Rəylər
- 22.02.2012 / 0 şərh / 1714 -dəfə baxılıb
“Antalyadakı toplanışın xeyirli keçdiyini düşünürəm. Çünki biz səfərdə güclü komandalarla üz-üzə gəldik, yoxlama oyunları keçirməklə yanaşı, beynəlxalq turnirə də qatıldıq. Mən “Xəzər Lənkəran”ın heyətində “Birlik kuboku”nda iştirak edib, qalib olmuşdum. Rusiyada keçirilən turnir o vaxt səviyyəli idi, indi isə zəifləyib. Odur ki, Kadırov turnirini daha güclü yarış kimi qələmə vermək olar”. Bu sözlər “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayevə məxsusdur.
Artıq uzun müddətdir ki, paytaxt klubunun formasını geyinən Abdullayev qısa müddətdə əsas oyunçuya çevrilib. Rəşad Antalya toplanışından sonra Bakıda “Sumqayıt”a qarşı keçirilən ilk oyunu da xarakterizə etdi. O, öz oyunlarını hələ tam göstərmədiklərini vurğuladı: “Düşünürəm ki, ilk hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Düzdür, nəticə bizim üçün uğurlu oldu, amma daha yaxşı oyun göstərməyə qadirik. Qış “transfer pəncərəsi” zamanı heyətə oyunçu cəlb olunmadığından, uyğunlaşma baxımından heç bir problemimiz olmayacaq”.
Rəşad “Neftçi”də bir neçə məşqçinin rəhbərliyi altında oynayıb. O, həm Vaqif Sadıqov, həm Arif Əsədov, həm də Böyükağa Hacıyevin dönəmində əsas heyət oyunçusu olub. Rəşad məşqçilər arasında fərq qoymaq istəməsə də, Böyükağa Hacıyev barədə danışdı: “Böyükağa Hacıyev futbolçulara sərbəstlik verir. Hacıyev oyunçuları sıxmır, psixoloji cəhətdən hazırlayır və deyir ki, çıxın oynayın. O məhz bizə güvənərək, qarşılıqlı inamı hiss edərək, həmişə iddialı açıqlamalar verir”.
Rəşad Abdullayev o futbolçulardandır ki, karyerası bir xətt üzrə inkişaf edir. Belə ki, Abdullayev klubda daim oynasa da, milli komandaya dəvət almır. Berti Foqts ən yaxşı vaxtlarında belə, ona etimad göstərmir. Yarımmüdafiəçi növbəti dəfə kənarda qalmasına belə şərh verdi: “Açığı, mən ondan dəvət gözləmirdim, gəlmədi də. Yəni bilirdim ki, çağırılmayacağam. Amma çağırsa, milliyə kömək etməyə hazıram. İndi də ortaya söz atılıb ki, guya boyum balaca olduğu üçün dəvət almıram. “Barselona”nın 160 santimetrlik oyunçuları “Bayer”in metrliklərinə sübut etdi ki, boy heç nədir. Foqts da yəqin ki, fəaliyyətinin ilk günlərində belə deyib, indi belə düşünməz. Dediyim kimi, bir azərbaycanlı kimi, milli komandaya kömək etməyə hər zaman hazıram. Amma dəvət olmasa, nə edə bilərik? Bizə öz klubumuzun heyətində baxımlı oyun göstərmək qalır. Gerisi inşallah, düzələr”.