Klub xəbərləri
- 06.02.2012 / 0 şərh / 2275 -dəfə baxılıb
- Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun serb əsilli futbolçusu Branimir Subaşiçin müsahibəsi
- Bu yaxınlarda Bakıda restoran açdığınıza dair Serbiya mətbuatında xəbərlər yayıldı. Bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?
- Mən bu barədə danışmaq istəməzdim. Futbolçuyam, restoranım yoxdur. Dostlarım kafe açıblar, içəridə serb musiqisi səsləndirilir. Bu, restoran deyil. Restoranda xeyli yemək verilir. Burada isə 2-3 növ yemək olur. Açığı, belə xəbərlərə əhəmiyyət vermirəm. Futbol oynayıram. Ola bilsin, oradan kiçik faizim var. Amma bunu restoran işlətməyim kimi qələmə vermək düzgün deyil.
- Bəs kafedəki işləri kim görür?
- Qardaşım. O, dostları ilə bütün işləri aparır. Mən isə ora hərdən gedirəm, yemək yeyirəm. Qurtardı.
- Yəqin ki, kafe müştəriləri arasında serbiyalı və keçmiş Yuqoslaviya respublikalarından olanlar çoxluq təşkil edir...
- Əvvəllər daha çox idilər. İndi az da olsa, var. İdman sahəsi ilə yanaşı, tikintidə çalışanlar da mövcuddur. Eyni zamanda Bolqarıstan, Rumıniya və Balkan yarımadasının digər ölkələrindən də gələnlər olur. Onlarla hərdən görüşüb söhbətləşirik.
- Bakıda mənziliniz var?
- Yoxdur. Amma almaq fikrim var. Təəssüf ki, Azərbaycana ilk gəldiyim vaxtlarda almadım. Halbuki həmin vaxt yaxşı imkanlar da vardı. Qiymətlər də indiki kimi deyildi. O vaxtlar alsaydım, indi mənzilimin qiyməti xeyli yüksək olardı.
- Amma həyat yoldaşınız burada yaşamazdı...
- Niyə? Bura onun xoşuna gəlir.
- Əvvəllər demişdiniz ki, qızınız dünyaya gəlsə, ona Samirə adı verəcəksiniz...
- Xeyr, bu, alınmadı. Deməzdim ki, həyat yoldaşım razı olmadı. Açığı, bu ad xoşuma gəlir. Ona görə belə açıqlama vermişdim. Amma qızımıza başqa ad qoyduq.
- Bəs Validə Abbasovanı haradan tanıyırsınız?
- Validə mənim tanışım və dostumdur. Onunla bundan başqa heç bir xüsusi münasibətim yoxdur. Bu yaxınlarda Abbasova məndən və ailəmdən çalışdığı mətbu orqan üçün müsahibə götürmüşdü.