Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
03.02.2012 / 0 şərh / 1977 -dəfə baxılıb

Ramin Musayev: Bir dənə jurnalisti təhqir etməmişəm, amma məni təhqir ediblər (Müsahibə)

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin müsahibənisi

«Hakimlikdən yazanların əksəriyyəti futbolu bilmir»

- Hakimlərin təlim-məşq toplanışı haqda fikirləriniz necədi?
- Artıq neçənci ildi, hər il hakimlərimizin ən yüksək şəraitdə təlim-məşq toplanışı keçməsinə imkan yaradırıq. Antalyadakı bu toplanış da eyni məqsədi daşıyır. Ədalət təmsilçilərimiz burda ən yaxşı hazırlıq keçir, gənclər təcrübə qazanır, təcrübəlilər özlərini növbəti dəfə yoxlayır, Premyer-Liqanın ikinci yarısına hazırlaşırlar. Hakimlərimiz burda bir çox güclü Avropa klublarının oyunlarında fit çalıblar. Belə oyunları sayı 50-dən çoxdu. Hakimlər hər gün 5-6, bəzən daha çox təyinat alır, qarşılaşmaları problemsiz idarə edirlər. Siz jurnalistlər də onların oyunlarına bizimlə birlikdə canlı şahidlik etmisiz. Xüsusilə, gənc hakimlərimizin perspektivi məni daha çox sevindirir. Onların idarə etdiyi oyunlar çox maraqlı mübarizə şəraitində keçirilib, heç bir şikayət olmayıb. Bu onu göstərir ki, heç bir problem olmazsa, çempionatın ikinci hissəsi maraqlı keçəcək və hakimlərimiz də buna mane olmayacaqlar. Təbii ki, səhvlər də var və bu normaldı. Dünyanın hər yerində bu var.

- Bütün bu şəraitə rəğmən, hakimlər hər dəfə çempionatda böyük səhvlər edirlər. Niyə belə olur?
- Yaxşı sualdı. Bu təlim-məşq toplanışı zamanı hakimlərimizlə bir görüşüm oldu. Orda mən eyni sualı onlara verdim: niyə burda Avropa klublarıyla oyunlarda yaxşı idarə edirsiz, çempionatda isə səhvlər olur? Cavabları belə oldu: Ramin müəllim, biz burda heç bir təzyiqə məruz qalmırıq. Nə oyunçular, nə klub rəhbərləri bizi narahat etmirlər. Ona görə də burda hər şey yaxşı alınır. Premyer-Liqada isə vəziyyət fərqlidi. Bəzən futbolçular yersiz vərəqələr alırlar ki, bu da hakimlikdəki yeniliklərdən xəbərsiz olduqları üçün baş verir. Öz səhvlərini danıb, günahı hakimlərdə görürlər. Odu ki, təmiz çempionat, yaxşı hakimlik görmək istəyiriksə, onlara təzyiqi aradan qaldırmalıyıq.

«Süni qiymət artımı olmamalıdı»

- İzlədiyiniz qədəriylə, çempionluğa əsas namizədlər kimi hansı klubları görürsüz?
- Çempionluğun taleyi hələ məlum deyil və mən də bu haqda heç nə deyə bilmərəm. Hazırlığından xoşum gələn klub isə “Sumqayıt” oldu. Əsasən gənclərdən təşkil olunan komanda çox yaxşı hazırlıq keçir. “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”ın oyunlarını izləmişik. Sonuncuların “Rid”lə qarşılaşması çox maraqlı oldu. Xatırlayırsızsa, bu komanda ilə mən “Neftçi”də vitse-prezident, Qurban Qurbanov isə baş məşqçi olanda qarşılaşmış, iki matçın cəmində onlara məğlub olmuşduq. Odu ki, bu oyun bir növ revanş xarakteri daşıyırdı. Matçdan əvvəl futbolçulara bu haqda danışmış, qarşılaşmanın əhəmiyyəti haqda söhbət etmiş və qələbə qazanmalarını istəmişdik. Pis oynamadılar. Birinci hissədə əsas, fasilədən sonra ikinci heyət oynadı. “Bakı” ilə eyni mehmanxanada qalırıq. Oyunçuların rejimə riayət səviyyəsi çox yüksəkdi. Onlar təlim-məşq toplanışının əhəmiyyətini tamlığıyla anlayırlar. Əslində, diqqəti konkret hansısa kluba yönəltmək düz olmazdı. Bura bütün klublarımızın hazırlıq prosesini yaxından izləmək üçün gəlmişik.

