Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
22.02.2012 / 0 şərh / 1683 -dəfə baxılıb

Yaxın şərqin sülhməramlı elçisi - Berti Foqts (Yazı)

Millimizin budəfəki Dubay toplanışı yaman qalmaqallı oldu. Elə ilk gündən hamı bu haqda danışır, mətbuat bundan yazır. Söhbət təkcə ondan getmir ki, Berti Foqts çempionatın qızğın vaxtı millini bir araya gətirib Ərəbistana aparır. Onsuz da Foqts belədir, onun xasiyyətinə bələdik. Elə ki, qış gəldi, könlünə Dubay düşür. Sadəcə, öz cibindən pul xərcləmək istəmir və bunu AFFA-nın hesabına həyata keçirir. Bunun üçün isə Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışı təyin etmək kifayətdir. Son günlərin müzakirə mövzusu həm də o deyil ki, biz orada futboldan bixəbər, FİFA reytinqində 155-160-cı yerdə olan ölkələrə qarşı oynayacağıq. Daha bir mövzu da Foqtsun milli məşqçilərini Dubaya aparmaq təklifindən sonra ortaya çıxdı. Buna yazının içində toxunacağam.

Cənab Foqts AFFA-nın rəsmi saytına müsahibə verib. Müsahibə ilə tanış olandan sonra razılaşmadığım bəzi məqamlar oldu ki, onlara münasibət bildirmək istəyirəm. Foqts öncə millidəki azərbaycanlı köməkçisi Vəli Qasımovun gedişindən sonra onu əvəzləyən Nazim Süleymanovun təyinatı ilə bağlı açıqlama verib. Onun bəzi fikirlərini sizə təqdim edirəm: “Dubaydakı təlim-məşq toplanışına Nazim Süleymanov köməkçi məşqçi kimi gedəcək. Ona fürsət vermək istəyirik ki, komanda ilə birlikdə olsun. Onun məşq prosesini, futbolçularla necə işlədiyini görmək istəyirəm. Bilirəm ki, Nazim keçmişdə yaxşı futbolçu olub. Bu təlim-məşq toplanışında fürsətdən istifadə edib onun məşqçi kimi işini görmək istəyirəm. Şübhəsiz ki, biri-birimizlə açıq söhbət etməliyik. Qarşılıqlı inam olmalıdır. Nazim Süleymanov barədə çox müsbət fikirlər eşitmişəm, özüm də bunu görmək istəyirəm. Bu təlim-məşq toplanışından sonra bizim birlikdə işləyib-işləməyəcəyimiz məlum olacaq”.

Foqtsun bu fikirləri başdan ayağa anormallıqlarla doludur. Mən başa düşmürəm, məgər Foqts bir məşqçi kimi Nazim Süleymanovu tanımır ki, ona fürsət vermək barədə düşünür? Millinin baş məşqçisi deyir ki, onun məşqçi kimi işini görmək istəyirəm. Süleymanov ötən il ortabab AZAL-ı Avropa Liqasına çıxardı. Bu artıq onun məşqçi kimi özünü təsdiq etdiyini göstərir. Foqtsun məgər bundan xəbəri yoxdur? Digər tərəfdən almanı da qınamıram. Axı o Azərbaycanda olub ki, Azərbaycan çempionatını da izləsin, hansısa məşqçini iş başında görsün? İlin yarıdan çoxunu vətəni Almaniyada keçirən 64 yaşlı mütəxəssisin Süleymanovu, eləcə də digər məşqçiləri iş başında görməməsi tam normaldır.

Yazının girişində də qeyd etdiyim kimi, mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də millinin rəqib seçimidir. Biz nə qədər axtardıq, Dubayda qarşılaşacağımız millilərlə DÇ-2014-ün seçmə mərhələsində qarşılaşacağımız millilər arasında oyun planında bağlantı tapa bilmədik. Ancaq sən demə, Foqts tapıb. Yaxşısı budur gəlin əvvəlcə Foqtsun açıqlamasına diqqət yetirək: “İsrail millisi Portuqaliya və Rusiya yığmasından sonra qrupumuzda 3-cü güclü komandadır. Onlar sürətli futbol nümayiş etdirmirlər. Əsasən ayağa qısa ötürmələrə üstünlük verirlər. Dubaydakı təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağımız rəqiblər İsrail yığmasının üslubuna oxşar oyun nümayiş etdirirlər”.

İnsanları bu qədər də ələ salmaq olmaz axı. Sinqapur, Hindistan və Fələstin nə vaxtdan İsraillə eyni üslubda futbol oynayıblar? Axı onların oyununu harada görmüsünüz? Hindistanın kino çəkməkdən, Fələstinin isə müharibədən başı açılmır. Məgər onların oyun üslubu var? Hər şeyi qoyuram bir kənara, siz doğuşdan bir-birinin qatı düşməni olan İsraillə Fələstin arasında oxşarlıq tapdınızsa, daha sizə sözüm yoxdur. Deyəsən, Foqts BMT-nin sülhməramlı elçisi rolunda bu iki düşmən ölkəni barışdırmağı və Yaxın Şərqdə sülhü bərqərar etməyi düşünür. Əks halda o, israillilərlə fələstinlilərin oyun üslubunda oxşarlıq tapıb, sülh elçisinə bənzəyən açıqlama verməz.

