Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
22.02.2012 / 0 şərh / 4159 -dəfə baxılıb

Azərbaycan futbolunun Sovet dövrü (Yazı)

Uzun illər SSRİ-nin tərkibində yaşadığımızdan, mədəniyyətimiz, incəsənətimiz və kinomuzda olduğu kimi, futbolumuzda da sovet dövrü xüsusi yer tutur. Azərbaycanda futbol ötən əsrin əvvəllərindən etibarən yaranmağa başlasa da, öz mütəşəkkillik yolunu 20-ci illərdən sonra tapmağa başlayıb. 1920-ci ilə qədər futbolda heç bir ciddi nailiyyət qazanılmayıb. Yalnız 30-cu illərdən etibarən yeni-yeni yaranmağa başlayan komandalar SSRİ miqyasında keçirilən oyunlarda iştirak etməyə başlayıblar. Həmin dövrlərin məşhur komandaları daha çox zavod adlarını daşıyırdılar ki, bu da sovet ideologiyasının tərkib hissələrindən biri idi. Təbii ki, ölkəmizin ən tanınmış komandası “Neftyanik” olub. Hansı ki, bu komanda 60-ci illərin sonundan etibarən “Neftçi” adlanmağa başlayıb. Ancaq bugünkü yazımızda bu komanda barədə danışmayacağıq. Ümumiyyətlə, hansısa komanda yox, fərdlər haqqında söhbət açacağıq.

Keçmiş tarixə baxanda etiraf etməliyik ki, futbolumuz Sovet dövründə heç bir ciddi uğura nail olmayıb. Yalnız 1966-cı ili istisna eləmək olar. Bir çoxlarının fikrincə, həmin il Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb. Çünki “Neftçi” SSRİ çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb. 1966-cı ildə Bakı komandasının iki oyunçusu SSRİ yığmasının tərkibində İngiltərədə keçirilən dünya çempionatında iştirak edib. Onlardan biri - unudulmaz Anatoli Banişevski qol vurub. Qeyd edək ki, həmin dünya çempionatında sovet komandası ilk dəfə 4-cü yeri tutub. SSRİ-nin ilk yığmasında “Neftçi”nin 8 oyunçusu çıxış edib. Onlar bu komandanın tərkibində bir-birinin ardınca 76 oyun keçiriblər və 26 qol vurublar. Ancaq qeyd etdiyimiz kimi, təəssüf ki, bu, bizim Sovet dövründə qazandığımız ən böyük uğur olub. Bir sözlə, Azərbaycanın heç bir futbol klubu SSRİ çempionatlarında əhəmiyyətli uğur qazana bilməyib. Kollektiv oyundan fərqli olaraq, fərdi şəkildə daha böyük uğurlarımız olub. Bu mənada Azərbaycan sovet yox, hətta dünya futboluna da parlaq adlar bəxş edib. Onların arasında hakimlər Tofiq Bəhramov və Eldar Əzimzadə, məşqçi Əhməd Ələsgərov, qapıçılar Sergey Kramarenko, Aleksandr Jidkov, oyunçular Ələkbər Məmmədov, Anatoli Banişevski, Yuri Kuznetsov, Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Valeri Pançik (SSRİ-nin Olimpiya komandasının kapitanı), İqor Ponomaryov, Nazim Süleymanov, Vəli Qasımov və başqaları var. Hakimlər haqqında bir qədər sonra ətraflı yazacağıq. Öncə qısaca futbolçulardan danışmaq istəyirik. Məsələn, Anatoli Banişevski SSRİ səviyyəsində ad qoya bilib. O, yeganə bakılı olub ki, SSRİ millisinin aparıcı futbolçusuna çevrildi, dünya və Avropa çempionatlarının final mərhələlərində iştirak edib, hətta, dünya çempionatının bürünc medallarını qazanıb. Ələkbər Məmmədov “Neftçi”də oynamasa da, Moskva “Dinamo”sunun heyətində öz sözünü deməyi bacarıb. Onun məşhur “San Siro”da “Milan”ın qapısına 4 qol vurması isə uzun illər müzakirə olunub.

80-ci illərdə tanınan bakılılar da böyük uğurlara imza atıblar. Bunlardan İqor Ponomaryovun olimpiya çempionu olduğunu qeyd edə bilərik. Həmin illərdə “Neftçi”nin aparıcı futbolçusu olan İqor 1988-ci ildə SSRİ Olimpiya yığmasının heyətində Cənubi Koreyanın Seul şəhərinə yollanıb və Sovet futbolçularının heyətində olimpiadanın qızıl medallarını qazanıb. Düzdür, o, orada cəmi bir oyunda forma geyinib. İlk görüşdə ciddi zədə aldığından, finala qədər olan matçların heç birində meydançaya çıxmayıb. Bununla belə, milli üzvü kimi qızıl medalı boynundan asaraq, adını tarixə yazdırıb. Bakı futbol məktəbinin yetirməsi olan Valeri Pançiki də qeyd etmək olar. “Neftçi”nin əvəzolunmaz futbolçularından olan Pançik həmin dövrdə SSRİ-nin Olimpiya yığmasının kapitanı idi. Razılaşaq ki, böyük bir imperiyanın futbol üzrə olimpiya yığmasının kapitan sarğısını daşımaq hər futbolçuya qismət olmurdu. 80-ci illərin sonuna kimi isə Nazim Süleymanov və Vəli Qasımov kimi futbolçular üzə çıxııblar. Düzdür, futbolçuların karyeralarının uğurlu tərəfi daha çox ittifaq dağılandan sonrakı dönəmə təsadüf edib. Sadəcə olaraq, həmin məktəbdə püxtələşdikləri üçün adlarını çəkirik. Vəli Moskva “Dinamo”suna keçərək, oradakı ilk ilindəcə Rusiya çempionatının bombardiri adını qazanıb. Nazim Süleymaov isə “Alaniya”nın heyətində daha irəli gedərək, Rusiya çempionu tituluna sahib olub.