- Hakimlərimizin Azərbaycanda onlara çox təzyiq olunduğunu, buna görə də Antalyadakı ilə vətəndəki idarəçilikdə fərqlər olduğunu etiraf etdiklərini dediz. Hesab etmirsiz ki, ədalət təmsilçilərimizin yaradılan şərait əvəzində belə bəhanə arxasında gizlənməyə ixtiyarı yoxdu?
- Bu, bütün yox, yalnız gənc hakimlərimizə aid olan məsələdi. Təcrübələri az olduğundan, bir qədər sıxıntı keçirirlər. Bu sıxıntılar olmasın deyə, hakimlərin üzərinə getmək olmaz. Təkcə oyunçular, klublar yox, elə mətbuatın özü də ədalət təmsilçilərimizə çox təzyiq edirlər. Hakimlikdən yazanların əksəriyyəti futbolu bilmir. Ancaq bu mövzu ən asan və azarkeşlər üçün ən maraqlı mövzü olduğundan, buna meyl edilir. Reytinq üçün. Ancaq belə olmaz. Futbolun inkişafından danışır, problemlərimizin həllini istəyiriksə, hakimlər yox, klublardan yazmalıyıq. Məsələn, biz bura hakimləri yox, komandalarımızın işinə peşəkar yanaşdığını izləmək üçün gəlmişik. Sabah çempionatda nəsə problem çıxanda artıq deyə biləcəyik ki, bəs sən filan yerdəydin, hazırlığın filan formada keçdi və səhvi özündə axtar. Bununla yanaşı, hakimlərin toplanışına da diqqət yetirdik. Həqiqətən də, onların çəkdiyi zəhmət alqışlanmalıdı. Hər səhər tezdən, saat 7-də, güclü yağışa rəğmən, məşqə qatılmaları, gün ərzində dərsləri, idarə etdikləri oyunlar, sonra geri dönərək həmin oyunlardakı səhvlər və ya verilən digər qərarların müzakirəsi az iş deyil. Özünüz də şahidi olduz ki, hakimlərimizin heç istirahət vaxtı qalmır. Bütün bunları ona görə edirik ki, klublarımızın heç biri hakimlərə görə xal itirməsin, günah onlarda və ya PFL-də olmasın.

- Nəzərə alaq ki, qarşıda Premyer-Liqanın əsas hissəsi durur...
- Bəli. Bu mövsüm xüsusilə «ilk altılıq»da çox maraqlı mübarizə olacaq. Liderlər arasındakı xal fərqi çox azdı. Yarışın sonu indidən maraq doğurur. Hakimlərin bu mübarizəyə öz mənfi təsirlərini etmələrinin qarşısını almağa çalışırıq. Ancaq səhvlər dünyanın hər yerində olur. Əsas odu ki, qərəzli idaretmə olmasın. Bilirsiz ki, qərəzli hakimlərimizin hamısını yola salmışıq. Son 20 ildə bir dənə də referiyə qarşı bu addım atılmamışdı, biz atdıq. Çünki kiminsə haqqının tapdalanmasını istəmirik. Sağ olsunlar klub rəhbərlərimiz, maliyyə böhranına baxmayaraq, komandalarımızdan imtina etmədilər və onlara sıxıntı vermədilər. Ölkə xaricində belə klublar dağıldı. Uzağa getməyək, Vaqif Cavadovun “Volqa”nı tərk etməsi birbaşa maliyyə məsələləriylə bağlıdı. Bizdə isə ciddi problemlər yaşanmadı. Buna görə onlara təşəkkür edirik. Əvəzində isə qərəzin yaşanmamasına çalışırıq. PFL klubların hüquqlarını müdafiə etməlidi. Çalışırıq ki, heç bir komandamızın haqqı tapdalanmasın.