Gələk əsas məsələyə. Söhbət Premyer Liqada iştirak edən 12 klubun baş məşqçisinin milli ilə birlikdə Dubaya yollanmaq təklifindən gedir. Bildiyiniz kimi, bu təkliflə şəxsən Berti Foqts özü çıxış edib. Onu da bilirsiniz ki, əksər məşqçilər bunu normal qəbul etməyərək, BƏƏ-yə yollanmaqdan imtina ediblər. Maraqlıdır, Foqts hansı məntiqlə bu təklifi irəli sürüb? Gəlin öncə onun fikirləri ilə tanış olaq: “Beynəlxalq səviyyədə klub məşqçiləri milli komandanın təlim-məşq toplanışını izləyirlər. Məşqçilər milli komandada çıxış edən futbolçularına qarşı münasibətin hansı səviyyədə olduğunu görür, hazırlığın necə getdiyini izləyirlər. Bu baxımdan “Unibank” Premyer Liqası klublarının məşqçiləri Dubaydakı toplanışda iştirak etsələr, özləri üçün nəsə öyrənə bilərlər”.

Foqtsun bu təklifi və təklifinə haqq qazandıracaq fikirləri insana qəribə gəlir. Birincisi, bəli, beynəlxalq səviyyədə klub məşqçiləri yığmanın düşərgəsində olub, məşqləri izləyirlər. Ancaq dünyanın heç bir yerində belə metod yoxdur ki, çempionatın qızğın vaxtında sən elitada oynayan bütün klubların məşqçilərini götürüb bir həftəlik BƏƏ-yə aparasan. İkincisi, yığmada futbolçulara qarşı münasibətin hansı səviyyədə olduğunu görmək klub məşqçisinin nəyinə lazımdır? Klub məşqçisinin öz klubunda yetərincə işi var. Onu bu işindən ayırmaq hansı məntiqə sığır? Futbolçu yığmada yığma məşqçisinin səlahiyyətində olur və orada ona qarşı münasibətin hansı səviyyədə olduğunu öyrənmək üçün millinin toplanışında iştirak etmək lazım deyil. Onsuz da orada hansısa neqativ hal olarsa, futbolçu klubunun düşərgəsinə qayıtdıqdan sonra bu barədə klub rəhbərliyini məlumatlandıracaq. Həm də klub məşqçilərinin Dubayda FİFA reytinqində 150-ci pillədən də aşağıda qərarlaşan komanda ilə oyundan nə öyrənəcəkləri mənim üçün çox maraqlıdır. Ən əsası, hər yerdə bu cür qəbul olunub ki, millinin baş məşqçisi klubların oyunlarına gedib, futbolçuların hazırlığını izləyir. Ancaq biz həmişə olduğu kimi, bu dəfə də inkişafın Azərbaycan modelini ortaya qoyuruq və Avropanın etdiyinin əksini tətbiq edirik.

İlk 3 bənddə Foqtsun açıqlamalarına qarşı çıxsam da, indi sizə təqdim edəcəyim açıqlaması ilə razılaşıram. Söhbət futbolçuların klublarının düşərgəsinə qayıtdıqdan sonra fiziki yorğunluqdan şikayətlənmələrindən gedir: “Əgər futbolçular milli komandanın təlim-məşq toplanışından sonra yorğun olduqlarını deyirlərsə, bu o deməkdir ki, onlar əvvəl yaxşı məşq etməyiblər. Hər il tibbi testdən keçirik. Oyunçuların göstəricilərinə görə məşq prosesi qurulur. Misal üçün, Bakıdakı 4 günlük təlim-məşq toplanışında texnika və taktika üzərində çalışırıq. Məşq ərzində cəmi bir dəfə dözümlülük qaçışı verirəm. Bu da həmişə olmur. 65 yaşımda mən də verdiyim tapşırıqdakı qədər qaça bilirəm. Əgər futbolçu həmin 4 günlük təlim-məşq toplanışından sonra klubuna yorğunluqla bağlı şikayət edirsə, deməli, həmin oyunçu əvvəl öz üzərində az işləyib, lazımi qədər məşq etməyib”.

Alman burada haqlıdır. Doğrudan da, hansısa futbolçu millinin 4 günlük toplanışından sonra klubunun düşərgəsinə qayıdıb yorğunluqdan şikayətlənirsə, o zaman günah həmin futbolçunun özündədir. Çünki öz üzərində işləyib, “artırmaq” istəmir. Ona görə də bir qədər artıq yüklənmə olan kimi, dözümsüzlüyü ortaya çıxır. Klub məşqçilərimiz, təcrübəli mütəxəssislər və veteran futbolçularımız da dəfələrlə deyiblər ki, indiki gənc nəsil öz üzərində işləmir, məşq bitən kimi, qaçıb yuyunmağa gedir.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.