Klub xəbərləri
- 06.02.2012 / 1 şərh / 1911 -dəfə baxılıb
“Neftçi” Antalya hazırlığı dönəmində ən səmərəli işlər görən Azərbaycan klublarından oldu. Sonuncu ölkə çempionu 25 gün davam edən təlim-məşq toplanışında yoxlama oyunları keçirməklə yanaşı, Çeçenistanın eks prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə də qüvvəsini sınadı.
“Metallist” (Ukrayna), “Terek” (Rusiya), “Poloniya” (Polşa), “Paxtakor” (Özbəkistan) klubları ilə görüşən “flaqman” yalnız birinciyə uduzdu. Əslində, həmin ilk oyundan öncə “Neftçi”nin düşərgəsində işlər heç də qaydasında getmirdi. Belə ki, prezident Sadıq Sadıqovun anasının dünyasını dəyişməsi, eyni zamanda ailəsində problem olan Flavinyonun oyuna çıxmaması komandaya təsir etmişdi. Bütün bunların fonunda “Neftçi” ilk oyunu uduzmasına baxmayaraq, sonradan toparlanaraq, beynəlxalq turnirin bürünc mükafatını qazandı. Beynəlxalq turnirə maraq kifayət qədər yüksək idi. Belə ki, klub prezientlərindən tutmuş, FİFA nümayəndələrinə kimi, bir qrup vəzifəli şəxs bu oyunları canlı izləyirdilər.
Onlardan biri də “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov idi. Turnirin keçirilməsinin əhəmiyyətindən, müsbət və mənfi cəhətlərindən danışan Süleymanov, eyni zamanda “Neftçi”nin qazandığı mükafatı da dəyərləndirdi: “Əlbəttə ki, biz Antalyada səmərəli toplanış keçdik. Bu toplanışın əsas məqsədi çempionatdakı uğurlu çıxışımızı davam etdirmək üçün zəmin formalaşdırmaq idi. Əhməd Kadırovun xatirə turnirində iştirak etmək bizə əvvəlcədən təklif olunmuşdu. Biz bu təklifi müsbət cavablandıraraq, “Neftçi”nin adından çıxış edib Azərbaycanı təmsil etdik. Hələ püşkatmadan sonra bəzi dəyişikliklərə görə, 6 gündə 4 ağır oyun keçirmək məcburiyyətində qaldıq. Qrupumuza nəzər salsaq, görərik ki, ən güclü rəqiblərlə qarşılaşdıq. “Metallist”in təqdimata ehtiyacı yoxdur. “Poloniya” Polşa futbolunun liderlərindən biri sayılır. “Paxtakor”un da belə turnirlərdə təcrübəsi var. Əgər digər qrupa düşsəydik, nəticə daha yaxşı ola bilərdi. Amma yenə də Azərbaycanı ən yaxşı şəkildə təmsil etdiyimizi düşünürəm. Oraya təşrif buyuran qonaqlar da vurğuladılar ki, “Neftçi” turnirin ən yaxşı oyun sərgiləyən iki komandasından biridir. Bilmirəm nə qədər düzgün müqayisə olar, amma deməliyəm ki, Antalyada keçirilən turnir “Birlik kuboku”ndan qat-qat səviyyəli idi. 8 komanda burada əsas heyəti ilə təmsil olunurdu”.
Komandanın məşqçilər korpusu bu turnirdə təcrübəli futbolçularla yanaşı, gənclərə də şans verdi. Belə ki, Elvin Yunuszadə, Cavid İmamverdiyev, Cavid Hüseynov mütəmadi, Kənan Manaflı, Elşən Abdullayev isə az-az oynamaq şansı əldə etdilər. Tahir Süleymanov bildirdi ki, həmin turnirin gedişində “Neftçi”nin bütün gənc oyunçularına bu və digər səpkili dəvətlər gəlib: “Sizi inandırım ki, “Terek” klubunun prezidenti və Çeçenistan Respublikasının yüksək rütbəli şəxsləri “Neftçi”ni alqışlayıb getdilər. Bəli, bizim gənc futbolçular turnirdə özlərini yaxşı tərəfdən göstərdilər. Ad çəkmək istəmirəm, həmin gənclərin hamısına təkliflər gəlməkdədir. Çempionat başa çatdıqdan sonra bu məsələləri müzakirə edəcəyik. Çox güman ki, yayda 2-3 “Neftçi”li futbolçu ölkə xaricinə çıxacaq. “Flaqman” artıq Araz Abdullayev və Amit Quluzadənin ölkə xaricinə çıxması ilə adından söz etdirib. Biz bu ənənəni davam etdirəcək, eyni zamanda yerli futbolçuların inkişafı üçün əlimizdən gələni edəcəyik. Bizim əsas komanda ilə yanaşı, əvəzedici heyətimiz də Antalyada təlim-məşq toplanışında idi. Bu isə o deməkdir ki, komandamız gənc futbolçuların inkişafı üçün zəmin formalaşdırır”.
Tahir Süleymanov sonda “Neftçi” rəhbərliyinin adından danışaraq, legioner limitinin azaldılmasının tərfdarı olduqlarını bildirdi: “Neftçi” turnir zamanı çox az legionerin xidmətindən istifadə etdi. Biz “Neftçi” klubu olaraq, Azərbaycanda legionerlərin sayının azaldılmasının tərəfdarıyıq. Düşünürük ki, azərbaycanlı futbolçuların ölkə xaricinə çıxmasının artıq vaxtıdır. “Neftçi” də məhz bunun üçün çalışır”.