- 9 Premyer-Liqa komandası təlim-məşq toplanışını Antalyada keçirir. Klublarımızın hazırlığından razı qalırsızmı? Bir məsələ də var ki, qış fasiləsi olmasına baxmayaraq, güclü legionerlərin transferində də irəliləyiş yoxdu...
- Legionerin gücü yalnız məşqdə bilinməz. Bunun üçün o, oyunda iştirak etməlidi. Komandalarımızın Antalyaya gəlişi isə bu baxımdan çox yaxşıdı. Çünki hamısı Bakıda qalsaydılar, burdakı güclü rəqibləri orda tapa bilməyəcəkdilər. Ona görə də böyük maliyyə tələb etməsinə baxmayaraq, sponsorların bu şəraiti komandalara yaratması çox yaxşı haldı. Ümumilikdə götürəndə, klubların hazırlıq səviyyəsindən razı qaldım. Ümid edirəm ki, bu hazırlıq onlara avrokuboklarda uğurla çıxış etməsi üçün də yardımçı olacaq. Ölkəmiz inkişaf edir, həyat şəraiti yüksəlir. Avroviziya kimi böyük bayram Bakıda keçiriləcək. Vaxt var idi, ölkə xaricində Azərbaycan sözünü eşidəndə «o hardadı» deyirdilərsə, indi bizi tanıyırlar.

- İnşallah, musiqimizlə yanaşı, futbolumuz da bu işdə bizə yardımçı olar.
- İnşallah. Biz də buna çalışırıq.

- Legionerlər haqda danışdıq. Limitin aşağı salınmasına qarşı olan bəlkə də birinci adamsız. Hələ də fikrinizdə qalırsızmı?
- Çirkinə zorla gözəl demək olmaz. Limit 8+3-dü. Məsələn, “Sumqayıt”da bu rəqəm 3+8-di. Biz heç kimə çoxlu legioner gətirməyi tapşırmamışıq. Limit yerli futbolçuların qiymətinin süni artmasının qarşısını almaq üçündü. Özünüz də bilirsiz ki, xüsusilə gənc futbolçularımızın qiyməti qalxsa, onlar futbolu yox, pulu fikirləşəcəklər. Bunu hələ “Neftçi”də olduğum vaxt yaşamışam, istəmirəm ki, başqalarının başına gəlsin. PFL olaraq pulu fikirləşsəydik, başqa cür edərdik. Dəyişikliklər edərək legionerlərlə bağlı bəzi addımlar atmışıq. Bir legionerə görə 20 min manat alınırsa, o futbolçu ikinci il burda qalanda bu rəqəm 10 minə enir. Üçüncü ildə bu rəqəm 5 min olur. Ən vacib məqam odu ki, öz ölkəsinin millisində çıxış edən futbolçuya görə klublardan pul almırıq. Süni qiymət artımı olmamalıdı. Gənc futbolçular 150-200 min alandan sonra onlardan inkişaf gözləyə bilmərik. Onlar bilməlidilər ki, çoxlu pul qazanmaq üçün daha çox çalışmaq, əziyyət çəkmək lazımdı. Otura-otura həmin məbləği alarsa, ondan irəliləyiş gözləmək olmaz. Çox az futbolçular var ki, aldıqları pulun həcmindən asılı olmayaraq, dəyişmirlər.

- Yerli oyunçu ehtiyatımız nə dərəcədə güclüdü?
- Söhbət sayda yox, peşəkarlıqdadı. Uğur üçün futbol məktəbinin güclü olması vacibdi. Hazırda respublikada 21-24 yaşlı futbolçuların 70 faizi “Neftçi”nin yetirməsidi. Nə “Neftçi”, nə də gördüyüm işi reklam etmirəm, sadəcə, olan şeyi danışıram. Klublar uşaq məktəblərinə diqqət yetirsələr, 3-4 ildən sonra heç bir legionerə ehtiyac olmayacaq. Mətbuat da buna görə klub rəhbərlərinin üstünə getməlidi.

