Klub xəbərləri
- 03.02.2012 / 0 şərh / 1904 -dəfə baxılıb
- “Rəvan” və “Muğan” “qardaşları” çox qısa müddətdir fəaliyyət göstərmələrinə baxmayaraq, Azərbaycanda, bəlkə də, ən tez-tez məşqçi dəyişənlərdir. Burada kimlər çalışmayıb ki? Kemal Alispahiç, Almir Hurtiç, Nadir Qasımov, Vladislav Qədirov, Bəhmən Həsənov... Sonuncuda dayanaq. Çünki bu yazımızda məhz Bəhmən Həsənovdan danışacağıq.
Azərbaycan futboluna dərindən bələd olan istənilən şəxs Bəhmən Həsənovu uşaq məşqçisi kimi tanıyır və bu sahənin mütəxəssislərindən hesab edir. Amma “Muğan” aşağı dəstəyə düşdükdən sonra “Rəvan” rəhbərliyi Həsənovu baş məşqçi postuna gətirdi. Həsənovun nəticələri isə göz qabağında oldu. Həsənov “Rəvan”ın baş məşqçisi postunda çox uğursuz olduğunu etiraf edib, qələbə üzü görmədən istefa verdi. Onun yerini tutan Vladislav Qədirov isə, həqiqətən də, komandaya bir yenilik gətirdi. Ardıcıl 4 oyunda uduzmayan “Rəvan” hazırda da ilk “altılığ”a iddiasını davam etdirir. Amma “Rəvan” rəhbərliyi Həsənovu birdəfəlik uzaqlaşdırmadı, ona daha yaxşı bacardığı işi həvalə etdi. Həsənov hazırda “Rəvan”ın aşağı yaş qrupları üzrə bütün komandalarına nəzarət edir. Yeni və köhnə işi ilə bağlı danışan Həsənov yaxın gələcəkdə ciddi yeniliklərə imza atacağını bildirdi: “Məlum nəticələrdən sonra baş məşqçi postundan istefa verdim. Amma məni heç yerə buraxmadılar. Rəhbərlik tərəfindən aşağı yaş qrupları üzrə bütün komandaların direktoru təyin olundum. Hazırda da öz işimi davam etdirirəm. İstefa verdiyim günün səhəri məni yeni vəzifəyə gətirdilər. Əslində, həmin dövrdə təhsilimi davam etdirirdim. Odur ki, fəaliyyətə bir qədər gec, ötən ilin oktyabr aydında başladım. Yenə “Rəvan”dayam və özümü yaxşı hiss edirəm”.
”Rəvan” yeni yaranan komanda olsa da, artıq aşağı yaş qrupları üzrə komandalara diqqət ayırmağa başlayıb və bu, çox təqdirəlayiq haldır. Bu klub AFFA-nın təşkilatçılığı ilə keçirilən bütün yarışlarda, çempionatlarda qüvvəsini sınayır. Bəhmən Həsənov əlavə etdi ki, “Rəvan”da artıq yeni məşqçi kollektivi də formalaşıb: “Hazırda 9 məşqçimiz var. Həmin məşqçilərdən ikisi əvəzedici heyətdə yer alıb, komandanı hazırlayır. Digər məşqçilərimiz isə U-17-yə qədər olan bütün yaş qruplarına nəzarət edirlər. Azərbaycan çempionatının bütün yaş qruplarında təmsilçimiz var. AFFA nə yarış təşkil edirsə, biz də ona qatılırıq”.
Bildiyiniz kimi, Azərbaycanda yerli məşqçilərin çoxunun kateqoriyası ya yoxdur, ya da baş məşqçi işləməyə imkan vermir. Vaxtilə ölkə çempionatında lisenziyasız fəaliyyət göstərən məşqçilərimiz olub ki, onlardan biri də Bəhmən Həsənovdur. Təsəvvür edin ki, Həsənov yalnız aşağı yaş qruplarında və əsas komandada ən yaxşı halda köməkçi məşqçi kimi çalışmağa imkan verən B kateqoriyasını elita klubundan istefa verdikdən sonra alıb: “Çox təəssüf ki, B kateqoriyasını indi aldım. Açığını deyim ki, “Rəvan”da çalışarkən heç bir kateqoriyam yox idi. Yavaş-yavaş təhsilimi artırıram. A kateqoriyasını isə inşallah, yayda oxuyacağam. Çünki B-ni aldıqdan sonra bir il gözləmək və daha sonra növbəti kurslara qatılmaq şərtdir. Əslində, çox istədim ki, A kateqoriyasına daha tez qatılım. Amma imkan vermədilər. Alınmadı”.
Bəhmən Həsənov əvvəl bir komandaya nəzarət edirdisə, indi daha çox kollektivə göz qoyur. Amma bir elita klubuna rəhbərlik etmək, onun nəticələrinə cavabdeh olmaq, 5 aşağı yaş qrupunu ümumiləşdirməkdən daha çətindir. Həsənov da etiraf edir ki, hazırda dincəlir: “Əsas məsələ odur ki, biz yenidən futbolun içindəyik. İşləməklə yanaşı, həm də istirahət edirəm. Yüksək liqanın təzyiqi çox böyükdür. Nəticə verməyəndə, bu, istər-istəməz həm məşqçi, həm də futbolçulara pis təsir edir. Bir növ anlaşılmazlıq yaranır. Amma kənara çəkilmək fikrim yoxdur. Öz planları, ambissiyası olan bir insanam. Gələcək planlarımın üzərində çox ciddi işləyirəm. Hər bir məşqçinin səhvi olur. Mən də yüksək liqada çalışdığım zaman buraxmış olduğum səhvlərin üzərində işləyirəm, onu aradan qaldırmağa çalışıram. Məşqlərin, oyunların analizini aparıram. Başqa klubların məşqlərinə baxıram, sintez edirəm”.
Bəhmən Həsənov sonda bir proqram üzərində işlədiyini də bildirdi: “Mən bütün yaş qrupları üzrə komandalar üçün bir proqram tətbiq etmişəm. Hamıya məlumdur ki, uğur qazanmaq üçün mütləq sistem olmalıdır və ona əsasən çalışmalısan. Biz həmin sistemi formalaşdırmışıq. İnşallah, yaxın gələcəkdə görəcəksiniz. Yaxın gələcəkdə məşqçilərlə bir yerdə oturub bütün məşqləri izləyə, analiz apara biləcəyik. Ay ərzində, eyni zamanda gün ərzində bu məşqlərə tamaşa edəcəyik. Məşqlərin şəffaf keçməsinə ictimaiyyəti də əmin etmək istəyirik. Odur ki, bütün məşq prosesləri klubun rəsmi internet səhifəsində yerləşdiriləcək. İstəyən şəxs bütün məşqlərə məhz bu yolla tamaşa edə bilər. Həmin proqram artıq işlənib hazırlanıb. Tezliklə həmin proqramı məşqlərə tətbiq edərək, Azərbaycan futboluna bir yenilik gətirəcəyik”.