Klub xəbərləri
- 06.02.2012 / 0 şərh / 1959 -dəfə baxılıb
“Sumqayıt” klubunun etdikləri göz qabağındadır. Yeni yaranan komanda çempionatın autsayderləri qrupunda qərarlaşsa da, bəzi iddialı klublardan daha faydalı işlər görür. Orxan Əliyev, Ruslan Tağızadə, Andrey Popoviç, Eldar Məmmədov, Eşqin Quliyev, Tərlan Quliyev, Kamil Nurəhmədov kimi gəncləri oynatmaq, onlara oyun praktikası qazandırıb, gələcəyə bəxş etmək çox şeyin əvəzidir. “Sumqayıt”ın bir öncül məqamı da var ki, komanda bir növ aşağı yaş qrupları üzrə milli komandalar üçün baza rolunu oynayır. Təsadüfi deyil ki, heyətin əksər üzvləri U-17, U-19, U-21 yığmalarına çağırılırlar. “Sumqayıt” klubu həm də futbol şəhəri kimi tanıdığımız Sumqayıtın gənc mütəxəssislərinin də toplaşdığı yerdir. Aqil Məmmədov, Mehman Yunusov kimi gənc məşqçilər artıq bu komandanın müxtəlif yaş qruplarında fəaliyyət göstərirlər…
“Sumqayıt”ın yaranmasından xeyir görən futbolçulardan biri də Kamil Nurəhmədovdur. Hazırda komandanın əsas qol ümidlərindən sayılan və Azərbaycan dilində güclə danışan Nurəhmədov müsahibəsində futbola gəlişindən, gələcək planlarından danışdı...
- Gənc olduğuna görə, azarkeşlərin, futbol ictimaiyyətinin bir qismi səni yaxından tanımır. Odur ki, əvvəlcə özün haqqında məlumat ver. Futbola necə gəlmisən, niyə məhz bu sahəni seçmisən?
- Futbolçu olmaq üçün mühitin də böyük rolu var. Bəzən insan elə mühitə düşür ki, onun təsirindən çıxa bilmir. Mənim atam da futbolçu olub. O, 10 il Azərbaycanda, 10 il isə Rusiyada futbol oynayıb. Həmişə istəyib ki, onun kimi oynayım. Mən də uşaqlıqdan onunla birgə oynamışam və beləcə futbola gəlmişəm.
- Bildiyimizə görə, bir müddət Rusiyada yaşamısan. Azərbaycana qayıdışın necə alındı?
- Mən Azərbaycanda anadan olmuşam. Qusar rayonunun Şirvanovka kəndində dünyaya göz açmışam. Futbol oynamağa da Azərbaycanda başlamışam. Yəni bura mənim üçün heç də yad məkan deyil.
- İlk məşqçin kim olub?
- Gözümü açıb atamı görmüşəm. Futbol oynamağı, onunla məşğul olmağı mənə uşaqlıqdan atam, yəni Kamran Nurəhmədov öyrədib.
- Belə yollardan keçərək, artıq peşəkar karyera qurmusan. Bu yaxınlarda isə çıxış etdiyin “Sumqayıt” klubu ilə təlim-məşq toplanışından qayıtmısan. Antalyada hazırlıq necə keçdi?
- Qış fasiləsində hamı kimi, biz də hazırlıq keçdik, yoxlama oyunlarında qüvvəmizi sınadıq. Düşünürəm ki, hazırlıq çox yüksək səviyyədə oldu. Çempionatın ikinci mərhələsinə tam hazırıq.
- “Sumqayıt” pis oyun sərgiləməsə də, turnir cədvəlinin sonlarından xilas ola bilmir. Yarış cədvəlinin sonlarında gedən bir komandada çıxış etmək necə hissdir?
- Bəli, turnir cədvəlində aşağı pillələrdəyik. Yeni yaranan komandadır. Amma dediyim kimi, çox yaxşı hazırlıq mərhələsi keçmişik. Fikirləşmirəm ki, biz ikinci dövrədə də aşağı yerlərdə olacağıq. Üzərimizə düşən futbolu daha gözəl oynamaqdır. İnşallah, digər məsələlər yavaş-yavaş öz həllini tapacaq.
- “Sumqayıt”ın heyətinin əsasını gənclər təşkil edirlər. Bunun nə kimi mənfi və müsbət tərfləri var?
- Əlbəttə ki, komandada gənc futbolçuların çox olması yaxşı haldır. Bunu alqışlamaq lazımdır ki, gənclərə böyük önəm və şans verilir. Gənc futbolçular özlərini göstərə bilirlər. Gənc komanda həm də həvəslə məşq edən, oyunlara tam istəklə yanaşan kollektiv deməkdir.
- Gənclərlə yanaşı, komandada bir neçə təcrübəli futbolçu da var. Məsələn, 10 qat Azərbaycan çempionu Mahmud Qurbanov sizinlə birgə oynayır. Ölkənin ən tanınmış oyunçularından biri ilə eyni komandada çıxış etmək bir gənc üçün nə deməkdir?
- Mənim təcrübəli futbolçularla münasibətim çox yaxşıdır. Hər zaman onlardan yeni nəsə öyrənməyə çalışıram. O ki qaldı Mahmud Qurbanova, məncə, onun necə futbolçu olduğunu hər kəs bilir. İşinin peşəkarıdır və çox güclü oyunçudur.
- Əslində, komandanın qol vurmaqla bağlı problemi olanda belə, Mahmud sənin tərəfini saxlayıb. Şəxsən deyib ki, Kamil Nurəhmədovun bacarığı var...
- Elə futbolçular var ki, öz üzərlərində işləmirlər. Mən isə öz çatışmazlığımı görən insanam və kənardan deyilənləri normal qəbul edirəm. Mahmudda çox böyük təcrübə var. O, təcrübəsinin hesabına çox şeyi aradan qaldırmağa qadir olsa da, məşqlərə çox böyük ruh yüksəkliyi, əhvali-ruhiyyə ilə çıxır.
- Bəzi oyunlarda diqqət mərkəzinə düşmüsən. Sənə başqa klublardan dəvətlər olubmu?
- Düzünü desəm, olmayıb. Eyni zamanda, mənim hazırkı komandamla müqaviləm qüvvədədir. Odur ki, indiki vəziyyətdə harasa getməyi düşünmürəm.
- Milli komandanın heyətində gəncləşdirmə işləri aparılır. Nə vaxtsa, yığmaya dəvət alacağını düşünürsənmi?
- Əlbəttə düşünürəm və buna inanıram. Milli komandaya dəvət almaq hər bir futbolçunun arzusudur. Yaxşı dərk edirəm ki, millidə oynamaq üçün ilk növbədə özünü göstərməlisən. Mən özümü göstərmək üçün Premyer Liqa oyunlarında çox çalışmalıyam ki, milliyə çağırılım.