«Turan»ı hansısa yolla Premyer-Liqada saxlamaq kimi fikrim yoxdu»

- Uşaq futbol məktəbi olan əsas klublarımızdan biri - “Turan”ın rəhbəri dəyişdi. Musa Süleymanovun postundan gedişi, klubun şəhər icra başçısının sərəncamına verilməsi qərarı sizi razı saldımı?
- Musa Süleymanovun dövründə mənə gələn zənglər sizə də gəlsəydi, siz də razı qalardız. Oyunçular zəng edirdilər ki, “Ramin müəllim, mənə pul ver”. Ürəyimiz ağrısa da, biz bank deyilik və bu iş bizim işimiz deyil. “Turan”da hətta yemək problemi də vardı. Qarnı ac adam necə futbol oynaya bilər? Gənc futbolçulardı, onlar da haqqlarını istəyirlər. İnanmıram ki, Tofiq müəllim eyni aqibəti onlara yaşatsın. Komandanın yaşaması və elitada qalması vacibdi. Şəxsi fikrimdi ki, “Turan”ın 1-ci diviziona düşməsi Azərbaycan futbolu üçün böyük itki deməkdi. Çünki Tovuzda futbolu bilirlər, bütün milli komandalarımızda bu rayonun yetirmələri kifayət qədərdi. Hətta qadın yığmamızda belə. Ölkədə futbola diqqət, sevgi olan əsas yerləri məndən soruşsaydılar...

- Hesab edin ki, soruşdum...
- Tovuz və Lənkəran. Sözsüz ki, Gəncə də böyük futbol şəhəridi. Ancaq orda da bir ara maliyyə problemi yaşandı. Məsələn, Qazax deyəndə yada güləşçilər düşür. Düzdü, sağ olsun, “Göyəzən” rəhbərliyi çətinliklə də olsa, klubdan imtina etmir. Demək istədiyim odu ki, Tovuzdakı futbol sevgisi, ordan çıxan istedadlı oyunçuların sayını nəzərə alsaq, “Turan”ın elitadan düşməsi, futbolumuzun enişi demək olacaq.

- Bəs “Turan” elitadan təbii yolla, yəni dağılmadan, qazana bilmədiyi xallar hesabına da düşsə, fikrinizdə qalarsız?
- Sözsüz. Birinci diviziona düşən klubun aşağı yaş qrupları olmur. “Turan” elitanı tərk etsə, yalnız bir komandası qalacaq və o qədər istedadlı uşaq təcrübə imkanını itirəcək. Ən azı bir il bu uşaqlar oynamaq üçün rəqib tapa bilməyəcək, belə demək olarsa, öz növbələrini gözləyəcək, ya da klubu tərk edib başqa yerə getməli olacaqlar. Həm də axı bizdə aşağı dəstədən çox az futbolçu alınır.

- Bəs digər klubların haqqı?
- Əlbəttə, biz heç kimin haqqını yeyə bilmərik. Kim layiqdisə, o da elitada oynamalıdı. Bu öz yerində. “Turan”ı hansısa yolla Premyer-Liqada saxlamaq kimi fikrim yoxdu. Sadəcə, şəxsi fikrimi bildirdim ki, buna üzülərəm. Səbəbini də izah etdim.

«Orda təhqiramiz ifadələr işlətmişdi»

- “Kəpəz” də dağılıb yenidən geri döndü. Tarixə qovuşma təhlükəsinin səbəbləri nə idi?
- Rəhbərliklə söhbət etdik. İncimişdilər. Ki, mətbuat bizdən çox şey yazır, bizim adımızı lazım olan çox yerdə hallandırırlar. Bilirsiz ki, klubun rəhbəri Xanlar müəllim deputat, qalmaqaldan uzaq, belə şeylərə dözməyən insandı. Söhbət etdik, anlaşdıq, sponsorluq davam edir və indi “Kəpəz” Antalyadadı. Yenə də gəlib o yerə çıxdıq ki, mətbuat işçiləri yazdıqlarında diqqətli olmalıdılar. Sponsorları tənqid əvəzinə reklam etməliyik ki, onların sayı çoxalsın. Çoxaldıqca siz KİV-ə də xeyirli olar, gəlir imkanınız artar.

