Rəylər
- 23.02.2012 / 0 şərh / 2047 -dəfə baxılıb
- Berti Foqts Azərbaycan futbol ictimayyətini barmağına dolamaqda israrlıymış. Hər gün bir hoqq çıxararaq, bir şey uyduraraq bunu göstərir. AFFA rəhbərliyinin, xüsusilə baş katib Elxan Məmmədovun dünyanın heç bir millisinin baş məşqçinin görmədiyi dərəcədə onun nazıyla oynamasına və hər cür ixtiyar verməsinə vərdiş edən alman, bir-birindən absurd fikirləri, qərarlarıyla hər dəfə bizi təəccübləndirməkdə, mat qoymaqda davam edir. Bu ölkə futbolunda hələ ki, onu yerinə otuzduracaq başıpapaqlı tapılmadığından, günü-gündən də səlahiyyətlərini, daha doğrusu həddini aşır.
Ölkəmizə kefi çəkən vaxt, yığmanın düşərgəsinə sanki tətil keçirməyə gələn Foqts, daha istirahətini qışda Dubaya, yayda Almaniyaya saldırır. Unibank Premyer Liqasını çempionat saymır və təqviminə məhlə birinciliyi qədər də hörmət bəsləmir. Oyunlarını izləməyi isə özünə sığışdırmır. Klublarımızı həvəskar yerinə qoyur. Nə vaxt istəsə futbolçuları klubdan ayırmaq cürətinə malik millimizin baş məşqçisi, bu azmış kimi, artıq onların çalışdırıcılarını da sərəncamında görmək istəyib. Çox hörmətli PFL şefi Ramin Musayevin sözü olmasın, Berti müəllimin son mətbuat konfransında çıxışından belə başa düşmək olar ki, o, indi də Premyer Liqa komandalarının çalışdırıcılarına məşq keçməyi öyrədəcək!
Əlbəttə, özünə hörmət qoyan məşqçilər onun bu dəvətini çoxdan geri çevirib. Və Foqts kimilərinin onları dolamasını şəxsiyyətlərinə sığışdırası deyil. Müqəvvalar isə Dubaya getməyə məcburdu. Axı onların taleyi belədi - hər şeyə “baş üstə” deyib, razılaşmaq...Tsxadadze, Qurbanov, Yuran kimi mütəxəssislərin isə ilin bu vaxtı Dubayda şoppinq etməyə nə həvəsi, nə də vaxtı var. Çünki rəhbərlik etdikləri kollektivlərdə iş görürlər, o biri həmkarları kimi əmr yerinə yetirə-yetirə, vaxt uzatmırlar.
Bir yandan baxanda, müqəvva məşqçilər Foqtsun 90-ci illərdə ilişib qalan məşq prosseslərindən çox şey götürə bilər. Həqiqətən də onların buna ehtiyacı var.
Foqtsun daha bir gülünc fikri isə, AFFA tərəfindən ona köməkçi təyin edilən Nazim Süleymanovu Dubayda yoxlayacağı haqda dilə gətirdikləridi. Sanki, futbolçu yoxlayırmış kimi özünə köməkçi seçməsidi...Foqts, sanki aydan gəlib. Bəlkə özü də bilmədən, bu sözləri ilə milli çempionatımızdan nə qədər bixəbər olduğunu təsdiqləyib. Deməli, bu adamın ötən mövsüm Azərbaycan çempionatının kəşfinə çevrilən AZAL-ın baş məşqçisinin fəlaiyyətindən məlumatı sıfır imiş. Halbuki, məhz Nazim Süleymanovun rəhbərliyi altında özünü göstərən, Elşən Məmmədov və Aqil Nəbiyev kimi futbolçular yığmaya cəlb edilməyə başladı. Foqts isə etiraf edir ki, bu müddət ərzində Süleymanovun keçdiyi məşqlərin heç birini izləməyibmiş...Doğurdan da klubdakı həmkarlarıyla dialoq yaratmaq istəyən yığmanın məşqçisi üçün bu yolverilməz səhlənkarlıqdı. Və Foqtsun işinə necə başdansovudu, məsuliyyətsiz yanaşdığını göstərən növbəti arqumentdi.
İndi bu adamın ayağının dibinə, yəni basa-basa Ərəb Əmirliyinə gedən klub məşqçilərinə nə ad verəsən? Bir vaxtlar ölkəmizdə Dubaya gedən qadınlara pis baxırdılar. İndi isə Dubaya gedən məşqçilərə eyni cür hörmətsiz yanaşacaqlar...