlərə qalsın. İnanıram ki, illər keçsə də hamı məni yaxşı insan və yaxşı futbolçu kimi yada salacaq.