- Axı Xanlar Fətiyev ilk növbədə hakimlərdən narazı qalmış, buna görə hətta yazı belə qələmə almışdı. Günah niyə bizdə olur ki? Klubun prezidenti Elmir Əliyev başqa bəhanə tapmayıb mətbuatı günahlandırır. Xanlar müəllim isə birbaşa hakimliklə bağlı danışmışdı.
- Bu iki adamı bir-birindən ayırmıram. Onların dediklərini deyirəm. Məsələn, mənim haqqımda yazılan yazıların uzağı 1-2 faizi tərif, qalanı tənqiddi. Ancaq mən bunu normal qarşılayıram. Elə insanlar da var ki, reaksiya verir, inciyirlər. Gəlin, sponsorları bu işdən küsdürməyək, əksinə, təmənnasız reklam edək ki, onların sayı çoxalsın.

- Ramin müəllim, sualdan yayındız. Fətiyev ilk növbədə hakimlikdən narazı qalmışdı...
- Bəli, yadımdadı o yazı. Orda təhqiramiz ifadələr işlətmişdi. Ancaq gəlin bu sözün üzərinə getməyək. Ona görə ki, həmin söhbət gedən oyunda heç bir hakim səhvi olmamışdı. PFL-də belə bir sistem var: klub etiraz etdi, etmədi, hər bir oyunun səhərisi günü saat 11-də, hakim səhvləri mənim stolumun üstündə disklərdə qoyulur. Bizim öz peşəkar kameramanlarımız var. Onlar oyundan sonra epizodları incələyir, səhvlər varsa, onları ortaya çıxarır, mənə göstərirlər. Bu işlə konkret məşğul olan bir nəfər var, hətta onun adını bizim hakimlər “Radar Rüfət” qoyublar. Yəni səhv etdinsə, onun «radar»ına düşürsən mənasında (gülür). Həmin görüntülər Xaqani Məmmədova təqdim olunur, o da 50-60 hakimin gözü qarşısında həmin referini göstərir. Həmin hakim ciddi tənbeh olunur, səhvlərinə görə cəzalandırılır. Burda işin mənəvi tərəfi də var ki, həmkarları qarşısında söz eşidən hakim, növbəti dəfə həmin səhvi təkrarlamır, təkrarlamamağa çalışır.

«Ona verilən cəza hələ yüngüldü»

- Hakimlər demişkən, son günlərdə daha üç hakimin - Ramil Diniyev, Ceyhun Haşımov və Elnur Muradovun mövsümün sonuna qədər oyun idarə etməyəcəyi məlum oldu. Bu qərarla razılaşırsız?
- Suala sualla cavab vermək olarmı?

- Buyurun.
- Siz bu qərarla razılaşırsızmı?

- Şəxsən mən razıyam.
- Onda mən də razılaşıram.

- Millinin oyunçusu Vaqif Cavadovun məsələsi gündəmdədi...
- (sualı bitirməyə qoymur) Bilirəm nəyi soruşacaqsız. Fikrimcə, ona verilən cəza hələ yüngüldü. Premyer-Liqada 5 oyunluq cəza azdı, daha çox olmalıydı. “Qarabağ”ın “Rid”lə oyununda Vaqiflə görüşdüm, ona meydanda azarkeşlik etdim, onu da çox istəyirəm. Amma Cavadov o səhvə yol verməməliydi. Vaqif bilirdi ki, həmin oyunda Rauf Əliyev oynamayacaq və millidə yeganə hücumçu o qalmışdı. Deyirlər ki, Foqts onun üzərinə getmişdi və s. Lap Foqts onu söysə də belə, lap döysə də belə, bu addım atılmamalıydı. O, Foqtsa görə oynamır ki. Millinin oyunçuları baş məşqçiyə görə oynayır?

