Rəylər
- 22.02.2012 / 0 şərh / 1705 -dəfə baxılıb
"Rəvan" üzərində qələbənin ardından "Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgiyevski fikirlərini bölüşüb.
"Rəqib komanda da "altılığa" düşmək uğrunda mübarizə apardığından oyunun çətin keçəcəyi gözlənilən idi. Bu onların son şansı idi. "Rəvan"ın oyunları təhlil olunmuşdu. Adətən belə qarşılaşmalarda bir qol həlledici olur. İlk hissə ağır alındı, imkanlarımız olsa da, rəqib qapısına yola tapa bilmədik. Oyunun belə məcrada keçməsi komandamızda həyəcan və gərginlik yaratdı. Hesabı açmaq üçün tələsik oynamağa üstün verirdik. Bu zaman çox sayda səhvlərə yol verirdik. Buna baxmayaraq, Flavinyo fürsətdən yaxşı istifadə etdi. Çox şadam ki, vacib qələbə qazanmaqla yenidən liderliyimizi qaytardıq" – deyə, 32 yaşlı makedoniyalı futbolçu bildirib.
Georgiyevski hesab edir ki, indi çempionluqdan danışmaq tezdir: "İlk növbədə "altılığa" maksimum xalla yollanmalıyıq. Bunun üçün bütün oyunları qələbə ilə başa vurmalıyıq. Birinci yerdə qərarlaşsaq da, arxayınlaşmaq olmaz. Çempionun adı final mərhələsində müəyyənləşəcək. Titulumuzu qorumaq üçün əlimizdən gələni edəcəyik".