Rəylər
- 17.02.2012 / 0 şərh / 1730 -dəfə baxılıb
- Yay fasiləsində "Neftçi"nin baş məşqçisi postunda Arif Əsədovun Böyükağa Hacıyevlə əvəzlənməsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Çoxları, o cümlədən mən "Zəif" ləqəbli çalışdırıcıya belə bir etimad göstərilməsinin yanlış olduğunu düşünürdüm. Lakin zaman bizlərin yanıldığını göstərdi.
Düzdü, hələ mövsüm başa çatmayıb və Hacıyevli "Neftçi"nin titulunu qoruyub-qorumayacağı məlum deyil. Flaqman hazırda turnir cədvəlində lider olsa da, ən yaxın izləyiciləri ilə aradakı xal fərqi olduqca cüzidi. "Ağ-qaralar"ın zirvəni rəqiblərindən birinə təhvil verməsi üçün bir oyunda uduzması yetər. Lakin çempionluq əldən verilsə belə, Böyükağa bəyin "Neftçi"nin baş məşqçisi postunda artıq özünü təsdiqlədiyini düşünürəm.
Əksər hallarda məşqçinin bacarığı onun nailiyyətləri ilə ölçülür. Lakin fikrimcə, iddialı bir komandanın adına layiq futbol sərgilməsi daha önəmlidi. Və "Neftçi" bunu edir. Ümumiyyətlə, şəxsi fikrim belədi ki, bu gün premyer-liqada oyun planı baxımından rəqiblərindən açıq-aşkar üstün olan 2 komanda var: "Neftçi" və "Qarabağ". Bu kollektivlər çıxışlarını bu şəkildə davam etdirdikləri müddətdə mükafatçılar sırasında olacaqlar.
Böyükağa bəyin başçılıq etdiyi "Neftçi" Arif Əsədovun komandası ilə müqayisədə üstün, flaqmanın adına layiq futbol nümayiş etdirir. Halbuki Hacıyev gələndən bəri "ağ-qaralar" yeni transfer etməyiblər. Bu məqam komandanın hazırkı uğurlu çıxışının məşqçi işi olduğunu söyləməyə əsas verir.
"Zəif"in böyüklüyü komandasının hamıdan çox - 40 top vurub, turnir cədvəlinə başçılıq etməsi ilə məhdudlaşmır. Hacıyevin xarakter etibarı ilə həmkarlarından açıq-aşkar fərqləndiyi göz önündədi. O, yeganə məşqçidi ki, oyunsonrası mətbuat konfranslarını şablon sözlərlə yola vermir, hər kəlməsi bir olay olur. Bu, isə çempionatdakı intriqanı daha da canlandırır, rəngarəng edir. Təsəvvür edin, hər məşqçi özündə cəsarət tapıb, "Yəqin, Raab Foqtsun həmkəndlisidi" və ya "Starkova dedim ki, bu anonsdu, film hələ qabaqdadı" kimi ifadələr işlətsəydi, sönük çempionatımız nə qədər cəlbedici olardı. Əminliklə deyə bilərəm ki, meydandan kənarda deyilən sözlər futbolçuların motivasiyasına və paralel olaraq, oyunlardakı intriqanın artmasına birbaşa təsir edir. Amma təəssüf ki, yalnız Böyükağa bəyin ümidinə qalmışıq. Elə ona görə də Hacıyevli premyer-liqa daha maraqlıdı.