- Xeyr.
- Nə mənə, nə Rövnəq Abdullayevə, nə də başqa birisinə görə oynamır onlar. Futbolçular xalq, millət üçün oynayırlar. Vaqif də oynayar, sözünü meydanda deyib gedərdi. Onda Vaqif bağışlanardı. Sən bilə-bilə ki, millinin başqa hücumçusu yoxdu, uşaqlıq elə, küs get... Bunu qəbul etmək olarmı? Əsla! Vaqifə bu gün güzəşt edilsə, başqa futbolçulara çox pis bir nümunə, ismarıc vermiş olarıq. Ki, bəs siz də belə etsəz, onsuz da məcbur olub bağışlanacaqsız. Belə şeyə yol vermək olmaz! AFFA rəhbərliyinin cəza addımını alqışlayıram.

- Qurban Qurbanov qeyd edib ki, Vaqif həmin addımı atanda “Volqa”nın futbolçusuydu və başqa kluba görə “Qarabağ”ın problem yaşaması düz deyil...
- Onda adını dəyişdirsin.

- Kimin, Vaqif Cavadovun?
- Hə.

«Starşina» demişdi ki, «onu oynatsalar, məşqçiləri işdən qovacam»

- Başqa mövzularda da sual verəcəm. Bəyəndiyiniz, münasibət saxladığınız jurnalist dostlarınız varmı?
- Bəli, var. Amma ad çəkməyəcəm. Mən həmişə jurnalistlərə diqqət ayırmışam. Çünki onların yeri gəldi-gəlmədi təzyiqə məruz qaldığını bilirəm, yağış-qar demədən bölgələrdə oyunlara getməsi, çətin şərtlərdə işləmələrinin şahidi olmuşam. Bütün bunlara baxmayaraq, onlar futbolu sevib, onu lazımi səviyyədə işıqlandırırlar. Jurnalistləri niyə də sevməyim ki? Mənə qarşı yazanlar da çox olub. Ancaq etiraz etməmişəm. Əksinə, haqqımda ən pis yazan adamla belə görüşmüş, salam vermiş, ünsiyyət saxlamışam. Bu günə qədər bir dənə jurnalisti təhqir etməmişəm, amma məni təhqir ediblər. Mən də bunu onların futbola olan məhəbbətinə görə keçmişəm. Gəlin, təhqir yox, tənqid edək. İstər PFL prezidenti olsun, istər klub rəhbəri, istər futbolçu, istər digər futbol adamı. Bu, ən azı düzgün deyil. Ümumilikdə, jurnalistlərlə münasibətim qaydasındadı. Mənim onlarla problemim yoxdu. Onların problemi varsa, bu onların işidi.

- Hər ay Premyer-Liqanın ən yaxşı oyunçusu seçilir və ona 1111 manat pul mükafatı verilir. Ancaq ilin jurnalistlərinə heç bir maddi mükafat verilmədi. Niyə?
- Ayın oyunçusunu ardıcıl üç dəfə düz tapan KİV-ə pul mükafatı verilir və mən də həmin məbləğin üzərinə 500 manat əlavə etdim ki, ortadakı pul daha çox olsun.

- İlin ən yaxşı jurnalistlərini soruşdum...
- Onlara verilən hədiyyə pulnan alınmayıb?

- Pul davası etmirik. Ancaq simvolik bir hədiyyə ilə yanaşı maddi mükafat da olsaydı, hər şey tam olardı. Ən azı futbolçuların gördüyü iş qədər jurnalistlər də görürlər.
- Onunla razıyam. AFFA və PFL olaraq jurnalistlərə diqqət ayırmağa çalışırıq. Şəxsən özüm klublardan xahiş etmişəm ki, KİV-lə reklam münasibətlərini qursunlar, dayandırmasınlar. Bu istiqamətdə işlər görürük. Sizin təklifinizi də qəbul edirik və gələn dəfə seçilən jurnalistə pul mükafatı da verərik. Ancaq onda gərək bir jurnalist seçək. Hər halda, bir şey fikirləşərik bu barədə.

- Sizi tanıyanlar bilir ki, Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının pərəstişkarısız. Bizim qəzetdə də “Kurtlar Vadisi AFFA” serialı uzun müddət getdi. Oxuyurduzmu?
- (gülür) Son zamanlar oxumadım. Çünki serialın özünün əvvəlki dadı qaçmışdı. Ona görə də sizin serialı da son zamanlar oxumadım. Ancaq oxuduğum vaxtlarda görürdüm ki, hardasa 30 faiz reallığa yaxınlıq var idi.

