Klub xəbərləri
- 03.02.2012 / 0 şərh / 1828 -dəfə baxılıb
- Futbol üzrə Unibank Premyer Liqasının lideri “Neftçi” Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirə turnirində çıxışlarını yekunlaşdırıb. Flaqman 3-cü yer uğrunda görüşdə təşkilatçı komanda sayılan Qroznı “Terek”ini darmadağın edib – 3:0.
Fevralın 3-də baş tutan qarşılaşmada “Neftçi” rəqib qapısından 3 cavabsız top keçirib. Hesabı 18-ci dəqiqədə Slavço Georgiyevski açıb. Makedoniyalı yarımmüdafiəçinin möhtəşəm zərbəsindən sonra top “9-luq”dan topa daxil olub. 48-ci dəqiqədə Bahodir Nasimovun ötürməsindən sonra Cavid İmamverdiyev hesabı artırıb. 66-cı dəqiqədə Cavid Hüseynov fantastik zərbə ilə yekun nəticəni müəyyənləşdirib.
Bələk qəsəbəsindəki “Arcadia” otelinin meydançasında baş tutan görüşü rusiyalı referi Laşa Verulidze idarə edib. Əslən Vladiqafqazdan olan baş hakim “Neftçi” əleyhinə qərarları ilə diqqət çəkib. O, 24-cü dəqiqədə komandamızın hücumunun kobudluqla dayandırılmasını sumulyasiya kimi dəyərləndirib və birdən-birə iki oyunçuya sarı vərəqə göstərib. Verulidze 69-cu dəqiqədə Bahodir Nasimovun vurduğu qolu oyundankənar vəziyyəti səbəb göstərərək, qeydə almayıb.
“Neftçi”nin möhtəşəm qələbəsinə “Terek” klubunun prezidenti Maqomed Daudov və “Anji” komandasının keçmiş baş məşqçisi Hacı Hacıyev də şahidlik edib.
Beləliklə, “Neftçi” 170 min dollar mükafat fonduna malik turnirdə bürünc medala sahib olub. Yalnız ilk görüşdə Ukrayna “Metallist”inə 1:3 hesabı ilə uduzan flaqman sonrakı qarşılaşmalarında Polşa “Poloniya”sını 3:1, Özbəkistan “Paxtakor”unu 3:0 hesabı ilə yenib.