Sovet dövründə tanınan futbolçularımızın fərdi uğurları haqda danışarkən, iki oyunçunun qazandıqlarını xüsusi qeyd etmək yerinə düşər. Belə ki, Ələkbər Məmmədov dörd dəfə SSRİ çempionu, əməkdar idman ustası və əməkdar məşqçi adını qazanmış yeganə Azərbaycan futbolçusudur. Onun ən yaddaqalan uğuru 1955-ci ildə İtaliyada yerli çempion “Milan”ın qapısına bir oyunda vurduğu 4 qol olub. Anatoli Banişevski isə SSRİ çempionatında 136 qolun müəllifi olub. Banişevskinin SSRİ yığma komandasının 1966-cı ildə dünya çempionatında 4-cü yer və 1972-ci il Avropa birinciliyində gümüş medala layiq görülməsində xidməti az olmayıb.

Dünya çempionatının və olimpiadanın finalında azərbaycanlı hakim

Azərbaycan hakimlərinin töhfəsini də xüsusi qeyd etmək lazımdır. Hakimlərimiz Sovet dövründə böyük uğurlara imza atıblar. Nikolay Latoşevdən sonra futbol üzrə dünya çempionatında hakimlik edən ikinci Sovet hakimi Tofiq Bəhramov olub. Onun ən böyük uğuru 1966-cı il dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyununda olub. O, görüşün yan xətt hakimi (baxmayaraq ki, meydançada da hakimlik edib) olub. Əsas vaxt heç-heçə (2:2) başa çatıb. Bu final mundialın bütün tarixi ərzində ən maraqlı və dramatik oyun olub. Münasibətləri aydınlaşdırmaq üçün 90 dəqiqə kifayət etməyib, iki layiqli rəqib əlavə yarım saat ərzində kubok uğrunda döyüşü davam etdirib. Qarşılaşmanın 110-cu dəqiqəsində ingilis hücumçu Herst topu almanların qapısına göndərir. Top qapı tirinə dəyir, zərbədən sıçrayır və yerə düşərək almanlar tərəfindən küncə vurulur. Topun uçuş trayektoriyasını görməyən oyunun baş hakimi isveçrəli Dinst özünü itirir. Lakin dərhal bunun bütün məsuliyyətini üzərinə götürəcək adamı tapır. Dinst özünün yan xətt köməkçisinə işarə edərək, son sözü onun deyil, köməkçisi - sovet hakimi Tofiq Bəhramovun deyəcəyini bildirir. O isə bayrağı yelləyərək mərkəzi göstərməklə, İngiltərədə sevinc, Qərbi Almaniyada kədər doğurur. Almanlar onu əhatə edərək, bu qərara etiraz edirlər, lakin Bəhramov fikrindən dönmür. Oyun davam edir, hakimin əlavə vaxtın bitdiyini bildirən fitinə az qalmış Herst het-trik edir və görüş 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatır.

Matçdan sonra İngiltərə kraliçası Bəhramova “Qızıl fit” (həmin vaxtadək meydan hakimlərinə verilən mükafat) və “Qızıl ilahə”nin surətini verir. Bu gün yeni “Uembli” stadionunun muzey vitrinlərindən birində vüqarlı azərbaycanlının bürüncdən tökülmüş heykəli əbədi yerləşdirilib. Tofiq Bəhramov Avropa kuboklarının finallarına hakimlik edən ilk Sovet hakimi olub. 1972-ci ildə o, Argentinanın “İndependiente” və Hollandiyanın “Ayaks” klubları arasında qitələrarası kubok oyununda hakimlik edib. 2004-cu il oktyabrın 14-də Bakıda dünya çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan və İngiltərə yığmalarının görüşü ərəfəsində indi məşhur hakimin adını daşıyan stadionun girişində futboldakı xidmətlərinə hörmət əlaməti olaraq Bəhramovun abidəsi açılıb.

Digər məşhur hakimimiz isə Eldar Əzimzadə olub. Onun ən böyük uğuru 1980-ci ilin olimpiya oyunlarında futbol turnirinin final görüşünü idarə etməsi olub. Təsəvvür edin, olimpiya oyunlarının finalını. Halbuki azərbaycanlı hakimlər hazırda Avropa Liqasının heç birinci təsnifat mərhələsinə də təyinat almırlar.


 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.