- Orda sizə Polad Ələmdar rolu verilib...
- Yəqin həyatda çılğın olduğum üçün bu rola seçilmişəm.

- Bəs başqa rollar? Məsələn, Xaqani Məmmədovun Memati rolunda olması...
- Məncə heç uyğun gəlmir (gülür).

- Dubaya getmişdiz. Səfər istirahət, yoxsa müalicə məqsədi daşıyırdı?
- İstirahət.

- Niyə məhz Dubay?
- Bu mənim yox, uşaqlarımın seçimiydi. Məndən olsa, Bakıdan kənara çıxmaram.

- Niyə?
- Bu şəhəri çox sevirəm. Ordan ayrılanda özümü anasından ayrılan uşaq kimi hiss edirəm. Ona görə də seçimim olsa, heç bir yerə getmərəm. Baxmayaraq ki, Bakıda gündə 5 dəfə dərman atıram, yenə də bu şəhəri başqasına dəyişmərəm.

- Yeri gəlmişkən, sağlamlığınız nə yerdədi?
- Pis. Dəhşət ağrıyıram. Bu gecə (söhbət cümə günü olub) yatmamışam.

- Müalicəniz necə gedir?
- Vallah, başımı tuturam, böyrəyim ağrıyır, böyrəyimi tuturam başım. Bir müddət əvvəl hər şey yaxşı idi, vəziyyətim qaydasındaydı. Ancaq yenə də ağrımağa başladım. İndi də ödümdə ağrım var.

- Allah şəfa versin. Son sualım: oğlunuz Elvin futbolçudu. Sizcə, o, siz istəyən səviyyədə oyunçudumu və ya olacaqmı?
- Futbolu sevirəm, özüm də çoxlu oynamışam. İdmanın bütün növləri gözəldi. Rəhmətlik Heydər Əliyev də demişdi ki, idmançıların sağlam ruhu, sağlam bədəni olur. İdmançı içki içmir, siqaret çəkmir, başqa pis yollara düşmür. Bu, hər bir valideyn üçün müsbətdi. Digər tərəfdən, sağlamlığı qaydasındadı. Yəni idmandan ziyan gəlməz. Oğluma gəlincə, belə bir məsələ var. O, hələ “Neftçi”nin azyaşlılarında oynayanda İslam Kərimov özünü reklam etmək üçün Elvini ehtiyatda oturtdu. Ki, bəs “baxın, mən Ramin Musayevin oğlunu ehtiyatda oturduram, meydana buraxmıram”. İstəyirdi ki, ona deyim “burax”. Sonralar İslam Kərimov özü də etiraf etmişdi ki, bunu reklam üçün edib. Mən də “Sağ ol, ay Kərimov. Bu da sənin mənə olan hörmətin” dedim. Nə isə, ordan gəlib əvəzedici heyətə çıxanda da eyni problemlə üzləşdik. Öz yetirmələrimizmi deyim, məşqçilərimizmi deyim, onlar da Elvini oynatmadılar. Sonradan mənə dedilər ki, “neynəyək, sizi əvəzləyən adamlar dedi ki, oynatma, biz də oynatmadıq”. Apardım MOİK-ə, orda da “starşina” demişdi ki, “onu oynatsalar, məşqçiləri işdən qovacam”. Bir dənə “Simurq”da problem olmadı. Yaxşı da çıxış etdi məncə. Ordan qayıtdı gəldi “Neftçi”yə, orda yenə oynatmadılar. İlk gündən indiyə qədər bir məşqçi deyə bilməz ki, Ramin müəllim məndən oğlunu meydana buraxmağı istəyib. Bundan sonra da eləmərəm. Hələ futbola gələndə Elvinə demişdim ki, “Oğul, mənim burda olmağım sənə mane ola bilər. Yaxşı olar ki, başqa idman növü seç”. O da prinsipial uşaqdı, futbolu sevir deyə, getmədi, indi də davam edir.

- Belə çıxır ki, sizi sevməyənlər çoxdu...
- Sevənlər sağ olsun, sevməyənlər ikiqat sağ olsun.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.