Rəylər
- 31.03.2012 / 0 şərh / 2185 -dəfə baxılıb
- "Xəzər Lənkəran"ın hücumçusu Branimir Subaşiçin müsahibəsi
- "İnter"lə oyun necə keçdi?
- Üstünlük bizim tərəfdəydi. Son 20 dəqiqədə rəqibi qapısına sıxmışdıq. Təhlükəli epizodları qola çevirməkdə çətinlik çəkirik. Futbolda bəxt amili də böyük rol oynayır. Son vaxtlar bəxtiimiz gətirmir. Yenə belə oldu. Bu, mənimlə yanaşı, digər hücumçuların da problemidi. Buna da qarşıdakı oyunlarda son qoymalıyıq. "İnter"i keçə bilməməyimizə üzülürəm.
- Son məşqlərin birində baş məşqçiylə aranda nə problem yaranıb?
- Yunis Hüseynovla münasibətim yaxşıdı. Aramızda heç bir problem yoxdu. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Belimdə ağrılar var, ona görə oyuna iynəylə çıxmışdım. Zədəmi sağaltmaq üçün müalicəni davam etdirirəm.
- "Bakı" ilə matçda azarkeşlər tərəfindən fitə basıldın. Onlarla niyə yola getmirsən?
- Lənkəran azarkeşləri çox çılğındı. Komandanın uğursuz çıxışı ilə barışmırlar. Əlbəttə, hücumçu kimi məndən qol gözləyirlər, qol görməyəndə isə fitə basırlar. Onlara haqq qazandırıram. Lakin indi bizə dəstək verməlidilər. Onda daha həvəslə oynayıb, qollarımzı da vurarıq. Ola bilsin ki, istənlən formada deyiləm. Özüm də yaxşı başa düşürəm bunu. Əvvəlki formamı yığandan sonra əsas heyətdə yerimi bərkidərəm. Qarşıdakı turlarda qollarımı vuracam.
- "Böyuk oyun"da qələbə son dəqiqələrdə sizdən üz döndərdi…
- "Neftçi" ilə "Xəzər"in oyunu hər zaman gərgin keçir. "Neftçi"də oynadığım vaxtlarda da belə olub. Hər iki komanda buna ciddi yanaşır. Həm tamaşaçı, həm də oyun baxımından. Məqsəd isə birdi - qələbə qazanmaq. Biz də səfərdən 3 xalla dönmək istəyirdik. Bilirsiz ki, bundan əvvəl "Neftçi"yə böyük hesabla məğlub olmuşduq. Qələbə qazanacağımız halda, bu, həm komandaya, həm də azarkeşlərə bir təsəlli olardı. Yunis Hüseynov bizə təzə gəlib. Onun rəhbərliyi altında evdə "Bakı"ya uduzduq. Uğursuzluğa bu oyunda son qoyacağımıza söz vermişdik. "Neftçi"yə məğlub olmamaq üçün əlimizdən gələni etməliydik. Uduzsaydıq, Lənkərana dönə bilməzdik, buna haqqımız çatmırdı. İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə rəqibdən üstün idik. Hətta qələbə də qazana bilərdik. Semedo topu boş qapıdan keçirsəydi, sevinən tərəf biz olacaqdıq. Ancaq "Neftçi" kimi komandadan səfərdə bir xal qoparmaq da yaxşıdı.
- Heç-heçəni ədalətli nəticə hesab etmirsən?
- Niyə ki? Oyun belə başa çatıbsa, deməli, qismətimizdə bu olub. Qapımıza verilən penalti məndə şübhə doğurur. Hakim qərar verməkdə çətinlik çəkdi, tərəddüd etdi, sonra da ara qarışdı. Referinin fikrini dəyişməsində yan hakimin rolu oldu. "Neftçi"nin oyunçuları da hakimin penalti verməsini təkid etdilər. Elnur Allahverdiyev qəsdən əllə oynamamışdı. Bu cür epizodlar "Neftçi"nin qapısı ağzında da baş vermişdi. Onlar iki dəfə topun qarşısını əllə almışdılar. Hakim qapımıza şübhə doğuran penalti təyin edirsə, onda "Neftçi"nin qapısına yüz faiz penalti verməliydi. Eyni epizodda bir komandanın qapısına penalti verib, digərinə verməmək düzgün deyil.
- Sən də demək istəyirsən ki, hakimlər "Neftçi"yə güzəşt edir?
- Mən demirəm ki, onlar bilərəkdən belə edirlər. Sadəcə, epizodlara düzgün qiymət verməlidilər. "Neftçi", "Xəzər Lənkəran" və başqa komanda olsun, fərq etməz. Əsas odu ki, hakim səhvləri komandanın oyununa və nəticəsinə təsir etməsin. Hakim oyunda nə görürsə, onu da verməlidi. Qaldı ki xırda epizodlara, hakimləri də başa düşmək olar.
- Yunis Hüseynovun baş məşqçi postuna gəlişindən sonra nə dəyişib?
- Yeni gəlsə də, mən onu çoxdan tanıyıram. "Karvan"dan onun işinə bələdəm. Tələbkar məşqçidi. O da Lənkəranda uğur qazanmasını istəyir. Özüm də bura yayda gəlmişəm. Mirça Redniklə altı ay, Cüneyt Biçərlə üç ay işlədim. Ona görə də məşqçiləri bir-biriylə müqayisə etmək istəmirəm. Hərəsinin öz iş metodu var. Hər birinə ayrılıqda böyük hörmətim var.
- "Xəzər Lənkəran" ilk «üçlük»də yerin itirib. Çempionluqdn əlini üzmüsən?
- Hələ şansımız qalır. Qarşıda oyunlar var. "Altılıq"da bizdən əvvəlki pillərdə yer alan komandalar da xal itirə bilər. Fikrimiz uğursuzluq zolağından çıxmaq idi, "Neftçi" ilə oyunda qazanılan 1 xal xeyrimizə ola bilər. Növbəti turda qələbə qazanacağımız halda, uğurun ardı gələcək. "İnter"dən revanş almalıyıq. Ondan sonra hər şey yoluna düşəcək. «Xəzər»i çempionluq siyahısından silənlər varsa, yanılırlar. Kimin çempion olacağını indidən demək tezdi.