Rəylər
- 19.02.2012 / 0 şərh / 1676 -dəfə baxılıb
- AFFA açıqlayıb ki, sevimli Bertisinin çalışdırıdığı millimiz fevralın 27-də, Dubayın düz göbəyində Hindistanla qarşılaşacaq. Bu, ilk duelimiz olacaq. Oyunun maraqlı alınacağını güman eləmirəm. Hindistan indi Azərbaycandan da qat-qat zəifdi, Asiyada sayılmayan və seçiləsi halı olmayan rəqibdi. Elə buna görə də Elxan Məmmədov onlarla qarşılaşmağın zəruriliyini Foqtsa izah edə bilib. Ki, məqamdı, udaq, ad olsun ki, Ciminin həmyerlilərinə üstün gəldik.
Hindistan ekzotik yerdi. Oranın insanları hər iş bacarır. Orta nəsil azərbaycanlılar da bu diyarı əla tanıyır. Heç nə yox, bircə ağlamalı kinolarına görə. Yəqin eləyirəm ki, Elxan rəqibin futbol federasiyasına faks çəkəndə, uşaqlıq illərinin xəyalı ilə hərəkət edib. O illərdə qolundan yapışıb, kinoteatra aparıblar, saatlarla soyuq zalda oturub, Raç Kapurun, Midxunin Çakrabotinin, Amitabx Baçhanın göz yaşları içində boğulan sevgi macəralarına baxıb, həyatı bu cür tanıyıb. Yoxsa durub-durub, Hindistanla oynamağın məqbul olması fikrini Foqtsa qəbul etdirməzdi. Gör, AFFA kimlərin əlindədi, dağıl dünya, dağıl!
Millimiz həmçinin fevralın 24-də Sinqapur, fevralın 29-da isə Fələstin ilə yoldaşlıq oyunu keçirəcək. Hər üç rəqib FİFA-nın reytinq sıralamasında Azərbaycandan geridədi. İki yüzdən artıq ölkənin yer aldığı siyahıdan özümüzə ən zəifləri seçirik. Olacaq iş deyil. Bu, qəsddi. Azərbaycana, futboluna arxadan zərbəddi. Mənasız Dubay səfərinə xərclənəcək pulları ört-basdır etməkdi. Belə komandalarla oynamaq milliyə heç nə verməyəcək. Versə, versə, 5-10 min dollar verəcək. Əgər onda da udsalar. Əvəzində özləri nələr qazancaq, kim bilir…
Avropanın ən zəifi - Andorra Braziliya ilə yoxlama görüşü keçirir. Andorra qədər olmadıq yəni? Deyək ki, Braziliya bu oyuna gəlməyə görə 1 milyon dollar istəyəcək, AFFA-nın yoxudu? Yüz Fələstin kimi gücsüzlə qarşılaşana kimi, bir dəfə braziyalılarla üz-üzə gəlmək ondan mərifətli və qiymətlidi. Biz də bilərik ki, dördqat dünya çempionu ilə qarşılaşdıq, futbolçularımız onlardan nəsə götürdü. İspaniyanı Bakıya dartmağa pul tapırlar, Braziliyaya çatanda, quyu quruyur. Qurumur e, qurudurlar! Bu da bir taktikadı. Berti əkəni qorumaq taktikası. "Qoca"yla müqaviləni təzəlikcə yeniləyiblər, azarkeşlər isə narazıdı. Almanın qalmasına çalışan və nail olan şəxslərin ümdə istəyi zəif rəqiblər hesabına Foqtsun imicini düzəltməkdi. İynə ilə gor eşmək vərdişləridi.
Madam, Asiyanın ən başıaşağı komandaları ilə oynayacağıq, Elxan Monqolustana qarşı ayrı-seçkilik etməməlidi. Hindistanla siftə siftədi, monqollarla yox? Onlar Azərbaycana bir köynək daha yaxındı Azərbaycana. Yüzillər qabaq onların Batıxanı, Çingizxanı gəlib buralardan keçib, Elxan isə Midxunı, Şahruxxanı mavi ekranda görüb. Bu da bir tarixdi. Tanışlıq hesabına AFFA-nın baş katibi postuna keçən Məmmədova, bilmirəm, mən tariximi öyrədim, ya futbolumu. Belə görürəm ki, heç biri ona çatmır. Çatsaydı, nə Hindistana rəqib olardıq, nə də Braziliyanı misal gətirib, Andorraya həsəd aparardıq.